"Saçlarından tökülən günahı qucaqladım..." - Məhəmməd Turan

Şeirlər

***

Dodaqlarının bir öpüş yanğısı

                        vardı dodaqlarımda...

Öpdüm, keçdi, getdi...

Bir hənirtilik ehtirası var idi bədəninin...

Çəkdim içimə doyunca,

Çəkdim səni...

Keçdi getdi...

Bir baxışlıq alov vardı gözlərində,

Baxdım, külə döndü...

İndi isə...

İndi isə bircə bağ var aramızda...

Bir də toxunsam sənə qırılacaq o bağ da...

 

Əllərin üzülmür əllərimdən,

Ətrim sovuşmur tellərindən...

Məsum gözlərini qurut, yaş tökmə,

Dik saxla qamətini.

Mən utanaram,

Mən utanaram ikimizin yerinə...

***

Yağışdan islanmış skamyaların

tənhalığı var bir də...

Baxışı uzanar, qanı qaralar...

Ayağına sarmaşan

Alov dolu sarmaşıq

Saraldıqca saralar...

 

Çinar üstünə tökər yarpaqlarını

təsəlli kimi...

Sevişər skamyanın sinəsində

Bir cüt yarpaq...

Öpüşər... sevişər... qoxlaşarlar...

Sevinər skamya...

 

Otlar baxar aşağıdan yuxarı,

Qarışqalar cərgə-cərgə yol alar...

Su dəydikcə skamyanın üzünə

Alnı-üzü qırışlanar... qocalar...

Qocalar skamyalar...

 

Neçə qız qarıtmışıq

bu skamyalarda...

hamısı onların ahıdı-

tutur skamyaları...

***

Yenə hava qaralır...

Hər şey soyunur kölgəsini...

Quşlar da, ağaclar da, insanlar da...

Ən hündür binalar da...

Abırı tökülür torpağın..

Yenə başı açılır bu şəhərin...

Yorğun əllərini yanına salır...

Dənizi ləpələnir səngiyən alov kimi...

Ulduzlar lap astadan pıçıldaşır...

 

Səhəri sevmir bu şəhər...

Sığınıb gecənin qucağına

Yatır doymayana qədər...

 

Günəş sinəsinə şölə səpir

bir qədər sonra zəngli saat kimi...

Başını bulayır bu şəhər

Yorğana doymayan uşaqlar kimi...

 

Bir əlçim ümidlə

Qısılıb bir küncünə

Hələ də kimisə gözləyirəm, şəhər...

O gəlməyənləri unudub gedəcəm,

Gedəcəm harasa bir səhər...

***

Bilmədim düz elədim,

Ya səhv elədim, qadın...

Saçlarından tökülən

Günahı qucaqladım...

 

Ağıl yeri qoymadı

Başımda gül nəfəsin...

Bir öpüşdə qırıldı,

Qırıldı tutqun səsin...

 

Ya göylərin işiydi,

Ya da şəhvət kələyi...-

Ehtirasa qovuşub

Əsdi eşqin küləyi...

 

...Çiynimdə telin yanır

Qovruluram oduna...

Tüstüm çıxır, ha çıxır

Göyün yeddi qatına...

 

Belində toxtaqlaşar

Əllərimin ac gözü...

Sinəmdə saçın qalıb,

Sinəmdə öpüş izi...

 

Ulduzları saxlayaq,

Bu gecə Ay getməsin...

Bir az yuban, əzizim,

Qoy bu gecə bitməsin...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!