Xatirələr yaşadır
Necə unudum ki, keçmişi indi,
Axı, xatirələr yaşadır məni.
Dəyişib zamanla xasiyyətini,
Guya tanımayıb heç zaman səni.
Bədbin adamların sayı çoxalıb,
Narazı-narazı gəzirlər, vallah.
Şükür yox dilində, çəkmir əziyyət,
Bağışla, əfv elə, bunları Allah.
Biri istəyini dəf edə bilmir,
Tanrıya ərz edir, şikayət edir.
Arzusu sozalır, həvəsdən düşür,
Bu adam ömrünün sonuna gedir.
Ümiddir yaşadan insan övladın,
Aparır gələcək həyata onu.
Bəxş edir sevinci, bəxtiyar olur,
Daha tez bitməyir bu ömrün sonu.
Ədalət yolçusu
Qaranlıq röyalar içində gəzdim,
İşıqlı dünyadan görən olmadı.
Aşkar görünürdü bütün sifətlər,
Qəflət yuxusundan duran olmadı.
Yatanlar çox oldu, oyadanı yox,
Sakitcə seyr edib geri qayıtdım.
Oyatmaq həvəsim olmadığından,
Sildim bu həvəsi, qəlbimdən atdım.
Ta əzəldən belə, yuxular şirin,
Qiyamət günləri olacaq çətin.
Cansız olanlar da gələcək şahid,
İnsanı vahimə edəcək mətin.
Elə düşünmə ki, bu bir sonluqdur,
Qayıtmaq gec deyil, dərk edin bunu.
Ədalət yolçusu olan insanın
Anlayın, cənnətdir, şübhəsiz, sonu.
Dünyanın vəhşəti
Elə bir səkidə addımlayıram,
Sağımda ot basmış ayaq izləri...
Bax gör, bu cavabsız suallarında
Dikili qalıbdı mənə gözləri.
Düşünmək çətindir, necə düşünüm?
Ayqalar büdrəyir, fikirləşəndə.
Neçə gözlər indi, qəmə batıbdır,
Yuxusuz gecələr, keçirənlər çox.
Əriyir şam kimi həsrət çəkənlər,
Solumda elə bil uşaq ağlayır.
Şükür ki, qalibik, yenilir düşmən,
Hər addımbaşında zəfər çağlayır.
Daha nə arzu var, ümidlə bitir,
Şəhidlər ən ali zirvəyə yetir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!