Afşar Timuçinin şeirləri - Dilsuzun təqdimatında...

Görkəmli türk şairi Afşar Timuçin 1939-cu ildə Manisanın Ağhisar ilçəsində dünyaya gəlib. Atası azərbaycanlı (Bakı), anası gürcüdür ( Batum). Orta məktəbi bitirdikdən sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin fransız dili və ədəbiyyatı bölməsinə daxil olub. Təhsilini davam etdirmək məqsədilə 1967-ci ildə Kanadaya yollanıb. Monreal Universitetində fəlsəfə elmi üzrə doktorluq dissertasiyası müdafiə edib, 1992-ci ildə professor olub.

Afşar Timuçin elmi əsərlərlə yanaşı bir sıra şeir kitablarının ("Çöl" (1968), "Dastanlar" (1969), "Belə oxunmalı bizim türkümüz" (1974), "Ey mənim gözəl sevgilim" (1984), "Buludlardan dəniz ətri gəlir" (2002) və s.) və romanların ("Sabaha başlamaq" (1975), "Gecə gələn köhnə dost" (1980), "Sahillər" (1983) və s.) müəllifidir.

Əsərləri ingilis, fransız, ispan, rus və s. dillərə tərcümə edilmişdir.

Afşar Timuçinin yaradıcılığı dəfələrlə müxtəlif mükafatlara layiq görülmüşdür.

 

YOL TÜRKÜSÜ

 

 

Çək

    bəmbəyaz xəritələrə

                        bənövşəyi rənglə

heç görmədiyimiz

                   şəhərləri, kəndləri -

apar, oralara apar məni,

səninlə olsam,

                  sıxılmaram,

                                   gedərəm ...

 

Çək,

    çək bəmbəyaz xəritələrin

                           ən gözəl yerinə

sərgi salonlarını,

körpüləri,

meydanları,

qüllələri

və uşaq bağçalarını.

Çək,

    çək bəmbəyaz xəritələrin

                           ən gözəl yerinə

ən gözəl gündüzləri,

ən gözəl gecələri...

 

Səninlə olsam,

          tərəddüd etmərəm,

                              gedərəm,

çək,

o şəhərlərə,

     o kəndlərə gedən

         bir yolçu kimi çək məni,

əlimdə -  biletim,

ürəyimdə -  sevincim,

başımda - sevdam...

 

Nə çox qarışdıq

                 bir-birimizə -

bu əl hansımızın əli,

bu saç hansımızın saçı?

Apar,

     məni də apar

            bəmbəyaz xəritələrə

                        bənövşəyi rənglə

çəkdiyin yerlərə -

nə qorxu, nə ürkü,

nə kompas, nə durbin,

gedərəm, gedərəm...

 

 

BƏLKƏ

 

Bəlkə

    indi sən də

            mənim kimi

                        yapyalnızsan,

başının üstündə

     uçuşan quşlara baxırsan,

                                   fikirli-fikirli.

Bəlkə

    çiyninə nazik yaz atmış

         bir ağaca dikmisən gözlərini,

bəlkə

    türkü dinləyirsən,

            səsini çıxarmadan,

ya da

        bir şeir, bir hekayə

                    oxumağa çalışırsan,

kim bilir...

 

Bəlkə

    gözəllikdə misli görünməmiş

                          bir eşq düşünürsən,

bəlkə

   yerini dəyişirsən xatirələrin -

əvvəl olanlar axıra düşür,

axır olanlar əvvələ,

bəlkə

    açıldı deyə

            bir düyünü elə hey

qurdalayırsan,

            qurdalayırsan,

                        qurdalayırsan...

Bəlkə

    bunların heç biri deyil,

sadəcə, qəhvə içirsən,

sadəcə, alma yeyirsən,

sadəcə, saatına baxırsan

və düşünürsən:

bu əqrəb

     hara tələsir belə?

 

Bəlkə

   dustaq kimi,

              kölə kimi,

gələcəyi puç olmuş adam kimi

pis bir duyğu var içində?

Bəlkə

    özünü bağışlaya bilmirsən

mənim

       heç bilmədiyim

                         bir şeydən ötrü?

Bəlkə

    qırıq qatar kimi

                         yolda qalmısan?

Bəlkə

    hər şeyi unutmaq üçün,

        sadəcə, uyumaq istəyirsən?

Bəlkə

      sən də

            mənim kimi

                            yapyalnızsan?

 

HƏR ŞEYİ YALAN

YAZMIŞLAR

 

Hər şeyi yalan yazmışlar,

hətta nağılları da.

Sən mənə inan, çocuğum,

qorxma,

qan dənizi yoxdu göydə,

lap rahat uyu

                        səhərə qədər.

Gümüş Ay

yamyaşıl buludlarda batıb,

sapsarı günəş doğsun.

Gülüm,

       bənövşəm,

            ağkirpik çiçəyim,

oyanıb görəcəksən

qan dənizi yoxmuş göydə -

o qədər sevinəcəksən,

O qədər güləcəksən,

Sən mənə inan, çocuğum.

 

 

NƏĞMƏ

 

Axşamın min bir rəngi

qayıq kimi

yırğalanır ürəyimdə -

hanı gül bəyazı balıqlarım?

 

Qayıq kimi

          yırğalanır ürəyimdə

bütün yaşadıqlarım

və yaşamadıqlarım...

Xəyal bürüyür məni -

qismətdən

        bir az çox istəyirəm.

 

Quşlar uçub gedir içimdən,

yuva kimi bomboş qalıram...

Çarəm yox,

            qoşuluram onlara,

uçuruq, uçuruq

            uzaqlara, uzaqlara...

 

Birdən sevgimiz

qayıq kimi

      yırğalanır ürəyimdə -

dodaqlarına

            toxunur dodaqlarım -

çöl çiçəkləri

                          açır içimdə...

 

 

UŞAQ OLMAQ

 

Uşaq olmaq sənə yaraşır -

ayna sulara düşən

                  buludlarla oyna,

islat üstümü,

       kirlət əllərini,

ayaqqabılarının altı

        iki gündə yeyilsin ...

Uşaq olmaq sənə yaraşır -

gizlə sevincini,

gizlə

   sinəmə vurduğun qartopunu

oyuncaq sandığında.

Gizlə

      oyuncaq sandığında

ürəyimə vurduğun

      göyqurşağı kimi

           yeddirəngli yaranı...

Həp böylə çocuq ol,

                  incəcik saçlarında,

gözlərin dənizlərə bənzəsin -

sevdiciyim,

      uşaq olmaq sənə yaraşır...

 

 

ƏHMƏD, QARDAŞIM

 

Əhməd, qardaşım,

Gəl, gəl otur, bir danışaq

gəlməyən -

gözümüzün kökünü

        saraldan bahardan,

isti, uzun yaydan,

yamyaşıl rüzgarlardan...

 

Gəl, gəl otur bir danışaq,

içimizdə

      yarımçıq qalmış sevincdən,

duraq üz-üzə,

duraq göz-gözə,

görünməmiş zamanlardan

görünməmiş

            xoşbəxtlik biçək

                              hər kəsə...

 

Bu şəhər - qorxudanlar şəhəri,

Bu şəhər - qorxanlar şəhəri,

Bu şəhər - şübhələr quyusu,

düşən necə çıxacaq -

Əhməd, qardaşım,

Gəl, gəl otur, bir danışaq...

 

 

İLK YAZ

 

İlk yaz

     nə vaxt gəldi,

            nə vaxt getdi -

bilmədim.

Bir az əvvəl burdaydı,

bir kəpənəyin qanadında.

Bir topa çiçək kimi,

bir budağın üstündəydi -

gördüm.

Yamyaşıl

     yarpaqdan süzülə-süzülə

yayıldı yer üzünə...

Bir az əvvəl burdaydı...

Bir az əvvəl burdaydı...

Bir az əvvəl burdaydı...

İlk sevgi kimi...

 

ÇOCUQ TÜRKÜSÜ

 

Ata,

    aprel yağışları

            göylərin türküsüdü -

yağır narın-narın, ilıq-ilıq,

bir azdan günəş doğacaq,

nura qərq olacaq

                  oyuncaqlarımız...

Təkcə savaş olmasın -

kirlənməsin göylərimiz,

     kirlənməsin çərpələnglərimiz...

Savaş olarsa...

Tanklar əzər evciklərimizi,

toplar qaçırdar yuxumuzu...

Günəşimizi

       və Ayımızı söndürərlər -

işıq-işıq

      aprel yağışları

            qaranlıq-qaranlıq yağar.

Cəlladlar

       öz uşaqlarına apararlar,

              bəlkə də, portağallarımızı...

Amma onlar da uşaqdılar,

quş budağı yarpağından,

budaq quşu

                 tükündən tanıyar...

Rüzgar

      düşmən kəsilməz

                               rüzgara...

O uşaqlar, ölsələr də,

               yeməzlər o portağalları...

 

 

BU BİZİM ŞEİRİMİZDİR

 

Suyun axışına baxa-baxa qalırıq,

Gün sızır şəfəq-şəfəq, incə-incə.

Bir-birimizi

            təmənnasız sevməyə

                                       başlayınca,

Birlikdə

            bir almanı

                  dişlər kimi oluruq.

Günəşin altında

            irəliləyir karvan,

                                   ağır-ağır,

Burda dincələkmi,

gedəkmi bir az daha,

Yüz əsr

       sonranın şeirini

                        oxuyurmuş kimi,

Bir anda

            sonsuzluğa varırıq.

Üşüdən bu imiş

                      az öncə bizi,

İndi

    dənizin səsi ilə

rüzgarın səsi

                  eynidi sanki,

bu sənin saçlarınmı,

yoxsa

       aramıza girən

                        qara buludmu?

Suyun axışına baxa-baxa qalırıq,

Gün sızır şəfəq-şəfəq, incə-incə.

Bir-birimizi

            təmənnasız sevməyə

                                       başlayınca,

Birlikdə

            bir almanı

                  dişlər kimi oluruq.

 

 

QÜRUB ÇAĞI

 

Bir açıqlığa çıxaq,

                            bir nəfəs alaq,

Halım

           niyə birdən-birə

                                 oldu xarab.

Niyə

birdən-birə

            düşdü axşam,

Qaranlığı

gümüş rənginə

               boyadı mehtab.

 

Oturub

        arxayın-arxayın

                        danışsaydıq,

Sevişmək,

            necə olsa,

                   yenə olacaq,

                                   pis-yaxşı.

Bir

    ihlamur ətri

            yayılarkən otağımıza,

Hər şeyi

            yaxşı-yaxşı

                        düşünsəydik:

ölümü, incikliyi... ən başda

bütün

       əyər-əskiyimizə

                        gülüb keçsəydik.

Bəlkə də

        boşa keçib

                        bunca zaman,

Bu da

      bir cür

            keçib getmə duyğusudur,

Nə gözəl olardı,

            hər şeyə yenidən başlasaq...

Amma

       nə etsə də

              budağın yanına

                                   qayıda bilməz

Rüzgarın əlindən

                        yapışan yarpaq...

 

AXŞAM XATİRƏSİ

 

Yorğun bir gün keçirmiş

Əllərin uyudu əllərimdə.

Yorğun bir gün keçirmiş

saçların uyudu

       üzümdə, çiyinlərimdə...

Yorğunluq

mənə nələri anlatmadı ki?

 

Ürəyimin döyüntüsünü duydum,

qəlbimin ən dərinində.

Yol bitməsin,

            istədim lap uzansın,

Uzansın qaranlığa, qaranlığa...

 

Gözlədiyimiz oldu...

Dəniz çalxalandı uzaqda,

Ay əl eylədi

                     iki sərsəriyə,

İrili-xırdalı

                bütün ulduzlar,

nur çilədi sevgimizə...

 

 

AXŞAM KOMPOZİSİYASI

 

Kölgəm ol və arxamca gəl,

gedək

      kimsələrin olmadığı yerə -

gözəldir

       nəm və tənha sahillər indi...

 

Ya da mən sənin kölgən olum,

dursan, - durum,

                        getsən - gedim,

ayaqlarının izi,

corablarının

            alacalı yaşılı,

beynindəki düşüncə,

ürəyindəki qara sevda,

yuxularındakı həsrət,

kim nə desə,

            məni göstər,

                        çəkinmə.

 

Xırçın-xırçın dənizlərə,

getmək istədiyin hər yerə,

İstəyərək, güvənərək

      həp məni götür, özünlə,

çəkinmə.

 

GÖZLƏYİŞ

 

Sevdiyim

bəmbəyaz bir gül topası,

kim bilir,

            neçə yüz ilin

                        gülşənindən.

 

Hardansa səsin gəlir,

ətir-ətir,

kim bilir,

            neçə yüz ilin

                        gülşənindən...

 

Necəsən,

hardan çıxdın,

Doğrudanmı,

            geri döndün, gəldin,

Sən idinmi

            o olmasa da olan kimi

                                   görünən.

 

İndi

     yosun gözlərin gözlərimdə,

min bir rüzgarla rüzgarlanır,

kim bilir,

      neçə dünyanın dənizindən.

 

Afşar TİMUÇİN

 

Hazırladı:

Dilsuz

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!