"Zəfər günü"nün dərsi
Bu gün dərs günündü, nigaran olma,
Yenə hər qədəmin sevinclə dolar.
Barı xatirəmi özünlə götür,
Əyani vəsait gərəyin olar.
Əyani vəsait gərəyin olar
Leylidən, Məcnundan danışan yerdə.
Dadına yetişər qəfil zəng səsi
Yenə xəyalların qarışan yerdə.
Dilinin ucunda tumurcuqlayan
"Hamı yerindəmi" sualın hazır.
Gecikən biri var, yəqin hələ də
Hardasa məhəbbət məktubu yazır.
"Qayıb" işarəsi yazma sən ona,
Bu dəfə bağışla, keç günahından.
Bir az mənə çəkib anası ölmüş,
De, keçmək olmazmı heç günahından?
Xatirəm boylanır hansı partadan,
Hansı sıradadı, de, yerim mənim?
Məktəb yollarının xatası haqda
Varsa bir sualın, de, cavab verim.
İlk mövzun yəqin ki "Zəfər günü"dür,
Son mövzun yenə də qoy Zəfər olsun.
Arzumdu, çıxdığın bütün səfərlər
Həmişə sevincli bir səfər olsun.
Nəriman Həsənzadəyə
Gəncəyə gəlmişəm, Nəriman qağa,
Bitmişəm önündə Pedinstitutun.
Yuxarı qalxmağa ayağım getmir,
Qoluma girməyi, de, kimdən umum?
Yetə bilməsəm də ucalığına,
Özünə çəkibdi ürəyim olsun.
Baxıb kövrəlmişdim əldə əsana,
Göndər, qoy mənim də gərəyim olsun.
Burda tanış olduq o qızla bir vaxt,
Bil ki özün kimi təzə-tər idik.
Bir vaxt tək qalxdığın pilləkənləri
Biz qoşa enməyin bəxtəvəriydik.
O da gəncəliydi, bu, sirdi, şair,
Varlığım önündə əsirdi, şair.
Bir sözüm var idi ona deməyə,
Sıxıntım yarıda kəsirdi, şair.
Gördüyün çinara baxıb qalmışam,
Bəlkə bu çinarda ola bir soraq...
Bəlkə telefonu düz verməmişəm,
Bəlkə yanlış yığıb? Təsəlliyə bax...
Neyləyim, sozalır ümid deyilən,
Dünya xəyal kimi gözümdən itir.
Özün də bilirsən, ürək çəksə də
Dəvətsiz görüşlər nə sayaq bitir.
Vağzala qədərdi, özün bilirsən,
Əzəldən açılmaz sirdi yolumuz.
Fərqli yollar ilə gəllik Gəncəyə,
Vağzala çatdıqmı, birdi yolumuz.
Burdan o evəcən on addım yol var,
"Gəlmişəm" deməyə bağlıdı dilim.
Sədləri keçməyin neçə yolu var?
Sənə tanışdısa, de, mən də bilim.
Necə ovutmusan bu illər boyu
Yaddaşı göynədən qəhəri, qəmi?
Halımı fərq etməz parkda ağacın
Başın ayağına calayan əmi...
İnsafmı ömrümüz Gəncə çayının
Quruyan suyuna qoşulub getsin?
Qəlbimi bu yerdə dəfn elədim ki,
O qız xatırlasa, ziyarət etsin.
Buludu ötməyən səma kimiyəm,
Hesab et sən məni o çağın kimi.
Biləydin qəlbimdə kimdi üşüyən,
Biləydin isidir ocağım kimi...
***
Bir yaz havası idi, keçdi... Payızlar gəldi,
Xatirələr üstümə ürəyi sızlar gəldi.
Sən getdiyin cığırla bir özgə qızlar gəldi...
Gəlib də bir viranə, boş gördülər könlümü.
Sənli xatirələrlə xoş gördülər könlümü.
Sənintək gəlmədilər, ovuda bilmədilər,
İstəklər ayrı oldu, ayrı oldu diləklər.
Yenə yolunu gözlər, yenə yolunu bəklər,
Havana qanadlanan quş gördülər könlümü,
Sənli xatirələrlə xoş gördülər könlümü...
Yağışlı havalarda göz yaşları bilinmir,
Gəl də göz yaşlarımı yağış suyu bilib sil.
Arxamda bir daş oda, önümdə taxta mənzil,
Öz ömrünü şumlayan xış gördülər könlümü,
Sənli xatirələrlə xoş gördülər könlümü.
Bu sevgi dünyasına yeni bir libas biçdim,
Xəyalın olmasaydı, onu bil ki, bir heçdim.
"Bütün keçilməzləri sənin adınla keçdim",
Ha ayağa verdilər, baş gördülər könlümü,
Sənli xatirələrlə xoş gördülər könlümü.
Yenə də
Şəkli sən çəkirdin, şəklə dönən mən,
Nə xoş qəza idi başıma gələn.
Bu dəfə dərdindən mən idim ölən,
Bu dəfə qurbanın olan mən idim.
Halımı gözünlə sorub baxırdın,
O zərif boynunu burub baxırdın,
Sən yenə zirvədən durub baxırdın,
Mən yenə kölgənlə qoşa, tən idim.
Bir də bu sevinci hardan taparam?
Yenə ağlı alıb huşu aparan,
Yenə də qəlbimdə tufan qoparan
Sən idin, sən idin, yenə sən idin...
Xoş anın olmayır
Boğazdan keçmirsə dünya, içirsən,
Badə arxasınca süzülür badə.
Sıxırsan ovcunda günahgar kimi,
Əlində can verir, üzülür badə.
Bir-bir yada düşür ötən günlərin,
Qədəh gah gül açır, gah xəzəl olur.
İçirsən, boğazdan keçmirsə sözlər,
İçdikcə bu dünya nə gözəl olur.
Boğazdan keçmirsə ömür, içirsən,
İçirsən o ötən günə dönüncə.
Dünya qoz qabığı kimi görünür,
Xoş anın olmayır bu it gününcə...
Bir xəbər alarsan
Bir xəbər alarsan, gizli yer olmaz
Dolan gözlərini siləsən, qadam.
Altından çıxmağa bu ağırlığın
Gərəkdi yolunu biləsən, adam.
Gərək iş görürmüş kimi özünü
Kənarda tutasan doğmalarından.
Mətbəxdə vurnuxub qalasan elə,
Görəcəyin işlər çıxa yadından.
Çəngəlin, bıçağın səsinə gərək
Qatıb da boğasan hıçqırağını.
Durub ev süpürüb, qab yumaq ilə
Sən yola verəsən könül dağını.
Bəlkə də sonuncu yazımdı sənə,
Nə qəlbin sıxılsın, nə gözün dolsun.
Sənə əmanətdi xatirələrim,
Bacar ki, nəzərin üstündə olsun.
Həyatın qanunu belədi, qadam,
İstəklər həmişə köndələn olur.
Haqqı bu dünyada gec tanınanın
Bil ki, bəd xəbəri tez gələn olur.
Qadasın aldığım
Gəncə yolları
Bilmirəm o mənə, mən ona yolam,
Bilmirəm o mənə, mən ona qulam...
Mənə ömür boyu vəfalı qalan
Qadasın aldığım Gəncə yolları...
Ürəklər qızılsa, qaşından keçir,
Dolanıb ömrümün başından keçir.
Bir az da gözümün yaşından keçir
Qadasın aldığım Gəncə yolları.
Ayaq ağrıtmadı, dizə vurmadı,
Xəncər qucamadı, nizə vurmadı,
Ağaran saçımı üzə vurmadı
Qadasın aldığım Gəncə yolları.
Könül bağlamadım qeyri yollara,
Caladı yolumu xeyli yollara,
Heç vaxt tuş etmədi əyri yollara
Qadasın aldığım Gəncə yolları...
Şəhid qadınları
gördüyü yuxu
Dilimdə "Dönəcək" kəlməsi bitib,
Yetərmi balanı inandırmağa?
Barıt qoxusu var kibrit çöpündə,
Qorxuram adına şam yandırmağa.
Önündə suala dönüb qalmışam
Bu qədər təsəlli verən dillərin.
Çölündən baxıram, bu ev mənimdi,
İçindən baxıram, xatirələrin.
Qaldım ümidinə təsəllilərin,
Dəyişdi gözümdə bil ki, dağ, aran.
Məzarın önündə susdum, dinmədim,
Qorxdum oyanarsan, ağrıyar yaran.
Son dəfə bürünüb gəldiyi bayraq
Bil ki, təsəllidi, öpər, qoxular.
Bitər Peyğəmbərin təbəssümüylə
Şəhid qadınları görən yuxular.
Şairlər belə olur
Şəhriyar del Geraninin şeirinə bir oxucu şərh yazıb ki, çox kövrəksiniz, şairlər belə olur?
Cavabı mən yazmışam.
Şairlər belə olur, əmr qulları kimi,
Bir cənnətlik şəhidin kəsik qolları kimi.
Hüseynin Kərbəladan keçən yolları kimi
Şairlər belə olur, belə olur, belə, bil...
Yüz il keçir ömürdən, körpəcə uşaq qalır,
Döyülüb bərkidikcə ürəyi yumşaq qalır.
Sevğisi ümid verir, qəlblərə qurşaq qalır,
Şairlər belə olur, belə olur, belə, bil...
Öldükcə dirilir o, sevdikcə sevilir o,
Bir xoş baxış önündə əyilir, devrilir o.
İblis doğulsa belə, mələyə çevrilir o,
Şairlər belə olur, belə olur, belə, bil...
Füzulidə ah çəkir, Nəsimidə soyulur,
Nə həzm eləmək olur, nə də ondan doyulur,
Tabuta, məzara yox, ürəklərə qoyulur,
Şairlər belə olur, belə olur, belə, bil...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!