Gəmilər fit verir
yuxularımda
Tərk edilib, suyun dibinə batmış
Gəmilər fit verir yuxularımda
Əlsiz-ayaqsız düşmənim
Dili lal, gözləri kor dünənim
Hücum çəkir üstümə qoşun-qoşun
Qarsız amma qaranlıq bir gecəsiydi qışın
Dörd dost idik
Qaranlığa yelləncək qurub
Söyüşlü şeirlər oxuyurduq
Qaranlığı qan qırmızısı
şəraba boyamaq istəyərək
Dənizə qarşı.
Yaşamağa çalışırdıq uduzub-udub
Üstündən illər keçib həmin gecənin
Mən burdayam,
Xoşbəxtəm evimdə,
Xoşbəxtəm hər səhər gözümü açanda
sevdiyim qadını gördüyüm üçün,
Dünənki Malik ölüb,
Sabahkı Malik tərk edib bizi,
Bircə söyüşlü şeirlər oxuyan Malik qalıb
Hələ də
O qaranlıq gecədə...
Dodaqaltı şeirlər pıçıldayır...
Asi bir rüzgar
Həmişə olduğuntək qal
Dəyişmə,
Hər zaman
Azadlıq nəğmələri kimi
Bir az asi,
Bir az çılğın qal, qadınım,
Dəyişmə...
Dəyişdirməsin
Kor yolçu kimi asta dönən dünya səni.
Dünyada nəğməsi yarıda kəsilmiş
Bu qədər sevgi varkən,
Elə ilk gündən sonacan
Asi bir rüzgar kimi qal,
Qır çürük budaqlarını ömrünün
Rüzgar kimi qal,
Ən asi nəğmələri bəstələ
Ruhumda əsərkən...
Divar saatı
1
Hər tik-takında
Bir xatirə yatan divar saatını,
Xatirələri oyatmaqdan qorxurmuşcasına
Usulca götürdü divardan.
2
Həyatın hər anına
Şahidlik edən divar saatının
Yazdığı cümləyə nöqtə qoydu,
Kəllə sümüyünü deşib-çıxan gülləylə.
3
Yalnız adamlar
Bir yerdən sonra əşyalarına çevrilirlər,
Məsələn, ürəyi əsir yalnızların
Birdən ürək döyüntüsü,
Divar saatının tik-takından ayrı döyünər.
Kədərli uşaqlar
1
Bəlkə də oyuncaqçı,
Əli yetməyən oyuncaqlarda
Gözü qalan uşaqların,
Kədərli baxışlarını,
Silirdi vitrindən...
2
Mən qar yağmasın deyə, dualar edən
Uşaqlar gördüm,
Allah,
Mən
Və o uşaqların cırıq çəkmələri şahiddir
O gecələrə.
Suya düşmüş xəyalların paradı
Başucundakı divara cızıq ataraq
Çəkəcəyi cəzanın hesabını tutan dustaq kimi
Ürəyində suya düşmüş xəyalların paradı var.
İlk cızıq atandan yadigardı ürəyində
Səni necə tərk etmişdi xatırlayırsan?
Gələcəyim demişdi
O gün gözləyə-gözləyə öyrənmişdin
Həyatın ağzından tikə kimi torpağa düşən
heç kəs geri gəlmir.
Ananı itirdiyin gecə
Heç xəbərin olmamışdı yan otaqda
Bir yuxudan daha
dərin yuxuya adlayan qadından
O gündən sayı-hesabı yox
ömrünə qar kimi enən ağrıların, dərdlərin
O gündən ürəyin mil-mil şagird dəftəri...
Usta dirijor
və qələbə nəğməsi
Qollarını itirsə də geri dönməyən əsgər
Olmayan qollarıyla
Yol göstərmək istəyirdi yoldaşlarına
İndi,
Fərqi yox idi açma
Ondan uzaqda döyüşən qolları
Ön cəbhədə
Usta dirijor kimi,
Qələbə nəğmələri bəstələyirdi...
Ağaclar həsrət tökür burada
Danışdırma bu şəhəri
Danışsa çox şeylər üzə çıxar
Ölülərin sayı itər
Qanlar dizə çıxar.
O alışıb susmağa
Danışdırma bu şəhəri
Gündüzünə qarışmasın gecələri
Uçulmasın binaları
Dağılmasın küçələri.
Qırıq-qırıq ümidlər tökülər
Bakının dilindən
Ağacları həsrət tökər hər payız yarpaq əvəzi
Ayrılıq qoxuyar gülündən.
Ağaclar həsrət tökür burada
Keçmişdən gəlmə bir səstək
Dolaşır küçələri kimsəsiz adam
Divarlara sual verir
Yollardan alır cavab
Özündən qaçar burada
Özünə qaçır adam...
Sındır bütün güzgüləri
Yeniyetmələrin zirzəmilərdə
gözlərdən iraq çəkdiyi siqaretlərtək
Ayıb bir şeymiş kimi
içində gəzdirdiyin sevgi
Sevgi deyil, Əli...
Dağıt həyatını köhnə məhlələr kimi,
Dünənlərinin aynasından acıqla
gülməsin deyə, xatirələr
Sındır bütün güzgüləri...
Uçurt özülünü sabahların
Pərən-pərən elə həyatının sütunlarını
Qaç evindən
Qaçanda yaddan çıxarma
Sevinclərinin altını söndür,
Xəyallarını ümidlərdən ayır, Əli...
Sevgini və ümidlərini
Daşıyacaq sabahın,
Böləcək kimsən qalmayıb
Sonuncu pulunla aldığın kökənin
Yarısını quşlara atırsan
Pişiklərə verirsən yarısını, Əli...
Birdən səndən gec ölərəm
Bir az qorxuram, deyəsən.
Birdən səndən gec ölərəm...
Üzülərəm,
Üzülərəm...
Üzülərəm kəndir kimi
Qoparam özüm-özümdən
Birdən sənsiz doğar günəş,
Sənsiz düşər birdən gecə,
Heç bilmirəm...
Harda, necə..?
Keçirərəm bu həyatı.
Necə nəfəs alaram,
Necə ötürərəm günü, saatı
Bir az qorxuram, deyəsən...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!