Bəy budaqlarım
(Ağacın dilindən)
1
Sərin ağlaşmaya ayıldım səhər,
Hardansa qəm geymiş bir avaz gəldi...
Durdum bir-bir saydım budaqlarımı,
O bəy budaqlarım yenə az gəldi.
Neçə bəy budağım şalğam olmuşdu,
Əlibaltalılar doğramışdılar.
Xanım budaqlarım xəbər tutmuşdu,
Bəy budaqlarımı ağlaşırdılar.
Üstündə əsdiyim, nazın çəkdiyim,
Erkək budaqlarım, bəy budaqlarım!
Qırğına düşdülər gecə yarısı
Yaşıl budaqlarım, göy budaqlarım.
Elə bil gəlibdi it nəfəsinə
Şərmi taleyimə qarğandı belə?!
Zalım baltasında zavala gəldi,
Neçə bəy budağım doğrandı belə.
2
İçimi yandırır odum
Hanı o bəy budaqlarım?!
Kimin yaxasından tutum,
Hanı o bəy budaqlarım?!
Kimlər dedi ağıları,
Burnumdadı qoxuları,
Mumlatdılar yağıları,
Hanı o bəy budaqlarım?!
Budaq yanan ocağa bax,
Budur yurda sadağa bax.
İt oynadan, qaraqabaq,
Hanı o bəy budaqlarım?!
Güləm - şaxıma gəlirlər,
Quşlar ahıma gəlirlər,
Bir-bir yuxuma gəlirlər,
Hanı o bəy budaqlarım?!
On səkkizdə xırdaları,
Gen kürək, dar ortaları,
Kor qalaydı baltaları,
Hanı o bəy budaqlarım?!
16.09.2022
Şəhid, Allah amanatı
Bizdən ayrılıb gedirsən,
Şəhid, Allah amanatı!
Güllü, bayraqlı gedirsən,
Şəhid, Allah amanatı!
Dava günü davalanan,
Nərə çəkib havalanan.
Dağda-daşda yomalanan,
Şəhid, Allah amanatı!
Yorulmusan dincəl, yavrum,
Qaşı çatma, teli qıvrım,
Paltar cırıq, üz-baş sıyrım,
Şəhid, Allah amanatı!
Ağacda bubbular qaldı,
Göl qurudu qular qaldı,
Silah dostun ular qaldı,
Şəhid, Allah amanatı!
Eşqdi Vətən həvəsi,
Qanın yurda su əvəzi
Harda verdin son nəfəsi?!
Şəhid, Allah amanatı!
14.09.2022
Səndən dolayı
Hər şey səndən dolayı -
qapımı qəm tanıdı,
Nə cür ki, yazanda
dəftəri qələm tanıdı
səndən dolayı.
Pəncərədən Aya baxmağım,
Hava almaq adına
kəndin dikinə çıxmağım
səndən dolayı.
Yadıma gəlir
qayada iki hərf oymuşdum,
arasına üstəgəl qoymuşdum
səndən dolayı.
Mən də eşqdən "bay" oldum,
hər ağzıgöyçək bir ad verdi,
Şirinləşmiş meyvə kimi
ürək sevgidən çat verdi
səndən dolayı.
Nazlı göyərçinləri dənlətməyim,
Adını çəkib içimi sənlətməyim,
səndən dolayı.
Hər addım - bir daş altdan,
bir daş üstdən - sirr yükü əyir içimi,
Dilim gödək oldu -
fələk kəsdi əlacımı
səndən dolayı.
Dilimə yalan çıxardanda
gözümün üzə durmağı,
"Gedək yarı görək" - deyib
ürəyin gözə yalvarmağı
səndən dolayı.
Bazarın gözəli - qırmızı alması,
Dəyir bir-birinə səs-səsə verir
dolabın qab-qacağı, qablaması
səndən dolayı.
Budaqların ucuna sağılır
yazda alçalar çiçək açır,
Durduğum yerdə məni ələ verir, -
arada nagahan bığım qaçır,
səndən dolayı.
Gözümün yol çəkmək vərdişi,
Birdən elə söyürəm
sağ yeri qalmır gərdişin
səndən dolayı.
Gül evindən götürüb
görüş yerinə qoydum -
güllərin yerini dəyişdim,
Ta sən görən deyiləm,
mən də düşdüm
səndən dolayı.
10.09.2022
Qum saatı
Ömrümüz qum saatıdır, -
Qumtək gözdən gözə axır.
Bir gözdə yaşın çoxalır,
Bir gözdə ömrün azalır.
09.09.2022
Sevgi izahı
Soruşur ki, heç yadına düşürəm?
Deyirəm mən nə edim ki,
atəşin yolu tətik-çaxmaqdan,
yada düşməyin yolu
yaddan çıxmaqdan keçir.
Bəxtəvər, sevilmək sarıdan
axar su üstə bitən ağac kimisən.
Bildinmi kim kimdir -
Sən ağac olan yerdə,
axar su sevgimdir.
02.09.2022
Gözün aydın olsun, Laçın
Muştuluq xəbərin gəldi,
Gözün aydın olsun, Laçın!
Dağıldı qara buludlar,
Gözün aydın olsun, Laçın!
Sevinir daşın, torpağın,
Gülür ağacda yarpağın.
Başının üstə bayrağın,
Gözün aydın olsun, Laçın!
Yol gözləyir gəncin, qocan,
Gül olacaq qapın-bacan.
Şadlıq edir Azərbaycan,
Gözün aydın olsun, Laçın!
Gözün aydın olsun, Laçın!
27.08.2022
Yaxının uzaqlığı
Səninlə körpünün əks üzləriyik,
Birimiz göy üzünə - çayı görmür,
Birimiz çay üzünə - göyü görmür.
Quşun dimdik ilə quyruğu kimi -
Köyə baxanımız şəhəri görmür,
Şəhərə baxanımız köyü görmür.
03.07.2022
Gedir
Çiynində uzun qarğısı
Kimdisə qarmağa gedir.
Əldə qab arıçı qızı
Qonşuya qaymağa gedir.
Bir qədirbilənə bağlan,
Qış aranda, yayı dağlan.
Ərgən qızla ərgən oğlan
Xəlvətə damağa gedir.
Yazmaqdan qolum alınır,
Get-gəlməzə yol salınır.
Bir qəmli hava çalınır,
Qəmlərim oynağa gedir.
08.07.2022
Çöl çiçəyi və şüşəli şəhər
Səndən yazmaq
bir qələmə gücdü,
masada iki qələm var,
Şəninə hansını əlimə götürsəm
toy padşahıdı elə bil,
qələmdə ayrı aləm var.
Ayağım yanına gələndə sürünür
bu qədər ürəksiz deyildim,
Ayrılanda heç getmir,
bu qədər də üzlü deyildim.
Yalanmış azadlıqdan dəm vurmağım,
içim də gedir kölən olmağa...
Bu qollar indi zəncirlik,
ayaqlar kündəlikdi.
Çöl çiçəyisən
tellərindən gələn ətir
həmərsinlik, iydəlikdi.
Özümdən xəcalət çəkirəm -
mis qab kimi paxırım üzə çıxır,
Bir vaxt nəyə dirəniş göstərmişəm
içimdən ona qarşı cida çıxır, nizə çıxır.
Döyüşsüz təslim olmuş
sərkərdəyəm, -
doğma şəhərim gedəndə
barmaq barmağa vurmadım,
qollarım şəhərimdən boşaldı.
Məğlubiyyətdən məmnunluqla
gözümüzü gizlədirik bir-birimizdən...
Acının şirin üzüdü
məğlubiyyətin bayramı.
Çöl çiçəyi,
masada iki qələm var,
biri sərkərdədən yazar,
biri fəth etdiyin şəhərindən.
Masada iki qələm,
biri acının şirin yerindən yazar,
biri şirinin acı yerindən.
Çöl çiçəyi,
fəth etdiyin hündür qalalı,
içi gül döşəli şəhərdi,
Amma sənə də asan olmaz,
fəth etdiyin şüşəli şəhərdi.
28.06.2022
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!