***
Yenə də küləklər daşıyır,
Yarpaqların ölümünü.
Çırpır zamanın üzünə,
Qızılı təbəssümünü.
Kimdi ki, eşqdən yarıyan,
Ağlama öz nəfəsinə.
Yarpaqlar da gözəl ölür,
Bir-birinin həvəsinə...
Divar da ovulub gedir,
Şəklimizi unutmağa.
Nə yaxşı ki, pəncərə var,
Gözlərimi ovutmağa.
Xatirələr körpə quştək,
Sığınıbdı bir küncümə.
Gəl biz də gözəl ayrılaq,
Yanıb kül olaq... öncə mən...
İndi sükut böyüdürəm,
Yeriyə, bəlkə dil aça.
Bir gün dönüb qayıdarsan,
Gülüb, sənə də sirr açar...
***
İlişib qalmışıq zaman torunda,
Dart, çıxar ruhumu dəri tuluqdan.
Mən sənə qaçıram, sən hara Tanrım...
Bəlkə yer bilirsən çıxaq oyuqdan.
Hər gün çırpılırıq gün divarına,
Keçir gözümüzdən sevgi tilovu.
Kimdi ki, balıqçı yalvaraq bir az,
Yandırır sinəmi suyun alovu.
Kim çəkər yarımçıq ömrü sahilə,
Uçur saman çöpü quş dimdiyində.
Sinəmdə qurmuşam bülbül yuvası,
Bir qara quş uçur daş dimdiyində...
***
Eşq də bir qəzadı...
Ən gözəl musiqi də tənhalıq...
Xoşbəxtliksə, qınında pas atan qılınc.
Ən gözəl məbədlər ucalıq,
bütün günahların dibində batmağa...
Hələ də özümü axtarıram
adamların iç üzündən qopmağa.
Sən demə, ən körpə balıqlar alır
Tanrının könlünü...
Susun adamlar...
Azadlıq, kökdən düşmüş pianodu...
Bir hekayə pıçıldayır gitaram,
tənhalığımı örtür,
xatirələrdən sağ çıxmayanların üstünə...
Bağışla qadınım, sənə yovuşa bilmirəm.
Şükür, bu qəzadan yan ötdün.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!