Şeirlər
***
Səhər sakitliyi göy üzünün...
Torpağın soyuqluğuna uzanan günəş şəfəqləri
Xəzəllərin xışıltılı etirazı: Yolçu, nə tez oyanmısan?...
Dayanmısan,
Ey Tanrı, dayanmısan əllərimin yanında
Masmavi aldanışlaramı gülümsəyirsən?
Əsirgəyirsən yatıb qalmış adamlardan səhərin düşüncələrini
Tələsə-tələsə
Tələsə-tələsə qalxacaqlar ocaq yandırmağa...
Canlandırmağa çalışıram gözlərimdə
Ki,
Bir zamanlar burada bir çiçək bağçası olubmuş...
Solubmuş....
Solubmuş mən gəlib yetişincə...
Bitişincə çatlar
Səslərini duyacağam onların yenidən-ağ-ağ, ağ-ağ, ağ-ağ...
Sağ qalacaqlar həmişəlik, yenidən doğula-doğula
Qanadlar...
***
Tanrının Kişi bətni - kilsə...
Buymuş o-
Yarıqaranlıq və soyuqmuş.
Çarmıxa çəkilmiş İsa, Ata və müqəddəs ruh naminə
qonağını yola sal...
Müqəddəs Məryəm - Qadın.
Adi bir qadın...
Adi bir qadın...
Adi bir qadın...
Solğun şam işıqlarının altında bazar günü duası...
Sakit...
Gözüyumulu uçuş...
Qapı çırıltısı...
...Vidalaşmadan və getmədən əvvəl naşı-naşı
Dua etdim sən və insanlıq naminə:
Tanrı, günəşi güllələrdən qoru
Tanrı, torpağı mərmilərdən qoru
Və sil qəzəb doğuran yaddaşı...
Və adamları xilas et sevgiylə...
Hər şeyiylə kilsə zənginin bazar çağırışı və ətir
Sakit pıçıltıların sehri və yalvarış - günahkar bəndələrini əfv et...
Get!
İndisə get - deyir yamyaşıl sidr ağacları - get!..
Bağışla Ağac
Bağışla Ağac
Bağışla Ağac...
Əllərim əsə-əsə budağını canından qoparıram...
Qayıdıram
Və Tanrını bətnimdə oğurlayıb aparıram...
***
...Gilas ağacları,
Çarmıxa çəkilmiş gilas ağacları yuxularda - qolları Göyə doğru
Ayaqları Yerdən qophaqopda
Səs...
Səs...
Yarpaqsız budaqların əsintisi - etiraz...
Torpaq,
Bu nədir, Torpaq?
Beləmi yollayırsan bəndələrini azadlığa,
Bu nə ağlamaq?...
Qoy uçsun
Uçuşsun ağ çiçəklərin yuxuları
gilas ağaclarının yuxusunun içindən...
Qoy qopsun,
Qopsun ağacların kökləri quyusunun içindən...
Tanrı...
Qadın gözlərinin aldanışına inanma sən,
Qadın qəlbinin inamı gələcək kölgələnmələr üçündür,
İnanma...
Yuxusunda ağacları uçan bağçalarda
Dayanma,
Dayanma...
***
Uzat əllərini və toxun tərli pəncərə şüşələrinə
Gecənin qarasında
Günəş çək.
Gözlərini yum sonra.
Yayılsın dumanın içindən çöl boyu şəfəqlər
Oynayan yağış damcılarının arasından...
Otlar oyansın yuxusundan
Kollar oyansın yuxusundan
Oyansın yuvasına qalxan qaratoyuğun budaqda qalan ayaq izi...
Günəş-
Kiçicik
Ovuc içi boyda
Tərli pəncərədə çəkilmiş günəş
Ərisin getsin damcı-damcı...
Gizli-gizli...
Gizli-gizli...
Çölün xəbəri olmasın səhər açılınca...
***
Çiyinlərimdə
Yarıaydınlıq yola doğru yüksüzlük
Böyük,
Böyük arzulardan yüngüllük qazanıb qayıdıram...
Çay yataqlarından daş,
Ağac yarpaqlarından rəng,
Göl yosunlarından dərin bir qoxu...
Körpülərdən azca sarsıntılı ahəng...
Və çiçəklər - dəstə-dəstə, çoxlu-çoxlu...
Qorxu-qorxu nəfəs alanlar anlamazlar,
Anlamazlar dizini yerə verib ağırlığa hazır olmağı,
Daşımağı.
Yaşamağı dəli xəyalların gətirdiyi hər şeyi
Anlamazlar...
İçmədiyin suların parıltısını necə söyləyəcəksən,
Necə söyləyəcəksən sevgini,
Uçurumların
Dibindəki uğultunu necə dinləyəcəksən
Sonradan, ay Tanrısız, necə qazanacaqsan səssizliyi?..
Qəfəssizliyi
Ölüm olaraqmı dedilər sənə? - yox...
Bu
Çiyninin sol tərəfinin əlsizliyidir,
Sağ tərəfinin hənirsizliyi...
Zəncirlərinlə gülümsəyərək vidalaş,
İplərinlə əl sıxışaraq
Keçmiş və yaddaş
Cənnətinə toxunmasın...
Oxunmasın göz bəbəklərindəki dəli parıltı bir daha,
Yüksüzlüyə doğru uç, aç ağ qanadlarını, yüksüzlüyə doğru uç...
Olmasın heç nə,
Olmasın heç kim.
Olmasın,
Olmasın,
Olmasın...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!