Qarası
Adama xoş gəlir başın qarası,
Bəzən lələ dönür daşın qarası.
Tanrı naxışıdı qaşın qarası,
Çox vaxt üz ağardır gözün qarası.
Doğur qara torpaq ağı gül kimi,
Bulud pərdə tutur göyə tül kimi.
Bir gün kömür kimi,
Bir gün kül kimi
Yenə lazım olur
Közün qarası.
Gözələ deyirəm:
- Aha, gözəldi,
Ucuza uymuram, baha gözəldi.
Əyrinin ağından daha gözəldi
Doğrunun qarası, düzün qarası.
Böldüyünə baxıb gülür bölüncə,
Sonra da uğunub ölür gülüncə.
Adamın üzündən getmir ölüncə
Yediyi bir kəlmə sözün qarası.
Bir zaman
Görmüşdüm yaylağa köçəndə onun
Uğultu gəlirdi içindən onun.
Bir axşam yanından keçəndə onun
Qəfil tuş olmuşdum qurda bir zaman.
Gurumluq varıydı,
Bir az uzaqdı,
Girməyə qorxardıq günorta vaxtı.
Hamının odunu qalaq-qalaqdı,
Bu meşə arxaydı yurda bir zaman.
Sağından baxanda solu görünür,
Ağacı görünür, kolu görünür.
Dalında kiminsə qolu görünür,
Bir meşə varıydı burda bir zaman.
Söz və yuxu
Söz qapımı döyəndə,
Qapımı Tanrı açır.
Sözə gəl-gəl deyəndə,
Yuxum bacadan qaçır.
Yuxuyla sözün başı
Qaynamır bir qazanda.
Hardan bilsin ki, naşı,
Nə çəkirəm yazanda.
Duyğular düzüm-düzüm,
Sətirlər sıra-sıra.
Dözürəm, canım-gözüm,
Yaxamı cıra-cıra.
Başımdan pulmu yağır,
Sözdü varım-yoxum da.
Gözümdə şimşək çaxır,
Yanıb gedir yuxum da.
Qurbansız olmur, bala,
Bir günüm, bir anım da.
Yuxusuz qala-qala
Can əriyir canımda.
Olacaqmı
Qəlbində min arzu, biri ad qoyur,
Biri ad qoyanı söyüb od qoyur.
Çox vaxt doğma susur,
Adı yad qoyur,
Yadın qoyduğu ad ad olacaqmı?!
Mən ki bu dünyada çox şeyə yadam,
Yadların canına getsin hər qadam.
Ağzının dadını bilməyən adam,
Bişirdiyin aşda dad olacaqmı?!
Məni yaxşı-yaxşı dinlə, at alan,
Bazar çox böyükdü, rahat gəz, dolan.
Gözünün tutduğu çöpüklü qulan
Gör Qırat, Dürattək at olacaqmı?!
Neyləyim mən
Qatarını düzür quşlar,
Başım üstə süzür quşlar.
Həsədimi sezir quşlar,
Süzəmmirəm, neyləyim mən?!
Qatarını düzür quşlar,
Göy Xəzərdə üzür quşlar.
Həsədimi sezir quşlar,
Üzəmmirəm, neyləyim mən?!
Gah göylərdə süzür quşlar,
Gah sularda üzür quşlar.
Qəfəsdə də dözür quşlar,
Dözəmmirəm, neyləyim mən?!
Qarışır
Bulud dağın üstdən belə aşdımı,
Hava bir az nəmdi, bir az yaşdımı.
Yağışlar yağdımı, çaylar daşdımı,
Bulaqlar da axıb selə qarışır.
Boğazı tıxanır, un udur hərdən,
Sanır ki, dünyanın sonudur hərdən.
Gecəni, gündüzü unudur hərdən,
Adamın ovqatı elə qarışır.
Dünya öz rənginə boyanıb durur,
Günəş də üfüqdən boylanıb durur.
Yelsizlər dağ kimi dayanıb durur,
Yellilər yellənib yelə qarışır.
Bax mənə danış
Tutulmuşdu deyə bərəmi, döndün,
Qabağına çıxdı dərəmi, döndün.
Gözümdən gizlənib şirəmi döndün,
Gözümün içinə bax, yenə danış.
Xeyri olmayacaq bir də dalında,
Vallah göy də dursa, yer də dalında.
Nə dil-dil ötürsən pərdə dalında,
Pərdənin dalından çıx önə, danış.
Dumana bax, yeri, çənə bax, yeri,
Arxaya bax, yeri, önə bax, yeri.
Yeriyə bilmirsən, mənə bax, yeri,
Danışa bilmirsən, bax mənə, danış.
Keçilməz olur
Fələk bir namərdin sözünə uyub,
Neçə-neçə mərdin gözünü oyub.
Bir bulaq görmüşəm, dizini qoyub
Gözündən içməsən, içilməz olur.
Kimin taxtı varsa, onun baxtı var,
Kimin baxtı varsa, onun taxtı var.
Ürək bir zəmidi, biçin vaxtı var,
Vaxtında biçməsən, biçilməz olur.
Təqsirkar üzünə üz tikib gəlir,
Sənə umudu var, göz dikib gəlir.
Ağzından bir ətək söz töküb gəlir,
Vaxtında keçməsən, keçilməz olur.
Gözəllik önündə
susan tüfəng
Ovu ləpirindən tanıyır ovçu,
Bələddi oylağın hər bərəsinə.
Kəkliyi, turacı sanıyır ovçu,
Hər xoruz göz qoyur öz fərəsinə.
Ovçunun qəfildən yadına düşür,
Quşların yumurta qoyan vaxtıdı.
Turaclar səs-səsə verib ötüşür,
Onların sevişən, duyan vaxtıdı.
Turaclar, kəkliklər bir qaqqıldaşdı,
Hər kolluq bir mağar, altında toydu.
Ovçunun sevinci kükrəyib daşdı,
Güllələri bir-bir qatara qoydu.
Bürüyüb kolluğu bir haray, cəngi,
Quşlar oxuyurdu,
Dağ-dərə laldı.
Dinsə od püskürən ovçu tüfəngi
Gözəllik önündə kiriyib qaldı.
Ağ saçlarım
Sizə baxdım, ağ saçlarım, güzgüdə,
Heç xəbərim olmayıb ki, mən qışam.
Özüm yoxam bu düzümdə, düzgüdə,
Bu mənəmmi, mən döyləmmi, çaş-başam.
Gəlib keçdi xatirimdən çox anlar,
Qara saçlar yaman düşdü yadıma.
Bığlarıma, saçlarıma baxanlar
Qoç Koroğlu deyərdilər adıma.
Ağardınız ömrün hansı yaşında,
Sizi gördüm, üzüm-gözüm gülmədi.
Xoşlamışdım özgələrin başında,
Öz başımda heç xoşuma gəlmədi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!