Ömür arzulardan qısa
"Bu dünya bir pəncərədir",
Gələn qalmaz - baxıb gedər.
Hərənin bir ulduzu var,
Vaxt gələndə axıb gedər.
Bu kainat sirlə dolu -
Nə yer bəlli, nə göy bəlli.
Gördüyümüz görünməzdir,
Nə doğma, nə ögey bəlli.
Öləndən sonra yaşamaq
Hamı bilir - deyil asan.
Unudulmaq qorxusudur
Ölməyindən qorxur insan.
Bəşərin bir düsturu var -
Kim əzəndir, kim əzilən.
Gecə-gündüz tələsməklə
Tələsirik son mənzilə.
Ömür arzulardan qısa,
Dünya xəyaldan balaca.
Nəsli kəsilmiş şamanı
Hardan alım, bir fal aça...
14.08.22
Nə var ki, bu dünyada
Ötən ömrü sal yada -
Fürsəti verdik bada.
Nə var ki, bu dünyada
Yaxşılıqdan o yana?
Kimsəyə tor hörmədim,
Yüyənsiz at sürmədim.
Başqa qılıq görmədim
Xoş qılıqdan o yana.
Doğulmaqmı uzandı -
"Dar qəfəsdə" usandım...
Yeni dünya qazandım
Qışqırıqdan o yana.
21.05.2022
Hanı
Hanı gördüyümüz köhnə kişilər? -
Düşüb dəyərindən ağsaqqal sözü.
Var-dövlət sahibi söz sahibidir,
Daha keçərlidir bir baqqal sözü.
Hanı gördüyümüz xatun nənələr,
Niyə boş qalıbdır ağbirçək yeri.
Palçıqlı yağışlar yağırsa göydən
Göynəyir çəməndə gül-çiçək yeri.
Hanı gördüyümüz o kənd qızları,
İsməti başqaydı, həyası başqa.
Vallah deməyə də utanır adam,
İndiki qızların mayası başqa.
Hanı o mehriban, həlim qonşular,
Pay vermək, pay almaq zamanı getdi.
Üz-üzə dayanıb bağlı qapılar -
Qonşunun qonşuya gümanı getdi.
Hanı cah-cəlallı çadır toyları,
Adama toy tutur indiki toylar.
Yalandan qol açıb oynayanların
Qapır sevincini bu soyhasoylar.
Belə yaşamağın məhkumlarıyıq,
Özümüz yaratdıq bu kuralları.
Bəlkə də oxuyub kimsə deyəcək:
- Sən Allah, fırlatma köhnə valları.
09.06.2022
Ziyarət yerimsən
Sənsiz nə çəkmişəm bu illər boyu
Gəlib yetişdimi sorağım, dağlar?
Səni düşünmüşəm fəsillər boyu,
Yaxşı ki, sönmədi çırağım, dağlar.
Qapalı qalıbdır çox sirrin hələ,
Tələ quranlara sən qurdun tələ.
Düşmənə dağ çəkdin belədən-belə
Səngərim, silahım, yarağım dağlar.
Ziyarət yerimsən - türbələrin var,
Mən yaşda qocalmış "körpələrin" var.
İldırım qaytaran zirvələrin var,
Əlçim buludlara darağım dağlar.
Duruldu sifəti yalan-gerçəyin,
Gələn günü varmış bu gələcəyin.
Misra düzümüdür gülün, çiçəyin,
Ay mənim yamyaşıl varağım dağlar.
Çəkilib başından duman da, sis də,
Dünyanın gözü var hünərimizdə.
Ayrılıq əriyir günəritməzdə,
Yellənir zirvəndə bayrağım, dağlar.
Kəlbəcər
11.07.22
Kimsə, kimsələr
Kimsə
ayaqqabı dərdi çəkir,
kimsə ayaq dərdi.
Uyumaq bilmir
Millətin oyaq dərdi.
Kimsə
çörək dalınca qaçır,
kimsə çörəkdən -
kökələr deyə...
Dərdin özü qocalır
qocalar evində.
Baş vuranda görürsən
nələr varmış
bu həyatın dibində.
Yetimxana divarlarından
boylanır atasızlıq,
anasızlıq.
Sahibsiz uşaqların
baxışında etinasızlıq.
Sayılmayan dustaqları
Səhər, axşam sayarlar.
Burda insan çox ucuzdur -
endirimə düşüb
ən yüksək əyarlar.
Qiyamət yaxındamı? -
Səhralar suda boğulur.
Dünyadan xəbərsiz kimi
Hələ də insan doğulur...
10.09.22
Millət yox, xislətsiniz siz
Kəlbəcərdə qar əriyəndən sonra
erməni minaları görünməyə başladı
Dişini ağardır əcəl qurğusu,
Əkilib dağlara ölüm toxumu.
Puç olub, heç olub düşmən arzusu,
Bu qar əridikcə hər şey oxunur...
Sizi adam bilib vaxt verildi ki,
Cəhənnəm olasız yurd-yuvamızdan.
Burda sülənmisiz neçə ildi ki,
Donuz iyi gəlir dağ havamızdan.
İndi başqa cürə sökülməkdə dan,
Yağışlar yumaqda ləpirinizi.
Siz kəsən o palıd ağaclarından
Əlimlə asardım hər birinizi.
Sizə vaxt verildi itilmək üçün,
Sizsə od vurdunuz evə, eşiyə.
İnsan həyatını bitirmək üçün
Bombalar soxdunuz dəlmə-deşiyə.
Budur sifətiniz, nə deyim sizə,
Nə xalqsız, nə də ki, millətsiniz siz.
Bəşər bu vəbaya bir çarə gəzə -
Əslində millət yox, xislətsiniz siz.
10.06.22
Dərdim indi
(Cinaslı gəraylı)
Dərd əlindən zara gəldim -
Nə günah var dərdimindi.
Ağlayanın bir dərdi var,
Gülən kəsin dərdi mindi.
Mən naşının gül yerinə -
Bilməmişəm gül yeri nə!
Öz bağımda gül yerinə
Qaratikan dərdim indi.
Adil, gözdən yaş gəlirsə,
Quru odun yaş gəlirsə,
Yaş üstünə yaş gəlirsə
Sevinəcək dərdim indi.
07.07.22
Bu yaş amandı
(Təcnis)
Barış taleyinlə, dərdli ürəyim,
Hələ döyünürsən, bu - yaşamandı.
Sabahı görəndə deyərdin mənə
Bu ya münəccimdi, bu ya şamandı.
Vüsala dönmədi sevginin barı,
Üçmadı həsrətin qurduğu barı.
Kaş dönə gəncliyim bircə gün barı,
Gəlir yaşım üstə bu yaş, amandı.
Ay zalım, dar günə düşdüyüm anda
Bir məni xatırla, bir məni an da.
Adiləm, sadiqəm içdiyim anda
Qoymur ölməyə də bu yaşam andı.
13.09.22
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!