Atam çox vaxt ciddi sözü zarafatla deyirdi.
Hafiz Paşayev
I
İçərişəhərdə köhnə bir ünvan,
divarda bir yazı: "Ədibin evi".
Orda nə təmtəraq, nə dəstgah-filan,
gör kimin evidir,
o, kimin evi.
Fikrim uzaqlara uçdu bu dəmdə,
ayları, illəri dəyişdi tamam.
Gördüm, mən yerimdən tərpənməsəm də,
başqa bir aləmdə,
həsb-haldayam...
Bizim Yazıçılar İttifaqında
şeir məclisinə düşmüşdü yolum.
Əsgər şinelində getmişdim onda,
mən də o kürsüdən
şeir oxudum.
Mir Cəlal müəllim qabaq sırada,
məni alqışlayıb gülümsəyirdi.
O nəsə deyirdi dönüb arada,
ona da, kim isə,
nəsə deyirdi.
Havası tutmuşdu bəlkə də sözün,
doğmalıq görürdüm mən o gözlərdə.
Mirzə İbrahimov[1] ordaydı o gün,
ordaydı,
tənqidçi Məmməd Cəfər də.
Mən onda itirdim anamı, onda,
nə deyim taleyin qəfil qəsdinə.
Bir gün əsgərlikdən buraxılanda,
bilmədim, heç kimin
gedim üstünə.
Nə əlimi qızdırmağa bir ocaq,
nə arxamda söykənməyə bir qaya!
Gözləyirdim,
günəş nə vaxt doğacaq,
onda baxıb sevinirdim dünyaya.
Düzü, düz görsə də, düz deməyiblər,
əzbər öyrəndiyim bəzi kitablar.
Mənə ağıl verən,
dözsün bir qədər,
həyatda tale də, təsadüf də var.
II
Mir Cəlal kimiydi!
Allah tərəfi,
tanıdığım kimsəsizlər kimsəsi.
Ona İttifaqdan[2] verilən evi
o da mənə verdi,
atam əvəzi.
Tələbəni səbrlə dinləyirdi,
eşitdiyi xahiş olsun, ya sual.
- İş axtarma, adam axtar, - deyirdi
biləndə ki, mən işsizəm,
Mir Cəlal.
Bir dəfə rektora o məndən dedi,
- Dedim ki, şairdi, xoş oldu ona.
Sonra bir dəfə də kömək elədi,
apardı məni öz
kafedrasına.
Mənim pedaqoji fəaliyyətim,
o vaxtdan başlayır bəlkə nə deyim.
O vaxtdan qalxdım mən o pillələri,
Bakı
Dövlət
Universitet illəri!
Orda qardaş dedim, o kafedrada,
Xalidə, Təhsinə, Abdullaya da.
Nəzifə bacıydı laborantımız,
cədvəli, əzbərdən bilərdi o qız.
III
- Sizin Yazıçılar İttifaqının
səhvini düzəltdi Mir Cəlal əmi...
O evdə aldığım xeyir-duanın
açdı, varaqladı sözü qəlbimi.
Aidə xanımı[3] mən unutmadım,
bir şeyə mat qaldım, bilmədim nədən, -
Hardakı əlimdən alındı haqqım,
o səs - qulağıma gəldi yenidən.
Tanrı gücündədi deyirlər insan,
onun verdiyi nə, aldığı nəydi?
Atasıgildəydi Arif o zaman, -
ailə içində, bir ailəydi.
Bir gün eşitdim ki, dedilər mənə,
Mir Cəlal borc alıb kimdənsə, yəqin,
Tikilən evlərin gedib birinə,
adını yazdırıb oğlu Arifin.
Eyvana çıxmışdı körpə qızları,
tale qismətiydi,
halal ruziydi.
Göyə boylanırdı yer ulduzları,
hərəsi bir gəncin bəxt ulduzuydu.
Qaşıq gətirmişdi Mir Cəlal bizə,
hamısı çəkilmişdi qızıl suyuna.
Bilmədim nə oldu, sonra nə isə,
evdən yoxa çıxdı, mat qaldım buna.
Mənası başqaydı o hədiyyənin,
duyduğum gizli bir ağrı-acıydı.
"Alıb gətirərəm, şairə deyin", -
Arif müəllimin ismarışıydı.
Məndən soruşmayın, neçəydi yaşım,
hələ yaş gəlirdi yaşımın üstə.
Üç yaş məndən kiçik, böyük qardaşım,
şah çinar kimiydi başımın üstə.
Keldış[4] Moskvadan gəlmişdi o vaxt,
diqqət də başqaydı rəsmi qonağa.
Cavan alimiydi Akademiyada,
Arif özü çıxdı onda qabağa.
Onların görüşü, elmi söhbəti,
soruşsan, indi də yadında durur.
Nəin ki, cümlənin bir epiteti,
bəzən bir eyham da heç unudulmur.
Adi görünməsin, bu adi deyil,
uçur o illərə indi də fikrim.
Bu, təkcə xatirə söhbəti deyil,
insan taleyidi,
mən dediklərim.
IV
Ədibə[5] sadəydi mərhum atanız,
bir az qürurluydu, bir az da məğrur.
Sən də, Elmira[6] da oxşayıbsınız,
oğul-qız, nə fərqi, gözdən oxunur.
Beləcə, hər səhər o işə gedib,
onun hər salamı, bir gül töhfəsi.
O, iki dəfə də xahişə gedib,
bir Kəbə yoluydu, məncə, hərəsi.
Mənə ev verəndə - birinci xahiş,
Püstə[7] xanımıydı, özüydü və mən.
Mir Cəlal Mehdiylə[8] köhnə dost imiş,
mən belə anladım söhbətlərindən.
- Mir Cəlal, adların siyahısını
gecdi, göndərmişik.
- Yox, Mehdi...
- Gecdi.
- Mehdi, gənc şairdi, unutma onu.
- Mir Cəlal...
- Yox, Mehdi,
- Gecikib...
- Yox, Mehdi gəncdi.
İndi də o anı xatırlayıram,
hökm ona yadıydı, o an da mənə.
O son imtahanı xatırlayıram,
order ona qaldı, ünvan da mənə.
Mən onda gördüm ki, nə daş, nə dəmir,
insan dözdüyünə dözməz o dəmdə.
Bütün sevindiyim yadıma gəlmir,
heç vaxt, ümidimi itirməsəm də.
Ancaq eşitmişəm, axtaran tapar,
gözün ya ağında, ya qarasında.
Özünə inansa, insan dağ çapar,
bu söz də yaşayır, el arasında.
V
Bir musiqi məktəbinə müdirə! -
Elmira xanımın ilk vəzifəsi.
Sonra görürlər ki, qızın o yerə
nə meyli varıymış, nə də həvəsi.
Evdə Mir Cəlala gedib deyirlər,
qız da öz sözünü çatdırır: - Ata,
Məndən qabaqkını həbs eləyiblər,
işləyə bilmərəm, gedib mən orda.
Qızının sözünü ata dinlədi,
evdə də, işdə də o, həssasıydı.
- Necə, musiqiçi?!
Sual deyildi,
bəlkə cəmiyyətə istehzasıydı.
Onu tutmasaydı görülən bir iş,
bir az incisəydi, kimdənsə bəzən, -
Üzündə təbəssüm, gözündə gülüş,
sözü sətiraltı deyərdi üzə.
- Hər kəs belə getsə, tutular, - dedi,
eşidən olmadı səsini onun.
- İdeal bir dövlət qurmaq istədi,
qədimdə İskəndər, sonra Əflatun.
O odun üstəydi, o közün üstə,
yadına düşmüşdü qabaqkı çağlar.
- Başa düşmədiyi bir sözün üstə,
başsızlar, milləti başsız qoydular.
Niyə unudulub Nargin adası,
niyə Xəzər laldı, dalğaları lal.
Qatilə - dedilər ellər atası,
əsl el atası, budur, Mir Cəlal.
Sərraf gözlərində oxunan fikir
elə bilirdim ki, bir yox, ikiydi.
O da Konfusitək[9] bir mütəfəkkir,
o da Qandi[10] kimi,
bir müdrikiydi.
O gün qəbuluna getdi nazirin,
başqa çıxış yolu daha yoxuydu.
- Qızımı o işdən azad eləyin,
ikinci,
ən ağır xahişi buydu.
Nazir Mir Cəlala hörmət elədi,
əvvəl otağına dəvət elədi,
yer təklif elədi, çay gətizdirdi,
- Siz xoş gəlibsiniz, -
o bir də dedi.
Nazir asta dedi sözü bir qədər,
istədi sınmasın bu gəlişindən.
- Xahişə gələndə, iş istəyəllər,
siz xahiş etdiniz
çıxardın işdən.
Nazirin sonuncu sözləri buydu,
nazir Mir Cəlalın oxucusuydu.
O, bir avtoqrafla, kitab istədi,
- Məndə də qoy olsun əlyazmanızdan.
Sonra təbəssümlə:
- Göndərin, dedi,
işdən azad olan o qızınızdan.
O vaxtdan çox keçib, dəyişib zaman,
həyatda nə qədər kəsir görmüşəm.
Nə Mir Cəlal kimi gözütox insan,
nə o nazir kimi,
nazir görmüşəm.
VI
"Ədibin evi"ndə başqaydı həyat,
sağ ol, Şəfəq xanım,
bu cah-bu cəlal,
əllərin toxunan hər eksponat,
dil açıb deyir ki, sağdı Mir Cəlal.
Ona hörmət qoyub akademiklər,
nə qədər əsəri, mühazirəsi...
Çox şeyi soruşub öyrənibdilər,
hələ,
ADU-dakı adicə dərsi...
Baxıb gülümsədi arada bir dəm,
Hafiz, oyaq idi fikri, diqqəti.
Məni Şəfəq xanım ayıltdı desəm,
inan,
etiraf da səmimiyyətdi.
- Şair, unutmaram mən bu diqqəti,
daim salırsınız bu evi yada.
Sizə Mir Cəlalın münasibəti,
bir əfsanə kimi yaşayır o da.
Gördüm ki, sinəsi doludur qızın,
bəlkə, ürəyində ağrı-acı var?
Mən də dinmədim ki, qoy o danışsın,
hər qəlbin,
bir sözə ehtiyacı var.
- Bir də bir insanlıq dərəcəsi var,
elmi dərəcələr hardasa tutmur.
Burda insan kimi xatırlayırlar,
onu,
Mir Cəlalı,
hörmət də budur.
İnsan əvəzsizdi dedim dünyada,
cəmiyyət - bir seldi səsli-soraqlı.
İnsan axtarıbdı qoca Sokrat da,
insanlar içində,
əliçıraqlı.
Heç kəsin könlünə qız toxunmadı,
işıqla doluydu könül aləmi.
Gözündən bir qərəz, kin oxunmadı,
yenə gülümsədi əvvəlki kimi.
İşıqla doluydu,
könül aləmi.
VII
Açılıb-örtülən bir çarpayıda,
qatlayıb yatmışdın ayaqlarını,
Üstün açılmışdı,
örtdüm arada,
Mir Cəlal görürmüş sən demə, bunu.
Mənə minnətdarlıq elədi Hafiz,
durub ayaq üstə o boyda alim.
Mənim diqqətimdən çox dedi Hafiz,
diqqətim tutubmuş,
bəlkə də Hafiz.
Qəlbimdə nə qədər hisslər oyandı,
açıb söyləyərdim,
danış, desəydin.
Onda Mir Cəlalın mən aspirantı,
sən də Moskvanın tələbəsiydin.
Bilmədim, hayandan əsdi o yellər,
o baş əyilmədi şöhrətə, ada;
Fəxri xiyabanda dəfn elədilər,
fəxrimiz,
bir fəxri ad almasa da.
- Mir Cəlal, hansıdı ən şah əsərin?
Dedi: ailəmdi,
fəxri adıyla!
Bir qələm sahibi mütəfəkkirin,
bəlkə də şifahi
hesabatıydı.
Ərdəbil deyilən səfalı bir yer,
Arazdan o yana - bir mahal olub.
Arazdan bu yana keçiribdilər,
Gəncədə böyüyüb,
Mir Cəlal olub.
Xeyirdə kimsəsiz, şərdə təkiydim,
harda axtarırdın o gün sən məni.
İnsanlar içində,
yerdə təkiydim,
göydənmi gəlmişdin, gördün sən məni.
Bir fikir tapanda, sevinirəm mən,
deyirəm, bax budur sözlərin şahı.
Onu pozanda da sevindirirsən,
Tanrım,
yeni fikir verirsən axı.
Mənim düşündüyüm o cür deyilmiş,
şairlik taledir,
ömür deyilmiş.
VIII
Yaxın dostlarının çıxmaz yadından,
Mir Cəlal -
xəlvətdə şamtək yanırdı.
O zaman "Füzuli" tədqiqatından,
Bertels[11], Moskvada maraqlanırdı.
Sonralar Bakıda olanda belə,
deyirlər görüşə daim tələsib.
Gəlib akademik Mir Cəlalgilə,
orda çay da içib,
çörək də kəsib.
Onun damarında başqaydı qanı,
tale qismətiydi Araz-Kür boyu.
O Taylı, bu Taylı Azərbaycanı,
bir canda yaşatdı,
bir ömür boyu.
Mir Cəlal, necəsən, deyən olmadı,
həyata, dünyaya nə dedin, ustad?
O Tayda, bu Tayda yiyən olmadı,
sən mənə
yiyəlik elədin, ustad.
Hardan biləydin, qız nəvən bir gün,
Qalib Sərkərdənin sevdiyi mələk, -
Qalxacaq üstünə
Xudafərinin,
o Taya, bu Taya əl eləyəcək!
Haqqın dərgahında, bu nədi, şair,
bu sirli dünyada niyə sirr olmur.
Bu da taledimi?
Taledir, şair,
bir an sonranın da hökmü bir olmur.
Şanlı çağırışı beləydi onun,
eyham səmimiydi, söz səmimiydi.
Ən çətin anlarda,
Dəmir yumruğun,
44 Gün - tarixi bir təqvimiydi.
Min il ömür sürdü o Tayda millət,
gərdi sinəsini alova, oda.
Dilindən düşmədi İslam, Şəriət,
minbərdən deyilən,
duaları da.
Məndən soruşursan, qoy deyim nədir,
o qədim dünyanın ilk yadigarı.
Bir - Həzrət Əlinin dedikləridi,
bir də -
Peyğəmbərin şah kəlamları.
Böyükçöl[12] gör, harda düşdü yadıma,
yarı işıqdadı, yarı kölgədə.
O da bir ruh kimi yaşayır, amma
görünən tərəfi,
mənəm, bəlkə də?!
Sözümü sən eşit, səsimi göylər,
"mütləq" olan yerdə, bir "nisbət" də var.
Əsrdən-əsrə bir söz, bir xəbər,
nəsildən-nəsilə,
əmanət də var.
IX
Yaşayır insanın qan yaddaşında,
nədirsə, bilmirəm, amma əvəzsiz.
O evdə,
o halal süfrə başında,
mənim də öz yerim varıydı, Hafiz.
Onda səfiriydin, ilk səfirimiz,
dünyanın qarışıq zəmanəsiydi.
Sənin də öz yerin varıydı, şəksiz,
o da -
Klintonun[13] ailəsiydi.
Biz səni görürdük televizordan,
gəldi məktubun da, Bakıya bir gün.
Mənə, darıxıram, - yazırdın ordan,
burdakı,
ədəbi söhbətlər üçün.
Yaxşı yadımdadı, qoy indi deyim,
dəvət eləmişdin, görüşə bizi.
Hikmətiydi[14],
Məmmədiydi[15],
məniydim,
gəl, qaytar o şeir məclisimizi.
Sən axı rəssamsan, əlində fırça,
bir sağlam gülüşə xalq acdı, Hafiz.
Atan Mir Cəlalın satirası da
sənin şarjlarına
möhtacdı, Hafiz.
Vaxt da - keçdiyimiz ömür yoludur,
ana südü kimi o halalındı.
Mənim ilk şeirlər kitabım durur,
onun da ön süzü,
Mir Cəlalındı.
Çoxu, Mir Cəlalı xatırlayırdı,
oğlanlar içində, qızlar içində.
Onu, atalılar ata sayırdı,
mən təkiydim,
atasızlar içində.
O, harda olsaydı, haqqın səsiydi,
gündüz dincliyi yox, gecə yuxusu.
Millətin yarısı - tələbəsiydi,
qalan yarısı da -
öz oxucusu.
X
Bir məktub yazmışdım, bir az sevincək,
İran səfirliyi çağırdı məni.
Bakıda - Şəhriyar günü keçirəm,
orda,
Təbrizdə də - Mir Cəlal günü.
Şəkil də seçmişdim, kitab da verdim,
bir əlyazması da apardım o gün.
Bir də,
Mir Cəlala həsr elədiyim,
mənim şerim idi, o görüş üçün.
Deyirdim, qırx milyon Azərbaycanın,
səkkiz milyonu da üstünə gəlsək, -
bizi görəcəkdi gözü, dünyanın,
Tehran da
Bakıya əl eyləyəcək.
Onda tariximiz çıxacaq üzə,
doğma balasıyıq, biz də Arazın.
Bu şanlı günlərdən o günümüzə,
mənim misralarım
salam aparsın!
Bakıdan Tehrana məktub getmədi,
gözləyə-gözləyə qaldıq burda biz.
Mənə, Abbasəli müəllim dedi, -
bizim
İrandakı öz səfirimiz.
Arazı, sərhədi bizdən qorudu,
fars da yorulmadı,
bu tayda rus da.
İki bölünməkdən Söhrab[16] da qorxdu,
onun cavan dostu,
Sayman Aruz[17] da.
Mən indi bildim ki, dünya yuxuymuş,
o kimin evidir,
gör, kimin evi?!
Mənim alın yazım bəlkə də buymuş,
Allahım, nə deyir,
"Ədibin evi"?
O deyir: yaxşılıq itmir dünyada,
əbədi əkilir torpağa, daşa.
Yaşa, yaxşıların haqqıdı, yaşa,
Mir Cəlal müəllim,
məndən sonra da.
İyun-iyul, 2022
[1] O illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq yazıçısı
[2] Azərbaycan Yazıçılar Birliyi
[3] Arif Paşayevin xanımı
[4] 4 - SSRİ Elmlər Akademiyasının o vaxtkı Prezidenti
[5] Mir Cəlalın ortancıl qızı
[6] Mir Cəlalın böyük qızı
[7] Püstə xanım - Mir Cəlalın xanımı
[8] Mehdi Hüseyn - Azərbaycan Yazıçılar İttifaqının o illərdəki sədri, Xalq yazıçısı
[9] Çin filosofu
[10] Hind filosofu
[11] SSRİ Elmlər Akademiyasının həqiqi üzvü
[12] Gənc yazıçı
[13] ABŞ-ın o illərdəki Prezidenti
[14] Hikmət Ziya
[15] Məmməd Araz
[16] Cənubi Azərbaycan şairi Söhrab Tahir
[17] Cənubi Azərbaycanın gənc şairi Sayman Aruz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!