Rəşad Məcidin doğum gününə
Tanrı mayasını tutubdu "ağ"la,
Torpağı ağ, sümüyü ağ, sözü ağ.
Sən bu hekayətə ya gül, ya ağla,
Bu adamın əyrisi ağ, düzü ağ.
Ağoğlanda göz açıbdı dünyaya,
Ağ doğulub, nur saçıbdı dünyaya,
Ağ qalacaq, and içibdi dünyaya,
Sözün tutub; alnı açıq, üzü ağ.
Ağdam adlı məmləkətin uşağı,
Burda çözüb min-bir türlü tuşağı,
Çox dinləyib "dastan" deyən "aşığı";
Hekayətin mini qara, yüzü ağ.
Ağcabədi, mədəniyyət beşiyi,
Yurd yeridi, çəkilibdi keşiyi,
Sadə olub daim evi, eşiyi,
Məqamında kürsüsü ağ, mizi ağ.
Ustac deyir; tam arınıb bu adam,
Ağayana, mərd tanınıb bu adam,
Yarananda, ağ yaranıb bu adam,
Ağ adamdı; "dirsəyi ağ", "dizi ağ".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!