Unutduğun qız mənəm - Gülayə

UNUTDUĞUN QIZ MƏNƏM

Unutdum mən, sevdiyim, məni unutduğunu,

Demirəm ümidimiz bitən yerdən başlayaq.

Yollara səpmişəm mən ümidimi yenidən,

Yenidən ümidimiz bitən yerdən başlayaq.

 

Özümü  yada salım, yaddaşın təzələnsin,

Dayandığın o  cığır, getdiyin o iz mənəm.

Mən  çoxdan unutmuşam məni unutduğunu,

Axı mən  necə deyim, unutduğun qız mənəm.

 

Mən necə deyim axı, naxışı gözəl deyib,

Üzümə baxa-baxa, unutduğun qız mənəm.

Mən necə deyim axı  baxışı gözəl deyib,

Gözümə baxa-baxa, unutduğun qız mənəm.

 

Aldatdın neçə kərə, yenidən aldat məni,

Sev məni gəl yenidən,  gəl, yenidən at məni.

Unut məni yenidən, sevirəm deyə-deyə,

Öldür məni yenidən,  yenidən yarat məni.

 

Yenidən asıl mənim üzümdən yuxu kimi,

Od tökülsün gözümə közündən yuxu kimi.

Yenidən asıl mənim  gözümdən yuxu kimi,

Yeniləşsin sevgimiz,  yenidən tanış olaq.

 

Yenidən  tanış olaq, tanıyaq bir-birmizi,

Səp könlümə, sevdiyim, yenidən, unut məni.

Bitməsin,  tükənməsin sevgimizin ömürü,

Yenidən sevim səni, yenidən unut məni.

 

BU ŞEİRİ BU GECƏ EDAM EYLƏYİN

Mən özüm yazmışam, əlim qurusun,

Doğru günahımdır, düz günahımdir.

Mən özüm yazmışam, öz günahımdır,

Bu şieri bu gecə edam eyləyin.

 

El köçər üstündən, köç ola bilər,

Hələ dediklərin  heç ola bilər.

Sabah açılanda gec ola bilər,

Bu gecə bu şeiri edam eyləyin.

 

Özgə havadadı, özgə haldadır,

Qaynayıb-qarışıb, qanıma yatmır.

Havası bu gecə canıma yatmır,

Bu  gecə bu şeiri edam eyləyin.

 

Bütün günahları yıxın boynuna,

Bir yerə baxsın qoy, bir göyə sarı.

Döndərin üzünü qibləyə sarı,

Bu şeiri  bu gecə edam eyləyin.

 

Ağrımdan, acımdan, ahımdan asın,

Çıxın o göylərə,  ruhumdan asın.

 Gözlərim görməsin, yuxumdan asın,

Bu şeiri bu gecə edam eyləyin.

 

Başıma dolanır, dönür başıma

Dumanı bu gecə, çəni bu gecə.

Məndən ayırmamış məni bu gecə -

Bu gecə  bu şeiri  edam eyləyin.

 

SÖZÜN BİTDİYİ YERDİR

Pozmadım mən sükutun sərhədini, səddini,

Nə biləydim zamanın ötüb getdiyi yerdi.

Ağlayıram indi də deyilməmiş sözümü,

Ağlayıram, sonunda sözün bitdiyi yerdi.

 

Yuyuram göz yaşımla tikələnmiş torpğı,

Köynəyimə bükürəm bükələnmiş torpağı.

Kündəsi bölüm-bölüm kökələnmiş torpağı

Gözlərimə köçürüb, gözümü ağlayıram.

 

Ağlayıram, görənlər ağlağansan deyirlər,

Güldürənlər, gülənlər ağlağansan deyirlər.

Gözüm üstə  ölənlər ağlağansan deyirlər,

Döyürəm axşam-səhər dizimi, ağlayıram.         

 

HƏLƏ OXUNMAMIŞ BİR MƏKTUBUM VAR

Özüm öz əlİmlə yola salmışam,

Keçibdir üstündən neçə qış-bahar.

Gedib ünvanına çatmayıb hələ,

Hələ oxunmamış bir məktubum var.

 

Bir ömür boyunca axtarmışam mən,

Yoxdur bu dünyada kimi-kimsəsi.

Bəlkə də yalandı yaranmayıbdır,

Gəlmir qulağıma poçtalyon səsi.

 

Bu məktub nağlını çıxart yadından.

Nə sən gələnlərin yolunu gözlə,

Nə də gedənlərin arxasınca bax.

Mən ki, gördüyümü belə görürəm,

O məktub heç zaman oxunmayacaq.

 

 

Nə səndən əvvəl var...

Sökül zülmətlərdən, sökül dan kimi,

Doğul ümidimdə, doğul an kimi.

Apar ayağına bir qurban kimi,

Başına dolandir məni vətənin.

 

Sən vətən qəmini, vətən dərdini

Mənim ürəyimə sar, mənə gəlsin.

Dolandır başına məni vətənin,

Nə dərdi-bəlası var, mənə gəlsin.

 

Başına dolandır məni vətənin,

Hər şəhid bu yolda bir tarix yazdı.

Uğrunda bir kərə ölmək nədir ki,-

Bir anda min kərə ölsəm də azdı.

 

 Dolandır başına məni vətənin,

Üzünə-üz tutum haqqın, düzlüyün.

Baş əyim önündə şəhid ruhların,

Öpüm qədəmini olümsüzlüyün.

 

Bir vəfa borcum var, adına qurban,

Bir anın borcunu verim barı mən.

Gedim saçlarıma büküm, bələyim

Yuvası dağılmış yavruları mən.

 

Gedim laylay deyım körpəliyimə,

Sıxım gözlərimə yaş beşikləri.

Gedib harayına çata bilmədim,

Gedim yırğalayım böş beşikləri.

 

Gül açsın üzündə ötən günlərin,

İllərin ömrünə il calayım mən.

Silim gözlərimlə  göz yaşlarını,

Qanlı güllələrə gül bağlayım mən.

 

Gəzdir səngərini, səmasını gəl,

Gəzdir qanadında məni illərin.

Gedim ürəyinə su çiləyim mən

Bağrı qana dönmüş qərənfillərin.

 

Başına dolandır məni vətənin,

Əridim köksümdə qürbət qarını.

Sarıla-sarıla öpüm, oxşayım,

Didərgin quşların qanadlarını.

 

Başına dölandır məni vətənin,

Deyim cismim, canım, sənlə ruhum tən.

Sən varsan ki, varam, sən yoxsan-yoxam,

Nə səndən əvvəl var, nə sonra, vətən.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!