Azərbaycan bayrağı
Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlumun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı.
Göylərin göy qurşağı, Azərbaycan bayrağı!
"Balam" deyib ağlama, o millətin balası,
Vətən yolunda getdi, qurdu qeyrət qalası,
Düzəlt, qəddini düzəlt, şax dur, şəhid anası,
Ucalarda saxlayar, tökülən qan bayrağı.
Göylərin göy qurşağı, Azərbaycan bayrağı!
Yaşılı İslamçılıq, göyü Turan şanıdı,
Qırmızı, Vətən oğlu, şəhidlərin qanıdı,
Ümummilli liderin bizə ərmağanıdı,
Oğullardı ucaldan, ata sancan bayrağı.
Göylərin göy qurşağı, Azərbaycan bayrağı!
Tanrıdan səda gələ, yazdığın haqqa yaza,
Mələklər səcdə edə, bu Aya, bu ulduza,
İgid oğlanlarımız, sevdiyi gözəl qıza,
Atsın zərif çiyninə, versin nişan bayrağı.
Göylərin göy qurşağı, Azərbaycan bayrağı!
Azadlığın yanğısı alışar, sönməz dedi,
Millətim haqq yolundan,
heç zaman dönməz dedi,
Bir dəfə qalxan bayraq, bir daha enməz dedi,
Endirmərik bir daha işıq saçan bayrağı.
Göylərin göy qurşağı, Azərbaycan bayrağı!
Könlümdə göyərəni Qarabağda bitirsin,
Dalğalansın, arzumu Savalana yetirsin,
Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,
Düşmənlərin köksünü oda yaxan bayrağı.
Göylərin göy qurşağı, Azərbaycan bayrağı!
Hayqırır azad ölkəm tiranlara, şahlara,
Son qoyulsun deyirik zülmlərə, ahlara,
Qaranlıq gecələrdən, işıqlı sabahlara,
Oyatsın səhər mehi, oxşasın dan bayrağı.
Göylərin göy qurşağı, Azərbaycan bayrağı!
Gözəldi qarlı qışı, həm də yazı Vətənin,
Qəriblikdə bilinər dadı-duzu Vətənin,
Uğrunda şəhid olaq, ya da qazi Vətənin,
Yolunda verək qurban, qorusun can bayrağı.
Göylərin göy qurşağı, Azərbaycan bayrağı!
Nizami
Nizami Gəncəvi-880
Tanrı bəxşiş kimi verib Gəncəyə,
Adı bir çəkilir Gəncə, Nizami.
Dünyada nə qədər söz ustadı var,
Başda dayanıbdı öncə Nizami.
Hikmət dəryasıdı, getsən dərinə,
Misrası qoxuyar çiçək yerinə,
Elə doğmadı ki, biri-birinə,
Nizami Gəncədi, Gəncə Nizami.
Yeddi gözəlindən biridi Göygöl,
Bu yurdun ən gözəl yeridi Göygöl,
Gəncənin gül-çiçək zəridi Göygöl,
Elə bil dəribdi qönçə, Nizami.
İlhamı qaynayıb bulaqlar kimi,
Vüqarlı dayanıb şah dağlar kimi,
Dərsini bilməyən uşaqlar kimi
Atıb çox şairi küncə Nizami.
Səkkiz yüz səksən il keçib yaşayır,
Dahilik meyini içib yaşayır,
İllərdi dünyadan köçüb yaşayır,
Örnəkdi cavana, gəncə Nizami.
Bilib qiymətini hər ötən anın,
Sözünü yeməyib xaqanın, xanın,
Bakı paytaxtıdı Azərbaycanın,
Könüllər paytaxtı Gəncə-Nizami.
Min bir sınaq eylə, yüz çək şairi,
Əyməz hər imtahan, hər yük şairi,
Sevgin, bu dünyanın böyük şairi,
Məncə, Nizamidi, məncə, Nizami.
Qələbə qismət elə...
Hələ ölməmişəmsə ürəyimin tabıdı,
Vulkan kimi püskürür, hələ göylərdə ahım.
Onu görmədən ölmək cəhənnəm əzabıdı,
Məni belə əzaba tuş eləmə, Allahım.
Qələbə qismət elə, Tanrım, Azərbaycana.
Dəllalların əlində siyasətin bazarı,
Qəlbimizi şam kimi yandırıb tutaq sənə.
Yeriyən pilləkəndi hər şəhidin məzarı,
Gəlirik səcdənə biz, az qalıb çataq sənə.
Qələbə qismət elə, Tanrım, Azərbaycana.
Yağı gərək boğula özü murdar qanında,
Yolunu gözləyirik nə vaxtdı belə anın.
Düşmənə qahmar duran dövlətlərin yanında,
Sözün kəsərli elə Ali Baş Komandanın.
Qələbə qismət elə, Tanrım, Azərbaycana.
Uşaqları öldürür insafsızdı bu yağı,
Quruyubdu göz yaşı içimizdə qəhərdən.
Biz xəbər gözləyirik, ey təklərin pənahı,
Hər qaranlıq gecədən, hər işıqlı səhərdən.
Qələbə qismət elə, Tanrım, Azərbaycana.
20 avqust 2020
Ali Baş Komandanım
Mənim doğma yurdumda bu hayların nə işi,
İçimdəki bu dərdlə haçanacan utanım?
Dönüm sənin başına, dayandırma atəşi,
Şərəfi olmayanla sülh olmaz, Komandanım.
Ürəklərdə nalədi, qulaqlarda top səsi,
Qaramat zindan idi azad olan ruhumuz.
İndi-indi düzəlir belimizin əyrisi,
İçimizdə boy verib dikəlir qürurumuz.
Könlüm toxdu özgənin torpağında gözüm yox,
Tanrıdan gələn payım beş-üç səslə dəyişməz.
Belə bir atəşkəsə vallah indi lüzum yox,
Donuzun donuzluğu atəşkəslə dəyişməz.
Otuz ildi ah-vayla keçib dəqiqəm, anım,
Düşünmüşəm hər kəsin Tanrıdan qisməti var.
Bu tayfaya inanma, Ali Baş Komandanım,
İçində gəzdirdiyi erməni xisləti var.
Səs salıbdı dünyaya yazıq-yazıq səsi ilə
Türkiyədi yağdırır başıma dron deyir.
Əl açır liderlərə, həminki hiyləsilə,
Gah Trampa yalvarır, gahda ki, Makron deyir.
Bir dağın zirvəsində dönüm, vətən daşına,
Torpağımı bəzəsin mənim də şəhid qanım.
Dayandırma atəşi, dönüm sənin başına,
Qələbə müjdəsi ver, Ali Baş Komandanım.
7 oktyabr 2020
Deyir
Otuz ildi çəkirik görünməmiş zilləti,
Üstümüzdən götürdü Ali insan töhməti,
Milləti bilinməyən erməniyə nifrəti,
Səngərdəki əsgərin gözlərində qan deyir.
Üstümüzə gəlsə də dörd tərəfdən yağılar,
Silah ilə yanaşı yollar cızır ağıllar,
Yetişib neçə-neçə Polad kimi oğullar,
Qurban olsun Vətənə ürək deyir, can deyir.
Çıxar ey köynəyindən, aşıq köklə sazını,
Toya, şənliyə döndər bu millətin yasını,
Vətən yolunda gedən şəhidin laylasını,
Çiçək üstə şəbnəmə qızaranda dan deyir.
İndi qaçan görürük meydan sulayanları,
Yağış kimi süzülür Qarabağda qanları,
Qovduq iti qovantək, daban yalayanları,
Azərbaycan xalqına Ali Komandan deyir.
***
Qəlbin öyrəşsə aha,
Sevinc gəlməz bir daha,
Ölümdən gələn xofa,
Gülməkdən qorxur adam.
Seçməz yaxşı-yamanı,
Gözə çəkər dumanı,
Ölüm gələn zamanı
Bilməkdən qorxur adam.
Yoldu, haqq yolu deyil,
Qədimdi ulu deyil,
Ölüm qorxulu deyil,
Ölməkdən qorxur adam.
Vədə, vaxtdı deyənlər,
Yatdı bəxti deyənlər,
Ölüm haqdı deyənlər,
Ölümdən qorxar adam?
Bircə, gəl
İsmi pünhan, hardasan,
Günəşdən al nurca gəl.
Gecikmə bu görüşə,
Saatını qurca gəl.
Küləklə gəl yelə dön,
Mizraba dön, telə dön,
Dağdan gələn selə dön,
Xan Araz ol, Kürcə gəl.
Gözəl, gözəl deyirsən,
Poeziyasan, şeirsən,
Başdan-başa sehrsən,
Gizli-gizli sircə gəl.
Söz çıxarma sözümdən,
Nə danışma dözümdən,
Yolları yığ gözümdən,
Bircə, gəl ey Bircə, gəl.
Məni sevəcəksən
öləndən sonra
Ölüm gətirəcək səadətini,
Ümidlə boylanma gələn sabaha.
Öləndə tapacam məhəbbətimi,
Ölünün qiyməti diridən baha.
Məni sevəcəksən öləndən sonra.
Gəncliyim həsrətin odunda yanıb,
Hicranın dadını çəkənlər bilər.
Gündüzlər başının üstə dolanıb,
Yuxuna gələcək ruhum gecələr,
Məni sevəcəksən öləndən sonra.
Tellərin siləcək alın tərini,
Doğmalar yad olub səndən qaçacaq,
İsladıb zil qara kirpiklərini,
Göz yaşın gözündə çiçək açacaq.
Məni sevəcəksən öləndən sonra.
İllər gətirəcək yaş üstə yaşı,
Bu sirri qəlbində saxlayacaqsan.
Həmdəmin olacaq bir məzar daşı,
Önündə diz çöküb ağlayacaqsan.
Məni sevəcəksən öləndən sonra
Yandırdın hicranın odunda məni,
Çıxmadıq sevginin sınaqlarından.
Başdaşım köksünə sığacaq səni,
Öpəcək şeh düşmüş yanaqlarından
Məni sevəcəksən öləndən sonra.
Hələ ki ömr elə sən gülə-gülə,
Hələ yetişməyib sənə bəd xəbər.
Əzizim, taleyim yazılıb belə,
Mən diri bədbəxtəm, ölü bəxtəvər.
Məni sevəcəksən öləndən sonra.
***
Mən dəvəsi ölmüş ərəbəm, gözəl,
İnan ki, dözərəm nə cəza versən.
Rəssam deyiləm rəsmini çəkəm,
Nazını çəkərəm icazə versən.
Ağarıb saçlarım olubdur dən-dən,
Başımın üstünü alıb duman, çən,
Dünyanın xoşbəxti mən olaram, mən,
Vüsal vədəsini bu yaza versən.
Köməyə çağırıb şahlar-şahını,
Xeyirə açaram hər sabahını,
Allah bağışlamaz, bax, günahını,
Dayandur Sevgini güdaza versən.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!