Ürəyim
Ömrüm ötüb-keçdi harayla, küylə,
An kimi ötüşdü ilim, ürəyim.
Sonuncu sirrini aç mənə söylə,
Qoy mətləb üstünə gəlim, ürəyim.
Bir gün ötüb-keçər kədər də, qəm də,
İndi dağ bildiyin dərd də, sitəm də.
Yetim bir quzuya dönmə sinəmdə
Kükrəyib çağlayan dəlim - ürəyim.
Sən qaçaq olubsan qeybət düşəndə,
Dəyərlər enəndə, qiymət düşəndə.
Həqiqi sənətdən söhbət düşəndə,
Səninlə uzundu dilim, ürəyim.
Demədin mən hara, bu sevgi hara?
Özün öz içində çəkildin dara.
Necə dözə bildin sərt baxışlara
Ay kövrək ürəyim, həlim ürəyim?!
Sənsən bu dünyada olub-qalanım,
Acı həqiqətim, şirin yalanım.
Tanrımla aramda körpü salanım,
Sərvətim, qızılım, ləlim ürəyim.
Yanğım burum-burum tüstündə qalıb,
Acı xatirələr qəsdində qalıb.
İndi təkcə sənin üstündə qalıb,
Hər şeydən üzülən əlim, ürəyim.
Ömrə yan almamış bir qan, bir qada,
İlk öncə mən səni atmışam oda.
Təkrar olunmayıb heç vaxt dünyada
Mən sənə etdiyim zülüm, ürəyim!
Ürəyə xəyanət... bu elə qəm ki,
Sevgisiz illərin gözləri nəm ki...
Mən sənə elə bir dağ çəkmişəm ki,
Min illər soyumaz külüm, ürəyim.
Uçurar ruhumu bir səda, bir səs,
Sənə darlıq edər dünya - bu qəfəs.
Musanın ömrünə qəfil, təngnəfəs,
Səninlə gələcək ölüm, ürəyim.
Gözəlliyə baxanda
Gözəlliyə baxanda yorğun gözüm dincəlir,
Ürəyimə güc, qüvvət, dizimə təpər gəlir.
Qalxır ərşi-əlaya, ruhum göyə yüksəlir,
Bu vurğunluq Tanrıya can atmağımdı mənim.
Mənzilə çatdırmadı yollarımın kəcliyi,
Vədəsiz yola saldım rahatlığı, dincliyi,
Bu gün anmaq sevgidən yanıq qalan gəncliyi,
Ürəyimi yer-yerdən qanatmağımdı mənim.
İndi peşman, pəjmürdə öz qəlbini dinləmək,
Bu sozalan yaddaşı təzələmək, çinləmək.
Odu sönən illəri təzədən yelpikləmək,
Uyumuş duyğuları oyatmağımdı mənim.
Gözümün vərdişidi bulaqtək duru axmaq,
Qəlbi içdən közləmək, ruhu yandırıb-yaxmaq.
Yaşımın bu çağında gözəl qız sənə baxmaq,
Yanar lalə üstünə qar atmağımdı mənim.
Sürəklərdə teylənib ovdan aralı qalan,
Ocağı öləziyən, gülü saralı qalan.
Nə yarada bilər ki, yardan yaralı qalan,
Bu andığım ağrılar yaratmağımdı mənim.
Dördlüklər
Yuxutək yaşadım bu məhəbbəti
Vüsal həsrətilə axır qocaldım.
Sevgindən umduğum zövqü, ləzzəti,
Adına yazdığım şeirdən aldım.
***
Bir ömür çay kimi coşdum, çağladım,
Düşdüm sorağına qədirbilənin.
Dilim "yar" deməkdən yara bağladı,
Yerdə tayı yoxmuş göydən gələnin!
***
Dərdi yuvasında təkləmək olar,
Tanrıdan xoş günlər bəkləmək olar.
İnsanlar ac nəfsə qul olmasalar,
Dünyanı sevgiyə kökləmək olar!
***
Ağrıyla, həsrətlə anır keçmişi,
Xəyalı pəjmürdə, ürəyi darda...
Bir vaxt kabinetdə pul sayan kişi,
İndi addımını sayır bulvarda.
Qələm
Şeirsiz günüm gün deyil,
Sovrulmuş samandı, qələm.
Yaşamağım mümkün deyil,
Rəhm elə, amandı, qələm.
İlham kəssin amanımı,
Salsın məni çək-çevirə.
Üzümü çevir astara,
Görüm yenə mən sevirəm.
Üz tutduğum o Leylilər
Yenə məni Məcnun sansın.
Gözlərimdə bir gözəlin
Əksi yenə xumarlansın.
Sevgi deyib göylərə bax,
Qəlp sözün üstündən adla.
Könüllərə süzülüb ax,
Üzügülər bir ovqatla!
Gözlərini deş bu qəmin,
Daha ötkəm çıxsın səsin.
Səni mənim əllərimdən
Ölüm də ala bilmədin!
Atam, anam gedəli
Atam, anam gedəli
İtiribdir yaşamı.
O evdə yaşamırıq,
Heç o ev də yaşamır...
Sağikən haqlayıbdır
Bu dəlil-sübut onu.
Bir tabuta döndərir
Gecələr qatı zülmət,
Gündüzlər sükut onu!
Sahibini itirib,
Sinəsi dağlı qalıb.
Pəncərəsi pərdəli,
Qapısı bağlı qalıb.
Hörümçəklər tor salıb
Küncündə, divarında.
Aylar, illər əriyir
Dərdində, qübarında.
Həyətini ot basıb,
Yox çəpəri, çalğısı.
Yetim evlər görəndə
Şair gərək ağlasın,
Vətən gərək ağrısın!
Atam-anam gedəli
İtiribdir yaşamı.
O evdə yaşamırıq,
Heç o ev də yaşamır!
Bu adam
Məcnun səhrasında, Sənan dağında
Çox tufanlar dəf eləyib bu adam.
Həyatının ən önəmli çağında
Yanlış yapıb, səhv eləyib bu adam.
Alışdıqca günahının qorunda,
Çabalayıb vicdanının torunda.
Bu minvalla çətin yatar gorunda
Sağ canını məhv eləyib bu adam.
Yelpikləyib kömürünü, közünü,
Közərəndə deyə bilib sözünü.
Gah düşməntək dara çəkib özünü,
Gah dost kimi əfv eləyib bu adam.
İllər ötdü, ömür keçdi yuxuda,
Canındadır bu yuxunun xofu da.
Qəlbindəki əsintidə, qorxuda,
Cəsarəti dəfn eləyib bu adam.
Ürəyindən baş qaldırar bu sancı,
O sən olmaz, ay şüarçı, azançı.
Bu dünyadan dərd-qəm olub qazancı,
Göz yaşından nəf eləyib bu adam.
Olsun
Dünyanın qeylü-qalına,
Tərsinə ötən valına.
Gülüm, bu xəstə halına,
Sağlam ruhum fəda olsun.
Səni içdən öyənin var,
Sinəsinə döyənin var.
"Qadan alım" deyənin var,
Çətin ki, bir qada olsun.
Dərd yaddısa xilqətinə,
Zaval yoxdu sən mətinə.
Həkimlərin şəfqətinə
Tanrıdan xoş səda olsun!
Vallah Tanrım qıymaz hələ,
Belə vaxtsız əcəl gələ.
Saf ürəkli sən gözələ,
Qoy bu inam əta olsun...
Ağrılar itər anında,
Şəfa duyarsan canında.
Yoxdusa Musa yanında,
İstəmir bir xəta olsun!
Xocalı
Qisasın alınmadı,
ağrı-acın bitmədi,
Ünüm sənə çatmadı,
Əlim sənə yetmədi.
Qəlbimizdə ilbəil
kömürləşən Xocalı.
Ömrü güdaza gedən,
ömürləşən Xocalı.
Mənim şəhid şəhərim,
Sonsuz dərdim, qəhərim.
Səndən söhbət açmağa,
Varmı tabım, təhərim?!
Qayım-qədim bir xalqın
ürəyinin yarası,
Lənətlə damğalanmış
tarixin üz qarası,
Bir əsrin göynəyini,
o bir əsrə yetirən,
Dünyanın töhmətini
indiyədək götürən.
Nəfəsi buz bağlayan,
qanı donan Xocalı.
Yaralı heykəlini
özü yonan Xocalı.
Gecənin günortası
ahu kimi teylənən,
Bəyaz qarın üstündə
qızıl qanı sellənən
Saysız cəsədlərindən
cələ quran şəhərim,
İçin-için ağlayan
ay hıçqıran səhərim.
Çingiz Mustafayevin
göynəkli hönkürtüsü,
İçimizin yanğısı,
başımızın tüstüsü.
Xocalı sinə dağım,
qaysaq tutmaz yaramdı,
Qisasını almasaq
ömür bizə haramdı!!!
Şairi
Ay adamlar, bir dinləyin,
Yetmişə yetən şairi.
Kaman kimi inildəyib
Qumrutək ötən şairi.
Dərbənd desin, Göyçə desin,
Göynəyini göycə desin.
Sözü doğru, gerçək desin,
Yurd oğlu, Vətən şairi.
Gün əyilir, yetir qürub,
Şükür ayaq üstə durub.
Könüllərdə yuva qurub,
Gözlərdən itən şairi.
Tükənməz ağrı-acıyla,
Və bütövlük amacıyla.
Öz köküylə, köməciylə
Torpaqda bitən şairi.
Səsi qalan, şuru qalan,
Üzündə gün nuru qalan.
Ömrü boyu duru qalan
Haqqa saf yetən şairi.
Yetər ki, döydüm gözümü,
İçimdə boğdum sözümü.
Bir az da öyüm özümü,
Ötüm bir çətən şairi...
Yazmalıyam
İlham - ay bəxtimin tacı,
Çox düşünmə acı-acı.
Bu yaramaz ehtiyacı,
Sıxıb küncə yazmalıyam.
Mənimdir o batan gəmi,
Qurumaz gözümün nəmi.
Göynədib dünya-aləmi,
Kövrək, incə yazmalıyam.
Tufan güclü, dərya sayıq,
Bir avarsız qayıqdayıq.
Bir az sağlam, bir az ayıq,
Düşününcə yazmalıyam.
Nə sonsuzmuş bu qayğılar,
Yox olsa, dünya dağılar.
Qəlbimdəki bu duyğular,
Tükənincə yazmalıyam.
Var olmasın bu varlıqlar,
Boğdu bizi qaranlıqlar.
Gözümüzdən toranlıqlar
Sökülüncə yazmalıyam.
Qoruyuram hələ canı,
Gözləyirəm o tufanı.
Torpağımda düşmən qanı
Tökülüncə yazmalıyam.
Boş ötüşdü qərinələr,
Nələr çəkdik, Allah, nələr...
Yer üzündən şər qüvvələr
Çəkilincə yazmalıyam.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!