Yayın istisindən şikayətlərin
çanağı başında sındı payızın.
Eylül elə tökdü leysan yağışı
girməmiş, atası yandı payızın.
Payız əfsanəsi başladı Eylül,
Cızdağımız çıxdı ancaq onacan.
Qoy o lap bir ay yox, bircə an olsun,
O anı yaşayım sonsuzluğacan!
Ay payız ayıdır, gün yayın günü,
Baxıb öz gününə ağlayır Eylül.
İyirmi iki gün ümidlərini
Son səkkiz gününə bağlayır Eylül.
Qışacan daşınar payızla yaz, yay,
Kef hələ Eylüldən sonrasındadı.
...Hələ quyruq donmur, qışın quyruğu
Payızın qapısı arasındadı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!