"Bu ağaca su olum ki, qurumasın..." - Şeirlər. Şakir XANHÜSEYN

 

 

Miras

 

Ocağım-odum mirasdı...

Gün işığı sanki

ilahi mirastək gəlib çatır bizə...

Bəzən düşünürəm

dərdim mirasdı -

nəsildən-nəslə keçən miras,

bu gün mən ona sahiblənmişəm...

Yunus Əmrənin salamı,

Şəms Təbrizinin kəlamları mirasım,

Mirasımız;

bu mirasların yeri könüllərdir,

yaddaşlardır,

düşünən başlardır...

ey qələm, yaz:

Nəsiminin dözümü,

İnadı,

hər axşam üfüqdə saralan günəş-miras

və hamımıza yetəcək qədər

sevinc, kədər...

Xəyanətləri,

şəri,

hər cür pisliyi də

miras bilənlər var -

yox, var sayılmaz onlar...

əsrlərdən bəri

insan üzündə gələn təbəssüm,

gözlərdəki sevgi nuru,

sədaqət, inam, etibar -

Gör, nələrin varisiyəm,

Gör, nələr mirasımdı -

ömür boyu bəhrələndiyim miraslar!..

 

 

Bu...

 

Bu ağaca su olum ki, qurumasın...

Yox, bu açan çiçəklərin yanından

payız ovqatıyla keçə bilmərəm...

Qaranlığa... əlimi atdım və tez də sıxdım,

evə bir ovuc işıq aparım deyə...

Səma elə geniş görünür,

kaş bircə misram sığaydı bu nəhayətsizliyə...

 

 

Günaydın şeiri...

 

Səhər-səhər doğan günə, gün şüalarına,

hamının ilk dualarına günaydın...

Sabahın xeyir deyək eşitdiyimiz ilk səsə,

ilkin sözə...

Otlar üstdəki şehə,

sığal kimi üzlərə dəyən mehə günaydın...

Dan yeri günün çırtlayan gözünün salamını al,

quşların qanad şappıltısının salamını al...

Bir salam de qapılar,

bir salam de qarşında yollar açılsın,

boynuna dolanmağa qollar açılsın...

Rəngbərəng çiçəklərə,

sevgiylə döyünən ürəklərə günaydın,

evləri saxlayan dirəklərə günaydın...

Birinə uzatdığın əl - salamdı,

sənə uzanan əl - əleyk;

bir qəlbi ovutmağa gəl ey...

Gözəl fikirlərə, düşüncələrə günaydın,

gündüzlərə, gecələrə günaydın!

 

Hər şey...

 

Eh, bu hər şey nədi? Heç anladım ki?

Kim isə can atır hər şeyi olsun.

Arzular, istəklər sonsuz, tükənməz,

Çalış ki, bir işin haqqına varsın...

 

Bəlkə, qulağına pıçıldayan var:

Şeytan qulluğunda dur, şərə tapın...

Elə öz çiyninə yüklənir, vallah,

Gün-gündən çoxalan cürmün, günahın...

 

Hər şeydən qabağa bir tikə çörək,

Üstündən bir qurtum su kifayətdi...

Bir dəyə-alaçıq, bir dar komacıq

Bir saray adına bu, kifayətdi...

 

Bax bütün hər şeylər elə bir şeydi...

Yaxşı, vicdanını ləkələ, sonra?..

Dilin nə deyəcək bir cavab kimi

Haqqı-halallığı səndən sorana?..

 

Hər şey... bir sadala görüm hər şeyi;

Ha çarpış - nə payız, nə yay biləsən.

Nəyin artıq olar bir başqa səndən;

Uzağı, bir-iki əşya, biləsən...

 

 

***

...Eşidirsiz,

bir şeir ulayır hardasa -

yalquzaq bir şeir;

qulaqlarım tutuldu,

görər gözüm görməz oldu...

 

 

Əbabil quşları

 

Əbabil quşları göydən daş yağdırdı...

(Fil surəsi)

 

"Əbabil quşları - türk sihaları..."

 

Ey Əbabil quşları,

ayaq altda tapdanan

haqlardanmı uçub gəldiniz?

o biri üzü görünməyən

dağlardan keçib,

suyu məlhəm bulaqlardan

içibmi gəldiniz,

ey Əbabil quşları?..

Göydən baxıb bir fikrə gəlin;

çox durumu, ya lillimi

çarəsiz qalan insanların

acı göz yaşları?..

 

Ey Əbabil quşları,

zülmətin, işığı boğduğunu,

yerə yağış deyil, daş yağdığını,

əlləri qanlı yağını

görübmü gəldiniz,

darda qalanların dadına erib,

insan talelərini

qara yazanlar var

bilibmi gəldiniz

siz, ey Əbabil quşları?!.

 

 

***

Pəncərəmdən düşən işıq,

xoş hava, sabahın xeyir.

Tutun hündür budağında

ay yuva, sabahın xeyir...

 

Salam, çəngəllər, bıçaqlar,

dərman içdiyim qaşıqlar...

Ay sarı samovar, nə var,

mis tava, sabahın xeyir...

 

Bildim həmişə haqq səni,

etdim əldə çıraq səni;

ay qələm, atdım, bax, səni,

ay soyxa, sabahın xeyir!..

***

Həmişə adamı sıxan bir şey var;

bax, bu geniş dünya, intəhasız söz...

Döz, ay canım, döz,

həmişə adamı yıxan bir şey var...

 

Həmişə adamı əyən bir şey var,

yerin ağrısına göy ağlamır ki...

İnsan, yamanlığa yadırğamır ki,

həmişə ürəyə dəyən bir şey var...

 

Həmişə adamı sındırır nəsə,

sanki güc edirsən ən ağır daşa...

Donur əl-ayağın, nə gəlmir başa;

həmişə adamı yandırır nəsə...

 

Həmişə adamı qıran bir şey var,

eləcə adamdan qıran bir ağız...

Otur, mütəkkəyə dirsəklən bir az,

həmişə adamı yoran bir şey var...

 

 

Xalça üzərinə yazılmış şeir

 

Ürək gözünlə bax, çöldə çiçəklər,

xalçada çeşnilər çeşid-çeşiddir.

Əlinin çatdığı bu əlçatmazlıq

indi nə biləsən kimə aiddir...

 

Nəfəs hiss edirsən lap yaxınında;

Elə bil dayanıb kimsə yanında...

 

Rənglər çox uyumlu biri-birinə,

elə çıxıblar ki, gülləri burda

Böyük bir mənanı anladır bizə

incə naxışların hər biri burda...

 

Xəyal sədd tanımır,

sərhəd tanımır;

hər nəqşə bir fikir, bir düşüncədir...

Hər kəs ocaq çatır can yanğısıyla,

qoyub bu dünyada bir dünya, gedir...

 

...Eheyy, ilmə vuran, o əlin harda,

yaman üşüyürəm, od əlin harda?..

 

 

Üstümə quş səsləri tökülür...

 

Quş səsləri tökülür üstümə,

bir ovuc su kimi çiləyirəm üzümə bu səsləri,

ruhuma hopdurur,

qəlbimə içirirəm.

Şirələnir, şirinləşir misralar, bəndlər;

duyğular sellənir gur bir axıntək...

 

Quş səsləri tökülür üstümə,

yaşayıram səadətli,

zamanın nəfəsiylə

            hələ zəhərlənməmiş bir anımı...

Hərdən düşünürəm, ilahi, havada illətmi var;

Burnumuza dəydimi, dəyişirik 360 dərəcə...

Suçunun susuzluq,

çörəkçinin aclılıq -

bu işsizlik, dişsizlik, başsızlıq ovqatı;

şər, quyruğunu belinə qısıb çapır...

Amma mən

göy üzündəki tək-tək ulduzlara baxıb

insanın ancaq xoşbəxtlik üçün,

xoşbəxt etmək üçün yarandığını düşünür,

əlimi sinəmə basıb yüz faiz

            buna inandığımı bildirirəm;

bir anlıq üzüm-gözüm elə gülür...

Nəbzimi yoxla, gör nə qədər ahəngdar,

bu gözəl səhərin ritminə uyarlı;

Axı, üstümə quş səsləri tökülür!

 

Biləsuvar


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!