Yağış bütün izləri yumurmuş... - Şeirlər. Cahan SEYİDZADƏ

 

 

"...yaz, qızım, yaz"

Yanvar ayı idi, tətilə getmişdim. Mətbəxdə süfrə arxasında söhbət edirdik atamla. Mən, nədənsə, "yağış bütün izləri yuyur" cümləsini işlətdim. Özündən qeyri-ixtiyari, sanki nəyisə xatırlamış kimi bu cümləni iki dəfə təkrarladı. Sonra dedi ki, "Bu adda film var, 79-cu ildə (1979, tələbəlik illərində - C.S.) "Azərbaycan" kinoteatrına gəlmişdi, festival filmi idi".

Süjetini danışdı. O illərə qayıtdı sanki. Dedim, "Ata, istəsən tapa bilərik o filmi. Tez filmin adını yazıb çətinliklə də olsa rus dilində bir dublyajını tapa bildim. Təəccüb dolu sevinci hələ də gözümün önündədir.

Oturub izlədi, sonra da təşəkkür etdi mənə. 30 ildən sonra, bir zamanlar gənc kimi baxdığı filmə yenidən baxdı. Kim bilir, nələri xatırladı, hansı xatirələrinə döndü. Beləcə, mənə də xatirə qoymuş oldu, həm də sanki son nəsihətini verdi: "Yağış bütün izləri yuyur".

 

 

Yağış bütün izləri yumurmuş, Ata!

əksinə yaddaşın dərinliklərindəki

bütün izləri,

yaraları üzə çıxarırmış...

 

İnsan yağışlar yağanda

bütün olub-keçənləri xatırlayıb

son bir şans üçün

Allaha yalvarıb-yaxarırmış...

 

Qaranlıq divarlar arasında

əllərinçün, səsinçün

ağladığım çox olur.

 

Sonra hər şey,

sonra hər şey,

sonra hər şey,

bir-bir yox olur...

 

Anlayıram ki,

"mən hər yerdə sənin təkrarınam...".

 

Düşün ki, səhranın ortasındayam,

üzərimə əliqılınclı,ürəyi işıqsız insanlar gəlir

mənsə əliyalın,

səhranın susuz qumluğuna zorla əkdiyim

toxumu sulayıram gözyaşlarımla

istəyirəm ölsəm də, onun yolunda ölüm...

 

Öz həyatıma görə yox,

yeni bir həyat uğrunda...

 

 

 

***

Ən xoşbəxt günlərimizin şahidi pişiklər

Görəsən, indi

Bakının hansı küçəsinin yalnızlığını paylaşır...

Heç xəbərləri də yoxdur ki,

Ətrafımızda heç vaxt

            anlaya bilmədiyimiz və bizi anlamayan

insanlar qaynaşır.

Və biz indi

ancaq o insanların xatirələrində yanaşı gələ bilərik...

 

Bakının qala divarlarıdır sənin yoxluğun

Bu boyda şəhərə heç kəsi buraxmır.

Yalnız və tənha dolaşıram

Heç bilmirəm özümlə nə vaxt vidalaşdım,

Hansı ağacın kölgəsində,

Hansı cümlənin bəlkəsində,

Hansı yadın səsində...

 

 

***

Sahildəyəm,

Dörd bir yanında günahkar ruhların pıçıltıları dolaşan

bir adada sıxışıb qalmışam.

Məni aparmağa gəlmiş gəmi isə

Yükünü boşaldıb, xeyli qənimətlə

Aram-aram uzaqlaşmaqda.

Nə aparır o gəmi

Bu soyuq və kimsəsiz ada(m)dan?!

 

Əlləri olurmuş

gəmilərin

çiyinləri

günahları

və qanadları...

Uçurmuş gəmilər yelkənləriylə

yer üzünün səmasında.

 

Bilirsən,  hərdən adalar da aşiq olur

gəmilərə,

quşlara,

hərdən inanır ada(m)lar

dənizdə yolunu azmışlara...

 

 

***

Bura haradır, ey can?!

Sənin diyarın hardadır,

Haradır?

Kimdir səni istəməyən,

səni öz yurdundan didərgin salan?

Nədir səbəb bu ayrılığa?

Nəyin həsrətini daşıyırsan, ey can?

Niyə başını qatırsan dünyəvi olanla

Niyə unudursan özünü?

Səni yaradan harda

Sənin Yaradanın harada

Məgər sən də inanırsanmı

O səni öz cənnətindən sürgün edib?

O?

o...

Sənə yer üzünün cənnət bağçalarını açan

suyu,

odu,

havanı,

torpağı bəxş edən,

bəxşiş edən.

Yaşılı,

bəyazı,

mavini

yaradan.

Sənin üçün olmazlara

"ol" deyən!

Səni necə sürgün edə bilər, ey can?

Sənə necə "get" deyə bilər?

Düşün, ey can!

Bəlkə sən özün özünü sürgün etmisən

sevgilinin cənnətindən.

Sən ki onun süfrəsində bardaş qurub,

onun nemətlərinə qonaq olmusan.

Çörəyindən yeyib,

Suyundan içib,

Havasından udub,

Torpağında özünə yer-yurd salmısan

Sən ki sevgilinin misafirisən,ey can?

Sevgili süfrəsindən qovmaz heç kimi...

Sən özün uzaqlaşmısan onun ətəyindən

Sən ac qoymusan ÖZ`ünü...

 

Ruhumda pərvaz edən səmazən

Döndükcə dünyamı da döndürür

Bil və agah ol!

Sağ əliylə Sevgilidən aldıqlarını

Sol əliylə ruhuma səpir...

 

Qoru məni, ey Sevgili!

Məni səndən uzaqlaşdıra biləcək hər şeydən,

Hər kəsdən

Qoru!..

 

 

***

Zivədəki ipəzorlar

Yeni məhkumlarını gözləyir

Ağızlarını açacaq

Və udacaq uclarından geyimləri...

Kim bilir, neçə əsrdir biz də

Beləcə başıaşağı asılmışıq

Yer üzündən

Gözümüzün suyu o qədərdir ki,

Qurumaq bilmirik ki

Bilmirik...

 

 

***

Mən odla söndürdüm

Ürəyimin yanğınını

Bilirsən?

əllərimlə səpirdim

atəş dalğalarını

ciyərlərimin üstünə.

 

O qadından başqa

kimsə kövrəlmirdi ciyərlərimin tüstüsünə...

 

 və mən yalnız belə təsəlli tapırdım:

"El gölündəki ördəklər

Çoxdan uçublar uzaqlara

İndi El gölü də

ən az mənim qədər tənhadır...".

 

 

***

Gəl, əzizim, gəl

Qağayılar indicə qayıdıb

Dəniz gəzintisindən

Ah, o balaca, əzizim,

Uçmağa çətinlik çəkir.

Ona da verərsənmi

qanadlarını?

 

Gəl, əzizim, gəl

Körpələr indicə oyanıb

Səhər yuxusundan

Ah, o balaca, əzizim,

Dayanmadan ağlayır.

Onu da kiridərsənmi

yalanlarınla?

 

Toxumlar ölmədilər,

Yenidən cücərdilər

itdikləri yerdən...

Ah bəs sən, sən, əzizim,

bu torpaqda

bitərsənmi yenidən?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!