Xarıbülbül
Niyə çoxdur dəyəri,
Bildim xarıbülbülün.
Adını Şuşamızla
Bir çəkirlər bu gülün.
Artıq bu gül çevrilib
Bir zəfərin rəmzinə.
Sevilərək döşənib
Qarabağın düzünə.
Bir zaman düşmənlərə
Əsir düşmüşdü gülüm.
İndi azadlıqdadır
Mənim xarıbülbülüm.
Ana vətən
Bir sual var ki, tez-tez
Düşündürürdü məni.
Anaya bənzədirlər
Axı niyə Vətəni?
Bu sualın ən gözəl
Cavabın anam verdi.
Dedi: - Vətən bizlərə
Candan əziz bir yerdi.
Bu eldə, bu obada
Yaşamışıq əzəldən.
Bizə mirasdır torpaq,
Verə bilmərik əldən.
Sevməlisən yurdunu,
Doğmaca anan qədər.
"Ana", "Vətən" sözünü
Tutmalısan bərabər.
Vətən torpağı
Atalardan, babalardan,
Bizə miras qalan torpaq.
Uğrunda öz canın verən,
Ər-igidi olan torpaq.
Baxmayın ki, mən uşağam,
Savaş nədir, bilirəm mən.
Mənim atam cəbhələrdə
Məhv eləyib çoxlu düşmən.
Bu torpağı çox sevməyi
Öyrədibdir atam mənə.
Hər qarışın qorumağa
Mən borcluyam bu Vətənə.
Ütü
Nazlı ütüdən
Çəkinir yaman.
Onu görəndə
Baxır uzaqdan.
Çünki əlini
Yandırıb ütü.
Qorxudan yaxın
Gəlməyir qəti.
Uşaq oyunları
Gəlin gedək oynayaq,
Tez qarışıb qaynayaq.
Düzülüşək baş-başa,
Dövrə vuraq biz qoşa.
Çoxlu oyunlar ilə
Könüllər gəlsin dilə.
Kim hoppanar kəndirə,
Kim tullanar hündürə?
Hərəsi bir xal alsın,
Yerdə qalan əl çalsın.
Həm əylənək, həm gülək,
Qalib kimlərdir, bilək.
Sərhədçidir mənim atam
Gecə-gündüz qoruyur
Sərhədi mənim atam.
Keşiyində dayanır
Mən evdə rahat yatam.
O, zabitdir postlarda,
Bu peşəylə ucalır.
Uğurlu xidmətiylə
Layiqli qiymət alır.
Çiyinlərində vardır
Ay-ulduzlu poqonlar.
Rəşadətli hərbçinin
Yaraşığıdır onlar.
Bu peşədə görürəm
Gələcəyimi mən də.
Arzum budur ki, hərbçi
Olaram böyüyəndə.
Təmsillər
Xəstə tülkü
Bərk xəstələndi Tülkü,
Ölümlə pəncələşdi.
Pələng ilə Şir ona
Kömək üçün əlləşdi.
Tülkü dedi: - a dostlar,
Yaman xarabdır halım.
Mənə kömək olmasa,
Çətin həyatda qalım.
Pələng və Şir topladı
Meşədəki dostları.
Dəstək olsun Tülküyə,
Qoy çəkməsin qubarı.
Bir aydan artıq yatdı
Xəstə Tülkü yataqda.
Tanrı onu qoymadı
Ağır, çətin sınaqda.
Sağalıb xəstəlikdən,
Tülkü ayağa durdu.
Çox keçmədi dostlara
Pislik etdi - qudurdu.
Yenə hiyləgərliklə
Dedi yalan-böhtanı.
Ona əl tutanlarla
Pozdu əhdi-peymanı.
Xisləti pis olanlar
Çətin düz yola gələ.
İtirilmiş vicdanı
Tapan olmayıb hələ.
Quzğunun tövbəsi
Bir gün Quzğun and içdi
Uzunboğaz Leyləyə.
Dedi: - leş yemərəm mən,
Daha gəldim tövbəyə.
Qoy mənim də hörmətim
Bundan sonra çox olsun.
Keçmişdə etdiklərim
Unudulub yox olsun.
Artıq mən utanıram
İylənmiş ət yeməkdən.
Etiraf eləyirəm,
Çəkinmirəm deməkdən.
Leylək dedi: - mən kimi
Ye qurd, balıq, qurbağa.
Bəlkə, quşlar içində
Ola bilərsən ağa.
Quzğun bir həftəyədək
Başın qatdı beləcə.
Qarşısına leş çıxdı,
Xəlvəti, sakit gecə.
Acgözlüklə başladı
Ölmüş heyvan yeməyə.
Bunu görüncə Leylək,
Söz tapmadı deməyə.
Bilin ki, xasiyyəti
Çox çətindir dəyişmək.
Mayası pis olana
Sərf eləməyin əmək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!