Elnur Uğur bu torpağın dadını-tamını canına çəkdicə canındakı o dad-tam sözə çevrildi. Çiçəkdən bal çəkən arı kimi o da iyirmi səkkiz illik həsrətdən, ağrıdan-acıdan, nəhayət, doyumsuz vüsaldan bal çəkib - söz balı. Şuşa səfərimizin yaşantıları yenidən ürəyimi titrətdi. Biz o müqəddəs yolu - Zəfər yolunu Elnurla, digər qələm dostlarımızla birlikdə keçdik. Şair dostum bu qeyri-adi yaşantıları öz içində fiksə edir, qeydlər aparırdı. Bilirdim ki, onun içini limhəlim dolduran duyğular misralara çevriləcək. Nə qədər xoşbəxt idik, İlahi! Bu xoşbəxtliyi bizə yaşadan Qalib Sərkərdə, Ali Baş Komandanımız İlham Əliyevə, Müzəffər Ordumuza - qəhrəman oğullarımıza təşəkkür borcumuz sonsuzdur. Elnur bu hisləri təxəllüsünə uyğun - uğurla sözə çevirə bilib. Şuşanın dünəni ilə bu günü arasında var-gəl edən şair "kamera"sı arabir səmaya tuşlanır. İlahi ədalət istəyi, qələbəmizə sarsılmaz inam və intiqam hissi! Elnur bir vətəndaş olaraq köksündə körüklənən duyğuları poetik boyalarla misralara köçürüb.
Poeziya bu gündən daha çox gələcəyə xitab edir. Dünya hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi həm də şairlərin, yazıçıların qələmində əbədiləşdi. Elnur Uğur da bu tarixi ədəbiyyatımızın yaddaşına yazmaq istəyənlər sırasındadır.
Kənan Hacı
Elnur UĞUR
Şuşaya gedən yollar
Şəhid ruhlarına söykənib Şuşa,
Səması ağappaq bir don geyibdi.
Şuşanın qoynunda qanla göyərən,
Azadlıq ağacı çiçəkləyibdi.
Bu həmişəyaşıl ağacın altda
Çoxlu qan-qada var xatirələrdə.
Hara baxırsansa şəhid evlər var,
Yurdlar fəryad edir qazi şəhərdə.
Üz-gözü didilmiş bu dilsiz yollar,
Qansız düşmənimin əməl işidi.
Tarixi min illik şəhər üzündə
Hər yara yağının bir əl işidi.
Şuşa sevgilərin ümid yelkəni,
Bütün arzuların başıdır Şuşa!
Şuşa qalasından boylan dörd yana,
Qarabağ üzükdür, qaşıdır Şuşa!
Şəninə o qədər xoş söz yaraşır,
Şuşa əzəmətim, Şuşa vüqarım!
Şuşa dağlarında düşmən dağladı
Hər biri cəngavər, dağ oğullarım!
Şuşa həqiqətdir, o həqiqət ki,
Ona pis niyyətlə baxana məzar.
Şuşada həqiqət danışar ancaq,
Şuşada yalanlar yeriməz,azar!
Şuşa, ey könlümün ibadətgahı
İyirmi səkkiz il dad dedin, Vətən!
Durna gözlü duru bulaqlarında
Özünə baxmadın öz gözünlə sən.
Səni zəbt etməyə can atan düşmən,
Yəqin,anlamadı bir həqiqəti -
Boğular qoynunda baxışlar belə
Coşsa damarında Türkün qeyrəti.
Şuşa elə şəhər, Şuşa elə yer,
Görməkçün gözlərin qüsullanmalı.
Şuşanı dərkə də idrak dumduru,
İnsanın batini tam pak olmalı.
***
Xəyalların ağuşu mehribandır Anatək,
Sən xəyallar şəhəri, ey ümid qalam Şuşa!
Anam Azərbaycanın döyünən ürəyisən,
Adına nə vardısa qəlbən layiq alqışa!
Söykəncəyindir sənin ölməz Şəhid ruhları,
Qazi yaralarından qan yox, məhəbbət axır.
O İsa bulağında çağlayan su deyil ki,
Torpağının altından sevgidir üzə çıxır!
Əziz Şuşa,can Şuşa daha azadsan, azad
Azadlığın Vətənin azadlığıdır demək.
Bu dağların qoynunda vüqarla dayanmağın,
Bu bəxtiyar varlığın yurd varlığıdır demək.
Vətənin harasından başlanırsa başlasın
Qəlbdən başlayan hər yol sənə, sənə gətirir.
Vətənə sevgimizin mayası Tanrıdandı,
Vətən imansızı da iman, dinə gətirir.
Ey eşqimə məbədim,alnımın səcdə yeri
Ey könlün qibləgahı, ey nüvəsi sevgimin,
Səndən güc alır andım, sənlə ucalır andım
Sənsiz böyüyə bilməz körpə səsi sevgimin.
Qazilərin əzası dəfn olunan ulu yer,
Şəhidlərin mübarək qan haqqıdır Qarabağ!
Gələcək tariximiz gələcək nəsillərə
İgidlikdən danışsa Şuşadan başlayacaq.
Şuşa igid,əyilməz sərt qayalar qoynunda
Özü boyda ülviyyət, cəsarət simvoludur.
Hər azəri oğlunun ürəyindən keçən yol
Bir yoldur o da Vətən, o da Şuşa yoludur!
***
Küçələr ağappaq duman içində,
Sirrini köksündə daşıyır Şuşa.
Ruhlar yuva qurub bir can içində,
Yenidən doğulub yaşayır Şuşa.
Bu könül bağında, bu eşq bağında
Hər çiçək bir Şəhid qanıdır açır.
Şuşa düşüncəmin azadlığına
Özü boyda bir nur, bir işıq saçır.
İşıq kölgəsində kölgəm böyüyür,
Yaşamaq gözümdə ucaldır adın.
Şükür gündən-günə ölkəm böyüyür,
Var olsun Vətən mən oldum-olmadım!
Şuşa, sən yarınlar yarısan,yarı
Sənsiz Qarabağ yox bu yer üzündə.
Qarabağsız Vətən çiçəksiz arı
Sən dürsən hürr yurdun bu hürr üzündə.
Sən Kürün Arazı, Xəzərin Kürü,
Sən yurdun qibləsi, qəlbin səcdəsi.
Qazi yarasından axan sevgisən,
Sən Şəhid eşqinin cənnət müjdəsi!
Hopur ürəyimə sevgidən qopan
Səsi məhəbbətin barı bülbülün.
Hər yarpağı rəng-rəng sevgidən açır
Neçə il həsrətli Xarıbülbülün.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!