Şeirlər - Tubu İMAN

 

 

Mən çaşıb qalmışam

 

Ağlatma sən məni bu gedişinlə,

Onsuz ağlayanı çoxdu dünyanın.

Arada nəzər sal, yaxşılıq eylə,

Gülüm, öz hökmü var bil ki, hər anın.

 

Səni düşünürəm biləsən necə,

Bax, yenə gözlərim buludlanıbdı.

Sənsiz taleyimin boynu bükülü,

Sənsiz arzularım yetim qalıbdı.

 

Qış ötdü, yaz keçdi, yenə gəldi yay,

Yenə də bəxtimə düşmədi bir pay.

Mən çaşıb qalmışam, nə çəkdiyimi

Daha sən hesabla, daha özün say...

 

 

Belə vəfasızlıq olmaz,

biləsən

 

Sənin sorağını özgədən aldım,

Özgələr gətirdi xəbəri səndən.

Qəmimi hesaba vurmaq istəsən

Xəbər al saçına tökülən dəndən.

 

Gərək mən əzəldən sonu biləydim,

Yolunu biləydim ayrılıqların.

Biləydim, biləydim gələn yolunu

Necə gözləyirlər vəfasız yarın.

 

Biləydim yuxusuz gecələr nədi,

Biləydim bu dərdi çəkirlər necə.

Fəsillər üstünə dəyişik gəlir,

Gecə səhər olur, səhərlər gecə...

 

Belə zülm etməzlər adama, zalım,

Ötən hər dəqiqəm kədər gətirir.

Zaman adladıqca biləsən səndən

Özgələr bir özgə xəbər gətirir.

 

 

***

Baş aça bilmirəm dünya işindən,

Min fikir bir borcu ödəyə bilmir.

Nədəndi aləmə dərs verən dilim

Özümə gələndə bağlanır, dinmir...

 

Həyatın körpüsü haçalı imiş,

Bilmirsən son anda hansın seçəsən.

Ürəyin gəlmir ki, boş qanunları

Alıb göz altına, üstdən keçəsən.

 

Bu ömür yolunu anlamaq çətin,

Qismətin nədisə yaşamalısan.

Bir insan ömrünün ağır yükünü

Gücün yetməsə də, daşımalısan.

 

Gərək bacarasan susmağı belə,

Dilini dişinlə sıxasan bəzən.

Çıxıb öz yolunla gedəsən elə,

Bilsən də nələrdi ruhunu əzən.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!