"Səni sevmədiklərin soraqlar... " - Şeirlər. Cavid FƏRZƏLİ

 

 

***

Küçələrin ürəyindəki xoşbəxtliyə yox,

azadlığa tərəf ayaq açır sənsiz hər günüm...

Üstünə döndüyüm pərdə buludlarda

sənsiz pəncərəm göz açmır səhərə. Sən tərəfimin günü qaradı,

ağzı bıçaq kəsir sənsizliyin...

...Hər günün qapısı,

hər saatın ayağı

sənsiz kor bir ocaqdı.

 

...Sağ qalan ağaclara tərəf yüyürmək

canından qopursa,

qanadları qırılmış yarpaqlar müharibə payızıdı...     

Döndüyüm bütün yollar

sənə qayıtmaqdır.

 

İndi sənsiz küçələrə yağışlar əl tutubdur,

həsrətin evimin içində ev tikibdir,

gözlərin kor olduğum hər anıma arxa durubdur,

susqun olduğum hər saniyəmlə dil tapıbdır.

Mən indi bilmişəm

yaman şirin olurmuş ayrılığın dili,

Hamı ayağına düşürmüş öldüyü yolun.

 

Qoy, bir çiçək qopmasın ürəyin, baxışları solanım.

Gözlərin düşmən çəpəridir sənin,

yad güzgülərdə ölənim!

 

Küçələrin ürəyindəki xoşbəxtliyə yox,

azadlığa tərəf ayaq açır sənsiz hər günüm...

Üstünə döndüyüm buludlarda

pəncərəm göz açmır səhərə.

Hələ də

göz açan gecəyə sevirəm səni.

Mənə bir ölüm doğmadır

bir də sən...

 

 

Ən yaxın dostuma...

 

Zaman mehriban düşmənin olar,

Dünyanın ölən səhəri oyanarsan.

Əqrəbləri saralmış saat kimi,

Hər şeyin vaxtı indi olduğun düşünərsən.

 

Üzünə ən çox gülən kədərin olar,

Göz yaşlarına quyu qazar sevdiklərin,

Səni sevmədiklərin soraqlar...

 

Tənhalığın qovuşarkən başlayar,

Təkliyinə yerləşməz dünya

Bir kiçicik yuva xoşbəxtliyinə sığar.

Əlin çatmaz dibsiz sevgilərə,

dilənçilər sevər ovcunu.

 

Unutqanlığın ölümə aparan yol alar,

Dünyanın üzün tutar sevgisizliyin.

Barmaqların tətik alar,

güllələnər ağ göyərçilərin

müqəddəsliyi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!