Nə gözəl səslənir Şuşalı Vətən - Ramiz Qusarçaylı

 

 

Ad Şuşa adıdı,

yol Şuşa yolu,

Gün Şuşa günüdü,

il Şuşa İli,

Şuşanın içində Şuşa qurulur,

Şuşanın içində Şuşa tikilir.

 

Öpüb ulduzunu, öpüb ayını

Öpüb hər rəngini çəkir gözünə,-

Göyü, qırmızını, yaşılı Vətən.

Nə gözəl sayrışır Şuşada bayraq,

Nə gözəl səslənir Şuşalı Vətən!

 

Şuşanın içində Şuşa qurulur,

Şuşanın içində Şuşa tikilir,

"Şuşa, sən azadsan" təntənəsində,

Birliyin güçündə Şuşa tikilir,

Xalqın Qarabağa qayıdışında,

Tarixi köçündə Şuşa tikilir,

Yolboyu güllənən bağ yerlərində,

Əkində-biçində Şuşa tikilir,

Hər qaya, hər dağda Şuşa tikilir,

Külli Qarabağda Şuşa tikilir.

 

Yırtıb çadır-çadır şəhərcikləri

Abır şəhərinə qayıdır Şuşa,

Öpüb gözlərindən Xarıbülbülün

Cıdır şəhərinə qayıdır Şuşa.

 

Süzüb Xankəndini Xan şəhərindən,

Dikəlir yerindən Pənahəli xan,

Silir Natəvanın göz yaşlarını,

Hayqırıb Vaqifin məqbərəsindən

Bir-bir salamlayır yurddaşlarını.

 

Silkinib içindən kükrəyir Şuşa,

Başlanır şəhərin yeni erası,

Yerinə qayıdır Üzeyir bəyin

Dağları oynadan uvertürası.

 

Min bəstə üstündə tikilir Şuşa,

Şikəstə üstündə tikilir Şuşa,

Yerinə qayıdır Bülbülün səsi

Yerinə qayıdır Xan zənguləsi,

Çahargah nərəsi,

Segah naləsi.

 

Çıxır azadlığa damlanan damlar,

Damlanan qapılar,

o ah yerləri,

Silinir üzündən günah yerləri,

Hasarlar yerinə qayıdır indi,

Yenidən qurulur gorgah yerləri,

Məzarlar yerinə qayıdır indi.

 

Alıb bir-birindən yurd halallığı

Yerinə qayıdır binə daşları,

Alıb bir-birindən dərd halallığı

Yerinə qayıdır sinə daşları...

 

Yerinə qayıdır çəmənin ətri,

Yerinə qayıdır meşənin ruhu,

Yerinə qayıdır Vətənin ətri,

Yerinə qayıdır Şuşanın ruhu.

 

***

Minillik yerindən qopub divarlar,

Kərpicin kərpiclə bağ yeri yoxdu.

Daş var sinəsində yüz dağ yeri var,

Öpməyə üzünün sağ yeri yoxdu...

 

Muzeydə, məsciddə, qalereyada,

Vəhşi əməlləri,

vandal izləri.

Burdan nə qəbilə,

nə tayfa keçib,

Burdan donuz keçib,

hay donuzları...

 

Bu bağlar nə qədər zillət yaşayıb,-

Əyir budaqları quru heyvalar,

Quru budaqları ovudur külək,

Boylanır yollara şikəst ağaclar,

Alçalar qızarır qan damlasıtək.

 

Bu yollar nə qədər heyrət yaşayıb, -

Yumulan gözlərin son baxışları,

Ağaran üzlərin qan naxışları,

Yaralı səsləri, ölüm səsləri,

İrəli səsləri, hücum səsləri,

Qələbə səsləri, zəfər səsləri,

Cəngavər səsləri, hünər səsləri!

 

Hər daşın üstündə şəhid nəfəsi,

Hər daşın altında şəhid qanı var.

Şuşanın nəfəsi igid nəfəsi

Şuşanın ər şözü, hürr dastanı var.

 

Yenidən tikilib qurulur Şuşa,

Yenidən arınıb durulur Şuşa,

Qovuşur dalanlar, qovuşur tinlər.

Qovuşur məscidlər, kilsələr, dinlər.

Müqəddəs minarə, qocaman qüllə,

Xan evi,

Çöl qala,

Çuxur məhəllə,

Sadıqcanın evi,

Nəvvabın evi,

Xan qızı bulağı,

İsa bulağı,

Yenə güllü-güllü gülür Güllü bağ,

Muğam nəfəsli bağ,

muğam dilli bağ,

Boylanır cənnətin təmas yerindən,

Namusun, qeyrətin xilas yerindən,

Xofun, xəyanətin iflas yerindən,

Dərdini özünə danışır indi.

Əli yalın Şuşa, silahsız Şuşa,

Qəlbi təmiz Şuşa, günahsız Şuşa, -

Şuşanı bazara çıxaranların

Qara bazarına Bazarbaşından

Baxıb acı-acı qımışır indi...

 

***

Şuşa şəhər deyil, -

Azərbaycanın

Ürəyi içində sınan şüşəydi,

Bu nə oyunuydu başına gəldi

Bu nə vahiməydi,

nə əndişəydi?..

 

Bir ocaq başına yığılır indi

Yad əldə qovrulub alışan Şuşa.

Bağrının başından doğulur indi

Bağrı şan-şan Şuşa,

pərişan Şuşa.

 

Göz yaşı içində qan çeşmələri,

dünəndə qaldı,

Bakıda vəzifə çəkişmələri

dünəndə qaldı.

 

Muzdlular, quldurlar, quduz köpəklər,

Arxalı düşmənin bic oyunları,

Kənar zümrələrin iç oyunları

dünəndə qaldı.

 

Sorğular, suallar dünəndə qaldı,

Gümanlar, xəyallar dünəndə qaldı.

Donan hıçqırıqlar, donan nalələr,

Gecənin bağrını yonan nalələr,

Ağrımız, acımız, göz yaşlarımız,

Yurdundan didərgin soydaşlarımız

dünəndə qaldı.

 

Vətən qarşısında günahlarımız,

Günaha açılan sabahlarımız,

dünəndə qaldı.

 

Kükrədi zirvələr, coşdu dərələr,

Dağları lərzəyə saldı nərələr,

Gözündə, könlündə Vətən sevgisi,

Hər igid alınmaz bir səngər oldu,

Vətən başdan-başa səfərbər oldu.

 

Getdi cəhənnəmə erməni mifi,

Qaldı gözlərində istək-kamları,

Uçdu başlarına səngər yerləri

Yeraltı, yerüstü istehkamları.

 

Əzazil erməni quldurlarının

"Dağlarda toy" adlı əməliyyatı

cəhənnəm oldu,

Məkrli niyyəti cəhənnəm oldu.

 

Bütün millətlərdən gec doğulan da,

Bütün millətlərə öc doğulan da,

"Toy"suz doğulan da,

bic doğulan da,

Türkə toy tutmağa "məclis" qururdu, -

"Məclisin" məramı Şuşa işğalı,

Şuşanın süqutu,

itirilməsi

Başına oyunlar gətirilməsi…

cəhənnəm oldu.

 

"Dağlarda toy" adlı Şuşa döyüşü

"Dənizdən dənizə" hay xülyasının

İlkin təməliydi,

çin olmasıydı.

Varıb Xankəndidən İrəvanacan,

Varıb Ağrıyacan,

varıb Vanacan,

Erməni mifinin yayılmasıydı, -

cəhənnəm oldu.

 

Qayadan sürüşən ulu daşlara

Sarılıb bayrağı öpdü oğullar,

Torpağın ətrini gözünə çəkib

Şuşanı gözünə təpdi oğullar...

 

***

Şuşanın içində Şuşa qurulur,

Şuşanın içində Şuşa tikilir,

"Şuşa, sən azadsan" təntənəsində,

Birliyin güçündə Şuşa tikilir,

Xalqın Qarabağa qayıdışında,

Tarixi köçündə Şuşa tikilir,

Yolboyu güllənən bağ yerlərində,

Əkində-biçində Şuşa tikilir.

Hər qaya, hər dağda Şuşa tikilir,

Külli Qarabağda Şuşa tikilir.

 

Öpüb ulduzunu, öpüb ayını

Öpüb hər rəngini çəkir gözünə, -

Göyü, qırmızını, yaşılı Vətən.

Nə gözəl sayrışır Şuşada bayraq,

Nə gözəl səslənir Şuşalı Vətən!

 

2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!