Mənim gözəl günlərə bir ümidim var... - Şeirlər. Elnur Astanbəyli

 

Tanışlıqlar

 

Ağac, ağac! Tanıdım səni -

başındakı quş yuvasından tanıdım;

Payız, payız! Tanıdım səni -

Quşların boş yuvasından tanıdım...

 

Dəniz, dəniz! Tanıdım səni -

torpağa küs gəmilərin

dalğın fitindən tanıdım;

Küçə, küçə! Tanıdım səni

fahişəndən, fanarından,

bir də itindən tanıdım...

 

Mavi, mavi! Tanıdım səni -

heyran-heyran baxdığım

göyün üzündən tanıdım...

Yarpaq, yarpaq! Tanıdım səni

yorğun-yorğun axdığın

suyun üzündən tanıdım...

 

Tütək, tütək! Tanıdım səni -

Bu üzütüpürcəkli dünyada

belə yanıqlı ötməyindən tanıdım...

Sevgi, sevgi! Tanıdım səni -

Dondurma aldığımız uşaqların

Bizə gülümsünüb öpməyindən tanıdım...

 

 

Mənim gözəl günlərə

bir ümidim var...

 

Hələ hər şeyin sonu deyil, ey dost,

ağacın yaşılı, göyün mavisi

sünbülün sarısı qalırsa hələ;

çoban tütəyində, aşıq sazında

yorğun havaları çalırsa hələ -

mənim gözəl günlərə bir ümidim var...

 

Çiçəklər açırsa, quşlar ötürsə

buludlar, ey dost,

buludlar yağırsa hələ;

uzaqda bir ana

arxamızca çayları, dənizləri

gözünə yığırsa hələ -

mənim gözəl günlərə bir ümidim var...

 

Ulduzlar göz qırpırsa hələ bizə

göylər

yastı-yastı təpələrə qar dənələyirsə;

axşam biz evə dönüncə qızımız

toppuş barmaqları ilə nar dənələyirsə

mənim gözəl günlərə bir ümidim var...

 

Hələ hər şeyin sonu deyil, ey dost,

günəş doğursa hər səhər

qara dağların ardından;

dünən də bir məktub aldıqsa

köhnə sevgilinin adından

mənim gözəl günlərə bir ümidim var...

 

 

Çiynim və oğlum

 

Oğlumu çiynimə qaldırdım

anasının gözlərində sanki şimşək çaxdı

hövlnak çəmkirdi üstümə:

- Yerə qoy, bu saat yıxacaqsan uşağı!

 

Ancaq oğlumun vecinə də deyildi

elə hey qışqırırdı yuxarıdan aşağı:

- Ata, ata, yanıma çıx,

bax gör adamlar necə alçaqdı!..

 

 

Bir sərxoşun

gecə yarısı monoloqu

 

Gecə yarı... şüşə yarı... beyqəfil

Soruşursan nə var, nə yox, necəyəm? -

Bir buludam - yağış dammaz... su dammaz...

Bir küləyəm - dolanıram sər-səfil,

Bir ağacam - budaqlarım budammaz...

 

Kövrəlirəm sükutlara, "sus!"lara -

Qonşuluqda qara köpək hürüncə....

Kövrəlirəm göydə uçan quşlara,

Kövrəlirəm cücərən ot görüncə...

 

Bir az məni özgə salıb gözündən,

Bir azca da öz gözümdən düşmüşəm;

Göz yaşımı qısqanmasın o bulud, -

Mən bu göyə yer üzündən düşmüşəm...

 

Lal olmuşam - sözlər çıxıb yadımdan,

Susmaqçünmüş bu ağızım, bu dilim;

Əlim əsir dan üzünün yelitək,

Deyirlər, çox içməkdəndi, nə bilim...

Unutmuşam yaxınları, yadları,

Unutmuşam ən doğmaca adları...

Nəsə... çox da uzanmasın bu söhbət, -

Qurban olum, o şüşənin içində

Bir az qalıb,

                        süz onu da içim də...

 

 

Bakıdan məktub

 

Sən gedəli Bakı yaman dəyişib,

Sozalıbdı, sınıxıbdı, əziz dost;

Göy üzüdü - quş uçmayan... buludsuz...

Boz çöllükdü - nə yağış var, nə yağmur...

Boş-boşuna gözləmişik yanvarı,

Bir işə bax, fevralda da qar yağmır...

 

Sən gedəli Bakı yaman dəyişib -

Bir-birinə saxta gəlir adamlar,

Parklarında saxta gülür adamlar,

Dekorativ ağacları çoxalıb;

Bir azcana sevgiləri seyrəlib,

Bir azca da tıxacları çoxalıb...

 

Binaları daha uca tikdikcə

Adamları aşağılanır, alçalır.

Day döyünmür... day döyülür ürəklər...

Sən gedəli, bilirsənmi, əziz dost,

Dəyişməyən bir şey qalıb Bakıda -

Yenə elə avaradı küləklər...

 

 

"Pis havalar"

silsiləsindən 3 şeir

 

1. Bıçaq

 

Küçənin ortasında

günün günortasında

gənc bir oğlan

üzüquylu yatır

asfalta dağılıb qanı.

Nəbzi ağır-ağır atır,

ancaq

sırtına saplanmış bıçaq.

Yenə nə vaxtsa

alma soyacaq,

kartof doğrayacaq!..

 

2. Müharibədən parça

 

Həmişə ərinin yaddaşsızlığından -

ad günlərini,

toy ildönümlərini

unutmasından gileylənən qadın.

Yaman narahatdır indi -

nə gündüzlər dincliyi var,

nə gecələr yuxusu.

Ona bir an olsun rahatlıq vermir

ərinin ayaqlarını

cəbhədə unudub

qayıdacağı qorxusu...

 

3. Divar saatı

 

Hərdən divar saatının

yerindən özümü asmaq

keçir ağlımın ucundan, -

bəzən boş zamanları

öz bədəni ilə

doldurmağı bacarmalı insan!..

 

 

Küləklər

 

Yenə kim qovub salıb küçələrin canına

bu dəli, bu sərsəri, bu bivec küləkləri?

Şaqqıldayıb qopacaq hardasa bir ağacın

ən iri bir budağı... o budaqla bərabər

uşaqların qorxudan düşəcək ürəkləri.

 

Hardasa... eh, hardasa bir küçə fahişəsi

yekəpər özgələrin ayaqları altından

küləyin dağıtdığı saçlarını yığacaq;

Hansısa lap köhnə bir nağıldan qopan igid

gündoğara çaparkən yıxılacaq atından. 

 

Hardasa toqquşacaq elektrik xətləri

yenə qısaqapanma... yenə işıqsız evlər...

Ancaq uşaq səsinə həsrət qalmış bir evdə

nə ər, nə qadın bunun fərqində olmayacaq -

onsuz da işıqsızdı bütün uşaqsız evlər!

 

 

"Getmə!"lər...

"Gəlmə!"lər...

 

Durmuşuq üz-üzə, hava soyuqdu...

Açıbsan yaxanı küləyə, qara -

Düymələr ağrıyır, gözümün nuru...

Bir barmaq yuxarı sağ döşün üstə

Döymələr ağrıyır, gözümün nuru...

 

Döymə necə döymə! Damğa misalı, -

O hər döymədəcə, hər damğadaca

Eh, nələr ağrıyır, gözümün nuru...

Təzə nə gəlirsə gəlsin başıma,

Eynimə də deyil...

                        cəhənnəmə ki!

Bu gün xatirimdə, bu gün yadımda

Köhnələr ağrıyır, gözümün nuru...

 

Necə zalımmışsan, bu soyuq gecə

Könlümə, köksümə sənin sancdığın

Tikanlar ağrıyır, oxlar ağrıyır,

İynələr ağrıyır, gözümün nuru...

 

Adını bir gözəl, göyçək xalıya

Toxumuşdu nənəm - mənim xətrimə...

İndi o xalıda, o xalçadakı

İlmələr ağrıyır, gözümün nuru...

 

Durmuşuq üz-üzə, hava soyuqdu...

Açıbsan yaxanı küləyə, qara;

Susmusan, susmuşam... dilimiz yoxdu -

Kəlmələr ağrıyır, gözümün nuru...

Getmişdin. Yaxşı yol!

                        Qayıtdın. Niyə?

Onca yalvarmışdım arxanca axı:

"Getmə... əgər getsən, bir daha gəlmə!"

Bəs nədi günahım,

                        indi dilimdə -

"Getmə!"lər ağrıyır, gözümün nuru...

"Gəlmə!"lər ağrıyır, gözümün nuru...

 

 

Sancı

 

Bu torpaq həmin torpaqdı,

min il əvvəl olduğu kimi

yenə...

                        yenə nə əkirsən bitirir -

ağac əkirsən bitirir,

çiçək əkirsən bitirir,

buğda əkirsən bitirir,

bircə -

ona basdırdığın

qardaşından başqa,

bacından başqa...

 

Bu radio həmin radiodu -

həmin dalğa, həmin səs!

lap biz uşaqkən olduğu kimi

yenə...

                        yenə qaranəfəs

hər şeydən xəbər gətirir

bircə -

ölümün əlacından başqa...

 

Bu yaz da həminki yazdı

göy üzünün günəşi həmin,

yer üzünün gülüşü həmin...

Hər bahar olduğu kimi

yenə...

                        yenə bütün ağaclar

yarpaqlayıb, çiçəkləyib,

bircə -

babamın əl ağacından başqa...

 

 

Atan gözüsulu adamdı,

oğlum...

 

Atan gözüsulu adamdı, oğlum,  -

Durduğu yerdəcə hönkürə bilir;

Oxlanır arabir bağrının başı,

Göllənir arabir gözünün yaşı -

Göllərin sonası ağladır onu...

Kövrəlir dağların göy dumanına,

Dumandan sonrası ağladır onu...

 

Atan gözüsulu adamdı, oğlum, -

Durduğu yerdəcə hönkürə bilir;

Dənizin mavisi, otun yaşılı

Sünbülün sarısı ağladır onu...

Bu zalım dünyanın, zulum dünyanın

Beşikdə bəbəsi,

                        qara qəbirdə

Qocası, qarısı ağladır onu...

 

Atan gözüsulu adamdı, oğlum, -

Durduğu yerdəcə hönkürə bilir;

Bu zalım dünyanın, zulum dünyanın

Daş altda gürzəsi qəhərləndirir,

Gül üstə arısı ağladır onu...

Vaxt olur lap elə sən dişdədiyin

Almanın yarısı ağladır onu...

 

Atan gözüsulu adamdı, oğlum...

 

Noyabr, 2018


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!