Ədəbi suprematizm: A=B=C - Şeir-esse. Əli Şirin ŞÜKÜRLÜ

 

A

 

Necə də bir-birinə bənzəyər hər şey:

insanlar, ağaclar, quşlar, çiçəklər,

şəkillər, güzgülər, qapılar, pəncərələr...

 

Stəkandan qurtum-qurtum içilən su qurtum-qurtum azalar.

İnsan sudu: üzüaşağı axar, damla-damla tükənər; indiki halı şəklində

görünsə də, keçmiş halıdı gələcəyin.

Dəyişən halıyla süzgəcdi yaranan

nə varsa bu yer üzündə, zaman qərar tutmaz, gələcək keçib ondan

süzülər keçmişə.

 

İnsan ağacdı: yarpaq-yarpaq tökülər, ağac insantək yarpaq-yarpaq ürək itirər.

İnsan quşdu: uçmağı sevər, nə qədər uzağa uçsa da belə, ucalıqdan yorulmağı var. Daima ucalıq qorxusu yaşar, çıxa bilməz yerin cazibə qüvvəsindən.

Nə az, nə çox, cəmi 4-dü insan: dolar-boşalar, axar-azalar, alışar-yanar,

Ovular çat-çat olar. Sonda yenə torpağa dönər; ya bərk, ya da maye şəklində.

 

Hərdən adamın içində özünə cəza vermək tələbi doğur, özünə

hökm çıxarmaq istəyi olur. Torpağa, suya, havaya dönmək,

bəzən də lap yanıb kül olmaq keçər könlündən. Hər an qayıdış istəyi var;

adamın içində özü də bilmədən çox vaxt, ilkinliyə qayıdış istəyi.

 

B

 

İnsan bir az da qapıdı, açılıb-örtülər. Açılıb-örtülən qapılardan evlərin təngnəfəsliyi duyular. Döyülər qapılar, elə hey döyülər. Ayrılıqdı, görüşdü, həsrətdi, sevgidi, nifrətdi qapı. İnsan həm də pəncərədi - görünər hər iki tərəfi.

Pəncərə - hüdudsuzluğa çıxışın işarəsi, həyatın dördbucaqlı mənzərəsi. Girişdi, çıxışdı, şəkildi, güzgüdü pəncərə. Bir də hüdudsuzluq və bir də məhdudiyyətdi pəncərə.

 

Hər şey bir-birinə bənzər, hər şey bir-birinin təkrarı, hər şey bir-birinə

bərabər həm də: A  B-yə, C  B-yə bərabərdisə, demək, C  A-ya da

bərabərdi: A = B = C.

 

Ağac həm də quşdu, quş - balıq, balıq - su, su - torpaq, torpaq - insan,

insan - idrak, idrak - Allah, Allah - kainat.

Göy üzü - dəniz, ulduzlar - çiçək, çiçəklər - kəpənək, kəpənəklər - uçuş;

uçuşun nə olduğunu heç nə anlada bilməz kəpənək uçuşu qədər.

..................................................................................................................

 

Budaqdan asılıb yırğalandıqca uçmaq keçər könlündən, amma unutma:

budaq qırıla da bilər. Yıxılmaq uçmağa bənzəsə də, ölümü də xatırladar.

Qırılan yeri budağın ayrılıqdı, ağrıdı, acıdı, həsrətdi - anlaya bilsən.

 

İki əli, iki ayağı üstə düşər yıxılan adam bəzən - özünü qoruma instinkti.

Əyilib iki əli, iki ayağı üstə keçər ayaq üstə keçə bilmədiyi yerdən.

Heyvan əyilmiş şəklidi insanın.

Pəncərə canlı şəkildi sanki asılıb otaqdan. Güzgü - şəklin hərəkət halı.

 

Qartal duruşu ilə Azəbaycanın xəritədəki şəklinə bənzər Azərbaycan əsgəri.

Artıq qürurla dinləyirik  "Cənab leytenant" mahnısı oxunan zaman - özü də oxuyan Şəmistan ola - bir az da ağrı keçər adamın içindən bütün müharibələrin həm də məğlubiyyət olduğunu anladıqda.

Ayrılıqdı, həsrətdi, nisgildi, ağrıdı, acıdı həm də insan.

 

C

 

Hər şey bir-birinin təkrarı, hər şey bir-birinə bənzər, hər şey bir-birinin içində

həm də, bir-birinin altçoxluğu: B  A-ya, C  B-yə daxildisə, o zaman C  A-ya da

daxildi - riyazi məntiq.

 

Sevgi insanın içində, xəyanət sevginin, ağrı xəyanətin, acı ağrının, həsrət acının.

Əgər kimsə səni sevdiyini söylərsə, bil ki, xəyanət də istisna deyil. Kimsə nifrət

edərsə, nə zamansa sevə də bilər.

 

Zamanı daha çox zamana şahid köhnə saatlar anladar - fırlasan oxlarını geriyə

döndərə bilməzsən yaşananları:

"Yaşanmış sevdasan, zamantək geri dönməzsən, keçmiş zamansan artıq".

Sevgi ismarışları süni yaddaşlarda, neçə baytlıq sevgi uyuyar elektron xatirələrdə; yerini verməz saralmış vərəqlərdəki sevgi məktublarının. Texniki tərəqqi - ülvi hisslərin qənimi.

Süni intellektin zamanı gəlir; əlvida sevgilərə, əllər yuxarı!

 

Mübarizə varsa, məğlubiyyət də var.

Qələbə - rəqibi məğlub etmək yox, öncə özünə qalib gəlmək məharətidi.

Mübarizə varsa, məğlubiyyət savaşın içində, qələbə məğlubiyyətin.

 

A = B = C

 

Hər şey bir-birinin içində, hər şey bir-birinin bənzəri, hər şeyin öz

tutumu amma. Heç nə tutumundan artığını götürməz, insan da.

Ağaclar, quşlar, otlar, çiçəklər, ulduzlar, səma, sevgi, nifrət, həsrət ...

Allah insanın içində tutduğu qədər, dünya Allahın içində.

 

Hər şey bir-birinin təkrarı, hər şey tək-tənha, amma hər şey çox həm də:

dolub-daşar stəkandakı su kimi, axar zamantək - geri dönməz, azalar

insansayağı - asta-asta hopar torpağa;

                   

A-lardan, B-lərdən, C-lərdən birinin bətnində

A-lardan, B-lərdən, C-lərdən birinə dönər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!