***
Doğma bir günün üzün unudarsan,
heç vaxt getməyən bir gələnin yoxdursa,
heç kimi gözləmirsən.
...qapın, pəncərən yol gözləyir
daş ürəkli buludlarda,
göy üzüylə dəniz arasında.
Dualar əlini üstündən çəkərsə,
arxasınca getmədiyin yollar
ata qarğışından ölər...
Ürəyini bir qəbrin ayağında basdırarsan,
daha bir kibrit çöpünə gücün qalmaz...
Qoy, çovğunlar bilməsin
xoşbəxtlik ağ gününə qar olmaqdır,
sevda gülləsindən ayrı düşməkdir.
...Heyif bilməmişəm
xoşbəxtliyi gözünü çıxarırmış
başını küçələrin sinəsinə qoyan yağışların,
əllərini közə basan ağacların...
Bir də ürək qızdırma, dostum,
qatar səsindəki sevdaların mərhəmətinə,
Hər sabaha üz qoyan ayrılıqlara.
***
Min illər səni luperkalianın
doğulduğu günə sevmişəm.
Bağışla, sevgilim,
hələ xoşbəxtliyini tanıya bilməmişəm.
Valentin yaşamadığım sevgi günüymüş...
Səni sevməksə ağlımdan
uzaq yerlərin səadətini itirmək...
Bilirsən, Rahibə şəkilləri imiş
kişi unutqanlığı, qadının tanrı gizlətməyi.
Kim görmədi ki, qadın kişinin
imperiya qisasından ölür...
Sənsə hələ 14 fevral kimi vurulursan mənə.
İndi ruzigarım yanan şəhərdə,
əllərimin külüylə ovuduram həsrətini...
Gümüşü sularda itən
xoşbəxtlik imiş, lələk qadın...
Görürsənmi Kişi süqutu
qadınlıq taxt-tacından başlayır...
Yenə də ağ daban sərhədlərin ölümünü
daşıyıram sənə doğru, qədim günün qızı.
Tibr suları üzərində,
Sevgidən şəhər sala bilmədim sənə.
Heyif əllərimdən yaxın ola bilmədim sənə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!