Döyüşü vətən udub - Şeirlər. Əbülfət MƏDƏTOĞLU

 

 

Şəhid anasının

mənzərəsi...

 

Kəsib ürəyimin nəfəs yolunu...

Boğulur, az qala candan can çıxır...

Elə burur ki o, ruhun qolunu -

Ağrıdan dişini dişinə sıxır...

 

Dönüb ox - süngüyə ana fəryadı

Əridir, bir anda daşı da, dəlir...

Kükrəyən dənizdi, coşan dəryadı -

Çıxıb yatağından üstümə gəlir!..

 

Şəhid anasının baxışı altda

Gözüm ayağımın ucunu didir...

Ən böyük sükut da budur həyatda -

Burda söz acizdi, burda söz bitir...

 

Bir dəqiqəlik sükut

 

Şəhidlərimizə

 

Bir gilə sükut...

bir gilə göz yaşı...

bir gilə torpaq...

Anında ürəyinlə bax -

Sükut göz yaşını dondurub...

Göz yaşı

torpağı yandırıb...

Yanan torpaq -

tökülən qanın,

Əbədi məşəl olduğuna

ağlı kəsən,

duyan və anlayan

Adamları inandırıb!..

Bir gilə sükut

bir gilə göz yaşında

Durulanıb...

Bir gilə göz yaşı

bir gilə torpaqda

Qurulanıb....

Və sonda

Bir dəqiqəlik sükutla

Bu torpaq

əbədi qürurlanıb!

 

Döyüşü vətən udub

 

Didəmdə donan yaşı

Bu gün əritməyəcəm!

Qəlbimə sıxıb daşı -

Onu kiritməyəcəm...

 

Ahımın tüstüsünə

Su da çiləməyəcəm!

Mən savaş bürküsünə

Səbr diləməyəcəm!

 

Tətikdəki barmağı

Ürəyimlə öpəcəm!

Şəhid qanlı torpağı

Gözlərimə təpəcəm!

 

Son hücumun nidasın,

Bayrağıma tən tutub...

Hayqıracam sədasın -

Döyüşü vətən udub!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!