...Ya Rəsulum!
Qızıl-gümüş yığıb onları
Allah yolunda xərcləməyənləri
Axirət günündə şiddətli bir əzabla (qarşılanacaqları barədə xəbərlə) məyus et!
...Yığdıqları, Qiyamət günü cəhənnəm atəşində qızdırılıb alın, böyür
və kürəklərinə dağ kimi basılacaqdır!..
"Tövbə" (9) 35-36-cı ayələr
Bizə nazil olan tək qorxu deyil,
burda xeyirxahlıq, mərhəmət də var.
Bizə nazil olan tək sayqı deyil,
burda hikmət dolu fəzilət də var.
Açdım yenə mən bu fövqəl kitabı,
ayələr gözümdən qəlbimə hopdu.
Bu da Xudavənddən gələn bir təlim
bu da üzü Haqqa gedən bir yoldu.
İbadət, səxavət - ikisi də hünər,
biri o birindən heç geri qalmaz.
Kim ki, səxavətdə sınaqdan keçər,
o şəxsin qapısı duasız olmaz!
Çox uca məqamdır əliaçıqlıq,
bu bir xoş istəkdir, təmiz niyyətdir.
Mömin ibadəti mənəvi paklıq,
müdrik səxavəti xalqa xidmətdir.
Kaş ki, anlayaydı bunu zənginlər,
kaş bunu varlılar duya biləydi.
Hər bitkin imanlı var-dövlətini
el-oba yolunda qoya biləydi.
Allahım, Sənin ki, qüdrətin nə çox,
nizam ver, düz yolla getsin insanlar.
Qoy bunu Cəhənnəm qorxusuyla yox,
Cənnət sevgisiylə etsin insanlar.
Səxavət, vaxt olur ibadətdən də
üstündür, söyləyir aqil kişilər.
Əlbəttə, örnəkdir, məktəbdir bizə
fikri, düşüncəsi kamil kişilər.
Siz ey iman deyib Həccə gedənlər,
Həcc ilə axirət qazanılırmı?
Suçundan xoflanıb Tövbə edənlər,
Tövbəylə günahlar azaldılırmı?
Yox-yox, yaxşılıq var Tövbəyə örnək,
nə çoxdur insanlar imam misallı.
Fironlar apara bilmirsə, demək
Dünyada qalacaq dünyanın malı.
Ya Rəhhim, Sən özün onları qoru,
xeyirxah insanlar gözə gəlməsin.
Ancaq bu əməldə bir şərt də vardır,
Sağ əl verdiyini sol əl bilməsin!
Möminlərin əmiri Həzrət Əlidən
qalma kəlamdır!
14.07.2022
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!