"Mən Doğudan Batıyacan Ulu bir soydan gəlirəm..." - Şeirlər. Nadir AZAYOĞLU

 

 

***

Torpaq çəkdi,

            gəldim hamı kimi

Gözlərimdə göylərin kölgəsi.

            Dəmini necə sevdimsə

Qəmini də elə sevdim dünyanın.

Nə ölümündən,

nə də zülümündən

qorxdum dünyanın.

Hər nə vardı gəldi-gedər,

Hər nə oldu qədər bildim,

Bilənlər kimi.

Torpağında

ölmüş insanların qoxusu,

Göylərində

Tanrı qorxusu vardı -

Sevdim!

 

Gəlirəm

 

Məni belə fağır bilmə,

Hələbdən, Xoydan gəlirəm.

Ruhum yurda yas saxlayır,

Təbrizdən toydan gəlirəm.

 

Xəbis oğlu, nakəs gədə

Bu nə barmaq, bu nə hədə?!

Tanrılı enməz heç vədə,

Tanrılı taydan gəlirəm.

 

Bilirsənmi nər türk nədi,

Bəy türk nədi, ər türk nədi?

Mosul nədi, Kərkük nədi -

Aşıb Altaydan gəlirəm.

 

Qalır "bəlkə"si, "hələ"si,

Demə əyilib şələsi.

Min duzağı, min tələsi

Olan bir boydan gəlirəm.

 

Çaylar keçdim bir dəryacan,

O tayı ruh, bu tayı can.

Mən Doğudan Batıyacan

Ulu bir soydan gəlirəm.

 

Bəsimdi

 

Səndən nə gözləyib, nə umasıydım?!

Sən elə mənimçün haqsan, bəsimdi.

Bahar həvəsinlə payız ömrümə

Bənövşə baxışı baxsan bəsimdi.

 

Hər gün bir "məclisdə" min qat enən var,

Hər gün bir ünvandan geri dönən var,

Sənin sevdiyin var, səni sevən var,

Sən ki gözü-könlü toxsan, bəsimdi.

 

Daş altda çiçək var, ətrinə hayıf,

Ovunmaz, oxşanmaz xətrinə hayıf,

Şeirimin bir-iki sətrini sayıb

Bir ətək qayğıdan çıxsan bəsimdi.

 

Bir belə haqsızlıq, bu şər içində,

Nadirin bir nisgil bişər içində

Belə başıpozuq bəşər içində

Bütövsən bəsimdi, sağsan, bəsimdi.

 

Məktub

 

Hər məni görəndə yuxu söyləmə,

Məhəbbət xəyalı sevir, əzizim.

Hər yuxu görəndə qorxub eləmə,

Oyan, yastığını çevir, əzizim.

 

Mənsiz gecələrin ömrünə bir yas,

Mənsiz yatağına zülmət sürünər.

Sən mənim şəklimi bağrına bərk bas,

Bəlkə pəncərəndə boyum görünər.

 

Belə gecələri nə sirr, nə tilsim,

Nə əcəl əyləyir, nə ölüm çəkir,

Hər gecə sinənə qısılan əksim,

İndi mən bilirəm nə zülüm çəkir.

 

Kimdir canı yana, qəlbi od tuta,

Görə kirpiyindən qəm astığını,

Neynim, əllərinə əllərim çata,

Çevirəm astaca nəm yastığını.

 

Gecə cəlladıdır ağrılı canın,

Çəkər öz kamına neçələrini,

Sirrini bilsəydim, vallah dünyanın

Alardım əlindən gecələrini.

 

Hər məni görəndə yuxu söyləmə,

Məhəbbət xəyalı sevir, əzizim!

Hər yuxu görəndə, qorxub eləmə,

Oyan, yastığını çevir, əzizim!

 

Gördük

 

Duyğusuz olmadıq, kar yaşamadıq,

Dünyanın hər nəyi varıdı, gördük.

Yurd-yuva nisgili, yaylaq həsrəti,

Gözlərdə qocaldı, qarıdı, gördük.

 

Ölüm nə idi ki, yaman əyildik,

Goru geymədik ha, gora geyildik.

Ayaqlar altında, kor ha deyildik

Gedən namusudu, arıdı, gördük.

 

Bizə daş atdılar, daşa bax - dedik,

Gözlərdən süzülən yaşa bax - dedik.

Buna ömür dedik, yaşamaq dedik,

Bu ömür min ahu-zarıdı, gördük.

 

Sonu görünmədi bu bəhsəbəhsin,

Doğrahadoğranın, bu kəshakəsin.

Biz kimik, nəçiyik bilən nakəsin

Gen dünya başına darıdı, gördük.

 

Ay Nadir, nərimiş dərdi çəkən, nər,

Kor qalsın bu dəni dərin əkənlər.

Bu yurdun qəmindən qəhrin çəkənlər,

Dəmindən özgələr yarıdı, gördük.

 

***

Çəkilib gedəsən özün özündən,

Kəsilə ayağın bu yer üzündən

Bir də düşməyəsən Tanrı gözündən,

Bir də bu torpağa qayıtmayasan.

 

Dizin göynəməyə hər addım başı,

İtə qayaların çopur yaddaşı.

Gəzəsən göylərin quş qanadında,

Ordanca süzəsən yurdu, yurddaşı.

Bir də bu torpağa qayıtmayasan.

 

Nəyin var çəkilə haqq ayağına,

Bir üz sənin ola, bir üz Allahın.

Nələr çəkdiyini kimsə bilməyə,

Bir özün olasan, bir öz Allahın.

 

Bir də doğmaları didərgin düşən,

Eli yağmalanmış Türkmən yurdları,

Bir də hikkəsindən qovrulub bişən

Qaratel gecədə elat Qurdları

Ulaşa-ulaşa üstünə gələ.

 

Yaralı çibantək göz-göz olasan,

Korun-korun yanıb köz-köz olasan,

Mələklər çığrışıb tüstünə gələ.

Kölgətək yenəsən çay qırağına,

Azadlıq nə imiş? Fərqi deyəsən.

Viranə yurdlara, kar kahalara

Bəxtəvər-bəxtəvər şərqi deyəsən,

Bir də bu torpağa qayıtmayasan.

 

***

- Yadında olar -

Yadında olar?!

Siyah tellərinçün

ağca güllər

bitirən torpaq, -

bax o torpaq qədər...

 

Yadında olar?!

Əllərinin nazından sürüşüb

Həkərinin sularına

can verən yarpaq, -

bax o yarpaq qədər...

 

Bir də hənirtimizi

hənirtisində itirən bulaq

bax o bulaq qədər

sevmişdim səni.

 

Səni o torpaq qədər,

Elə o yarpaq qədər,

Hələ o bulaq qədər

sevsəm də,

indi əllərim

nə qara günlü Laçına,

nə də ağca güllü saçına

yetəndi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!