Dünya qayğılarından,
Tanış-biliş, qor-qohum,
ya sevgi uyğusundan
sıyrılıb şimşək kimi,
ayrılmağı bacardı...
Dövrü, dövlətiylə də
kəsdi ilişgiləri.
Şöhrət, hörmət, vəzifə
gördü ki, boşunadı.
Hamıyla haqq-hesabı
bitirib birdəfəlik,
yaşamağa başladı.
Milyarderlərin belə,
kəndinə qıymadığı,
ağla gətirmədiyi
keflər sürdü, yaşadı.
Sufi babalar kimi
"alçaq könüllü" oldu.
Hankı səmtə yürüsən,
Allaha doğru yoldu.
Cındırından cin hürkdü,
Gördü fikir də yükdü.
İçdi buz bulaqların
şır-şır axan suyundan,
Bağçalarda bayıldı
Çiçəklərin iyindən.
Cır meşə meyvələri
naharı, şamı oldu.
Şax-şəvəldən qurduğu
yatağı, damı oldu.
Gül-çiçəklə oynadı
kəpənək, arı kimi.
Ağaclara sarıldı,
həsrətli yarı kimi.
Hərdən də, quş quşladı,
ov ovladı özüyçün.
Çır-çırpıdan çatdığı
ocaqda kabab yedi.
"Nə qədər ki, sağam mən,
Şaham, sultanam" - dedi.
Bir gün mənsiz olacaq
Onsuz da, qoca dünya.
Guya ki, var olanda
almışdı vecə dünya?
Gələndə nə gətirdim,
gedəndə nə aparım?
Dünyamızın dadını
hər anımda taparım.
Yaşı əllini keçmiş,
Qəlbi uşaq qəlbidir,
Onun dayandığı yer
Himalaydan qəlbidir.
Körpə uşaqlar kimi
bulduğuna sevindi,
Hər anında var oldu -
Dəm indidir, dəf indi.
Köhnə velosiped də
tapdı bir gün özünə,
düşdü gözəlliklərin
cığırına, izinə.
Könlündən nə keçdisə,
Onun peşinə düşdü.
Gözündə nə güldüsə,
onun eşqinə düşdü.
Bir ay çobanlıq etdi,
bir ay odunçu oldu.
Bir ay şahmat oynadı,
bir ay tütünçü oldu.
Dağda kərənti ilə
ot da çaldı bir ara,
Canından axan tərə
dəyərdimi pul-para?
Ən gözəl musiqi də
təbiətin səsiymiş.
Ən ağıllı adam da,
bunu duyan kəsiymiş.
Məsciddə gecələrdi,
ya da karvansarada,
hərdən yoldaş olardı
bomju, avarası da.
Varlığa sevinərdi,
hər haya haylanardı.
Öz-özündən dəmlənər,
özündən hallanardı.
Yayda çayda çimərdi,
qış qarla yuyunardı.
Ürəyi təbiətlə
həmahəng döyünərdi.
Nə bir istəyi vardı,
Nə də ki, bir arzusu,
olmuşdu olacaqlar
hərisi, tamarzısı.
Sözə də sevinərdi,
Gözə də vurulardı,
Bu saflığa tuş gələn
özü də durulardı.
"Ruh bədəndən nə vaxtsa
uçacaqsa, indidən
ruhuma yardım edim,
niyə vaxtı ləngidim?" -
Sorğusuna varınca,
ucalmışdı gözündə
cücü, mücü, qarınca.
Nəfəsim də, ruhum da,
canımdan çıxacaqsa,
Sevdiyim hər şey məni
yandırıb yaxacaqsa,
qorxu-sorğularımdan
soyunub yaşamalı.
Yenidən bu dünyanı,
bütün bu kainatı
geyinib yaşamalı.
Dünyada əriməli,
dünyada kiriməli,
İlahi dərgahına
dünyadan yürüməli.
Hər şey sona doğrusa,
Hər şey "O"-na doğrudur.
Hər şey əbədiyyətə,
O bir ana doğrudur.
O bir anın sevgisi,
sonun sorağındayam.
Sonum Yeni dünyadır,
"SƏN"in sorağındayam.
Hər şey əgər "SƏN" isə,
"SƏN"də hər şey var isə,
axı nəyimə gərək,
"MƏN"im mənə dar isə.
"Hər şeydə varam" - deyib,
bu dünyayla barışdı,
Gözəllik aşiqiydi,
sevgilərə calaşdı.
Bu da, bir ömrün sonu -
Özünü tanıyandan
haqqı əyən olmadı.
Günlərin bir günündə
Qeybə çəkildi sanki -
O gündən bir də onu
"Gördüm" - deyən, olmadı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!