"Qalsan da şeirsən, getsən də şeir..." - Şeirlər. EMİNQUEY

 

Yoxdursa bacım, qardaşım,

almısansa atamı zamansız,

başımı itirmişəmsə ömrün Kərbəlasında,

anam başımı qucaqlayıbsa,

ağlayıbsa,

dostum, bacım, qardaşım, atam olmalısan,

gündə beş dəfə yox,

hər anımda olmalısan,

hərdən kimi yox...

 

Məzarlar aramızdakı divarlara çevrilməyibsə,

bu səhra gözlərim dolubsa yenə,

hələ də bir ovuc duam qalıbsa sənə...

 

Mənə yuxarıdan aşağı baxanların ən gözəli,

nə ölmək?!

Balaca uşaqlar kimi

            qucağına atlanıram bu dünyadan,

balan kimi al məni qucağına,

bəndən kimi yox...

 

 

***

Sən şair sevirdin, bəxtəvər idin,

içi param-parça, dərbədərlərə,

halı pərişanlar, birtəhərlərə,

yoxdan Məryəm kimi şeirlər doğan,

sözü İsa kimi ölü dirildən!

anlasan arifsən,

bilməsən heyif...

 

Sən şair sevirdin, xəbərdar idin,

çox yaxşı bilirdin, necə inciyər!?

Vecsizlik incidər, soyuqluq didər,

bir quru söz olar Allah çomağı,

yaddan çıxarsan da... əşşi, uzağı,

varsan, nə şirinsən,

yoxsan, nə şeir...

Sən şair sevirdin, nə qəddar idin?!

ən betər gedişi şeirlərindən,

şairin özündən oğurlamışdın,

bir səhər səssizcə tərk eləmişdin,

onu son görüşə çağırmamışdın,

çağırsan, "nə olar,

getmə, qal" idin.

 

Sən şair sevirdin, arxayın idin,

çox yaxşı bilirdin bu işin sonun,

qalsan da şeirsən, getsən də şeir,

qalsan, tək onunsan,

getsən, milyonun...

 

 

***

Saçlarına sünbül düzüb

ömrümə bərəkət gələn,

kim dedi xəlbirdə ələn?

Kim ovub üyütdü səni?

Əzizlərdim, yavrum idin,

qayğıma ac mavrı idin,

sıxdığım yer bağrım idi,

məndən nə soyutdu səni?

 

Sığınırdın, özün idim,

qucaq açdım, "quzum" dedim,

məndən sonra...

düzünü de!

Kim yaxşı ovutdu səni?

 

Atandan qaçıb gəlmişdin,

qolların açıb gəlmişdin,

nə tez söndün...

sərxoş idin?

Sən də mi içib gəlmişdin?

Yoxsa sevgim tutdu səni?

 

 

***  

Mənsiz doğum günün, sənsiz bir axşam,

balaca tort aldım, üstündə bir şam,

gözlədim düz saat on iki oldu,

içimdə sapsarı simim qırıldı,

təkcə o üzündən öpdüyüm şəkli

silməyə, pozmağa gəlməyən əlim,

titrədi, buzladı, dondu beşbetər.

Başqa bir sevgidə səni axtaran,

dolaşıb adını söyləyən dilim,

sayıqladı səni, andı beşbetər.

Keçdi xirtdəyimə qarmaq suallar,

cavabı olmayan sarsaq suallar,

görəsən, qardaşı borcun ödədi?

görəsən, atası içmir ki daha?

Təzə ev aldılar? otağı varmı?

kirədən kirəyə köçmür ki daha?

"O məni sevsəydi, aldatmaz idi",

"o məni sevsəydi, hə, atmaz idi".

sevsəydi, sevsəydi əgər o məni,

o məni... o məni...

- əşşi, sus artıq!

zəhrimar o məni, zəhər, o məni!

mən belə adamam şübhəsi böyük,

sevgisi savaşlı, cəbhəsi böyük,

bu gecə bu şamı arzu diləyib

yumub gözlərimi üfürməliydim.

bu gecə içimi yeyib-bitirən

bütün suallara tüpürməliydim.

mənsiz doğum günün, sənsiz bir axşam,

balaca tort aldım, üstündə bir şam,

və qəfil özümlə savaş dayandı,

şam çoxdan əriyib,

yoxdu sənintək,

mən isə...

mən isə...

bədbəxtin oğlu,

səni bir şam qədər unutmamışam...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!