Kimsən, şeirimi yazan
Deyirlər, guya mən də şairəm,
Şeir yazıram az-çox,
Amma mənim bundan xəbərim yox.
Ömür darıxanda,
Təbim sözə baxanda,
Torpağın həvəsində,
Suların nəğməsində,
Yarpaqların payız xırıltısında itən səsimi,
Hərdən gözlərimdən sürüşən ümidimi,
Görüşə bilmədiyim özümü axtaranda,
Ürəyimin qapılarını döyürəm.
Eheyyy… Bu mənəm,
Şövkət Zərinəm, bəlkə tanıyan olar - deyirəm.
Yaddaş quyumun hücrələrində
Xatirələrim ilişib qalıbsa,
Uğursuz bir sevgi kağızda saralıbsa,
Hər nə var bir-bir sözə köçürürəm,
Ötən günlərin şəklini xəyalıma çəkirəm.
Şeir mənim, imza da mənim,
Amma, şeirimi kim yazır, bilmirəm.
Özü varkən gözə görünməz,
Axı, sən kimsən, nəçisən,
Bir gecə yuxuma en, yanımda qal
Evimə, odama işıq sal.
Dünyanın hər yerində bərqərarsan,
Qırıq ümidlərə şam yandıransan.
Kainat tutduqca işıqsan, sevgisən,
Şeir doğulmur sənsiz,
Şair, şair olmur sənsiz,
Kimsən, şeirimi yazan?
Beləcə qalaydıq
Milli ordumuzun şəhid mayoru Kəlbalıyev Səyavuş Hümbət oğlunun
xanımı Pərvanənin dilindən
Bir xısma yuxu kimi
Gözlərimə dolaydın,
Ərköyün balam bilib
Sənə layla çalaydım.
Bu görüşdən könlümə yenə sevgi dolaydı,
Gecə uzun olaydı.
Dayanaydıq üz-üzə
Zillənəydi göz-gözə
Baxışaydıq şübhətək, o əzəlki sevgilə,
O əzəlki həvəslə
Yenə vuraydı ürək
Küləklər əsməyəydi, yağış da dayanaydı,
Gecə uzun olaydı.
Ulduzların yuxusun qaçıraydıq gözündən
Sərxoş olaydım yenə
Bircə şirin sözündən
Dünyamız başdan-başa
Sevgiyə boyanaydı,
Gecə uzun olaydı.
Yuxuda oğrun-oğrun, xəlvəti gizli-gizli
Axıb dolaydı gözə,
Ay da göylərdən baxıb
Həsəd çəkəydi bizə
Nəfəsini qoxlayıb baş qoyaydım sinənə,
Nə ayrılıq, nə ölüm
Gəlməyəydi çiynimə
Gecənin zülməti də yerindəcə donaydı,
Gecə uzun olaydı.
Sinib bir-birimizə yuxulara dalaydıq.
O gecənin sonuncu
Qonağı biz olaydıq,
Kaş beləcə qalaydıq.
May 2022
Vətən yazılmamış əsərdi hələ
Məni də özünlə apar, ey külək,
O yerləri bir də qoxuyum, gəlim.
Səməndər quşutək od xəyallıyam,
Sonuncu nəğməmi oxuyum, gəlim.
Qurtaran xatirə kimiyəm indi
Tələs, bulud yaraq, dumandan keçək.
Dərin dəryaların, çayların üstdən,
Bir də həsrət adlı tufandan keçək.
Zəfər sevincindən mən də pay alım,
Torpağı oxşayım öpüşlərimlə.
Anamın qoynunda açım səhəri,
Evimiz isinsin gülüşlərimlə.
Məni də özünlə al, apar, külək
Ruhuma süzülsün meh sərin-sərin.
Xırdaca daşı da mənə vətəndi,
Halallığın alım itən illərin.
Kəhrizlər naxışın çəksin gözümə,
Bu da bir cür bəxtdir, qədərdi belə.
Nə qədər söz qoşsaq, dastan bağlasaq,
Vətən, yazılmamış əsərdi hələ.
Mənim anam
Divardakı şəkilinlə axşam-səhər
Titrək-titrək danışırsam,
Uşaq kimi kövrəlirəm, darıxıram,
Hərdən olur sənsizliklə barışıram.
Gözündəki o qayğılı,
Min suallı baxış mənəm,
Bulud-bulud dolub-daşan
Leysan mənəm, yağış mənəm,
Mənim anam!
Alnındakı cərgə-cərgə düyünlənən,
Necə ağır illər görən qırışınam,
Qədd-qamətli, əzəmətli duruşunam.
Bu vaxtacan qulağımda sırğa olan,
Səhər-səhər min qayğıyla
Bizi dərsə yola salan gur səsinəm,
Ağrılara-acılara məlhəm olan nəfəsinəm,
Mənim anam!
Gözlərinin nağıl-nağıl
Yuxusu mən
Saçlarının ətir saçan
Qoxusu mən,
Dilinin oxşaması, bayatısı, laylası mən
Əllərinin haqqa açılan
Duası mən,
Mənim anam!
Həyatda gözüm sənsən,
Ağrımsan, dözüm sənsən.
Hər nə yazıb yaratsam,
İlk Kəlməm, Sözüm sənsən,
Mənim anam.
O tükənməz sevginlə, şəfqətinlə,
Ana, məni mən etmisən
Ölməmisən, yaşayırsan özümdəsən
Mənim anam!
Uşaqlığıma
Fransa şeirlərimdən
Oturmuşam əzəmətli Eyfelin
Ətəyində,
Gözlərim dincəlir hər tərəfi tutan
Gülündə, çiçəyində.
Bayaqdan bir qız baxır mənə
Kiçik bir qızcığaz
Bahar yağışlarının arasından,
Bir dünya sevinc yağır
Gözlərinin qarasından.
Dodaqlarında bahar təbəssümü,
Üstündə Günəş şöləsi,
Gülüşü yağış səsi.
Sanki saçlarına yüklənmişdi
Şəlalənin su şələsi.
Hər damlasında təzəcə başlayan ömrün bir anı.
Bahara açmışdı körpə qollarını.
Çiçəklərlə əl-ələ,
Nəfəs-nəfəsə şərqi söyləyirdi,
Bahara,
Günəşə,
Suya xoş gəldin - deyirdi
Bir anda uzaq uşaqlığım gəlib kövrəldi,
İçimdə qərib bir şeir çiçəklədi
Baharın bu gül çağında nə isə çatmır,
Bu görüş könlümə yatmır.
Sinəmdə sönük bir ürək,
Başımda qırıq bir xəyal,
Üzümdə bozaraq payız havası,
Gözlərimdə bitməkdə olan bir ömrün sökülən yaşıl dünyası.
qanad taxa bilmirəm qırıq xəyallarıma,
Bir cığır, bir yol gəlmir ağlıma,
Çatam, baharın qucağında gizlənən
Şıltaq uşaqlığıma.
Gah şeirim ağlayır,
gah mən ağlayıram
İlk dərs günü, 15 sentyabr
ömür-gün yoldaşımın doğum günüdür
Yenə o dumanlı payız günüdür,
Vücudumu titrədib üşüdür.
Bu da gözləri ağlayıb qızarmış həmin sabahdı,
Gün o gün deyil, Allah o Allahdı,
Dəyişən zamandı, vaxtdı.
Hər payız qapı-pəncərəmi döyüb
Səni xatırladır.
Saatımızın da əqrəbləri o gündən bəri
Elə hey vaxtı öldürür.
Gah vaxt ağlayır, gah mən ağlayıram.
Dərs ilinin ilk günü, həm də sənin doğum günün,
Unuda bilmirəm bir-birinə qarışa
Sevincini o günün.
Qəfil qəm düşdü sevincimizə,
Kədər qarışdı.
Ölüm kabusu evimizdə dolaşdı.
Sənsizliyin qəm yükünü övladlarımızdan gizli
Tək daşıdım,
Səni, Sənsiz yaşadım.
Həsrət kösövilə sinəmi dağladım,
Həsrət ağladı, mən ağladım.
Səni ünvanlı xatirələrim içimdə yurdlaşıb,
Yaddaşımda daşlaşıb.
Hələ də yol gedirik qol-qola, əl-ələ,
Kövrələ-kövrələ.
Hər gün səmtinə yol salıram,
Gah xatirən ağlayır, gah mən ağlayıram.
Payız yenə buluduna dönüb
Kirpiklərimdən damcılayır,
Soyuq payız küləyi saçlarımı darayır,
Sənin əllərini xatırladır,
Hərdən qoyun-qoltuğuma dolub hönkürür,
Gah külək ağlayır, gah mən ağlayıram.
Qələmim, kağızım da, elə bil lal düşüb,
Duyğularım evimizin künc-bucağında xəzəltək bürüşüb.
Gözlərim şeir-şeir dolur axşam-səhər,
Gah şeirim ağlayır, gah mən ağlayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!