"Bir çiçək ləçəyinə öpüş qondurmaqdır qadın olmaq..." - Şeirlər. Hədiyyə ŞƏFAQƏT

 

 

***

Gedirik, qayıtmırıq, yol bizi ancaq irəliyə aparır

Yol bizi ancaq sabaha aparır,

Yol bizi ancaq itkiyə aparır...

 

Bir-birimizin içindən keçib gedirik

Bir-birimizdən keçib gedirik

Bu şəhərdən o şəhərə, bu ölkədən o ölkəyə

Bu ağrıdakı adamdan o ağrıdakı adama köçüb gedirik...

 

Allahın əzab verdiyi yerdən

Əzab vermədiyi yerə gedə bilmir adamlar.

Ağacların quruduğu yerlərdən

qurumadığı yerlərə

Çöllərin yandığı yerlərdən

Yanmadığı yerlərə.

 

Amma adamların axşam yatıb

Səhər oyanmadığı yerlərə gedirik hamımız...

 

***

Atamın məzar daşında əlimin həniri

Gözümün yaşı

Gülüşümdən bir damcı

Özümdən bir misqal.

Halbahal olmadığım yeganə yerdir atamın məzarı

Halbahal olmadığım yerdir

Orda bütün qəlbimlə bilirəm ki, mən ölüyəm,

Atam diridir...

 

***

Bir çiçək ləçəyinə öpüş qondurmaqdır qadın olmaq

Dodağını bir yarpağa toxundurmaq

Barmaqları nəğmə oxuya-oxuya çay dəmləmək

Dünyanı çək-çevir edə-edə çörək doğramaq,

Dadına baxmaq bəhanəsilə yeməkdən bir tikə oğurlamaqdır qadın olmaq.

 

Kim deyirsə ki, etməmişəm - yalandır.

 

***

Bilirsənmi indi ən çox nəyə baxıram dincliyin içində -

Küləyin vərəqlədiyi kitaba.

Nədir qəlbimi sakitliyə qərq edən - küçənin səsi.

Ən çox harda döyünür ürəyim  -  əllərimin içində, barmaqlarımın ucunda

Ən çox nə kədərləndirir məni - anamın xatirəsi.

 

Sən məni xatırlayanda bir insan gətirirsən gözlərinin qabağına

Ancaq

Ağac kimi quruyub

Ot kimi göyərmişəm dünyanın ortasında və bilirəm ki, buralarda

Bir daha sevgi yağışları yağmayacaq.

***

Bir budağın yuxusuyam

O yuxuda adam olur budaq

O yuxuda yeriyir budaq

Su içir, dua edir, kədərlənir, ağlayır, kiriyir budaq...

 

Ən yaxınlarını itirir

Ən uzaqlara dikilir gözləri

Ağacları sevir... sevir... sevir... - kökünə çəkir

Gəl ki, yuxudan oyanmaq istəmir budaq.

 

Bir quşun yuvası olur ürəyi

Kəpənək qanadı olur ürəyi

Çırpınır, çırpınır, çırpınır yazdan payıza - saralmağa, tökülməyə, qurumağa...

 

Onun yuxudan qayıdıb budaq olmağa vaxtı qalmır,

Mənim adam olmağa...

 

***

Bir qucaq Günəş işığı həmişə ordadır, üfüqdədir, Amina

Səhər də ordadır,

Axşam da ordadır

Heç kimə verilməyən bütün suallar da ordadır

Heç kimin vermədiyi cavablar da ordadır

Allah da ordadır, Amina,

Göndərdiyi kitablar da ordadır...

 

Mən əllərimi uzadıram üfüqə, dan yerinə, qürub yerinə

Bilirəm ki, qəlbini isidir Günəş işığı

Bilirəm ki, üzünü güldürür şəfəqlərin sehri.

 

Bilirəm ki, mən heç kiməm,

Adamlar üçün bir qucaq dua oğurlamışam,

Bilirəm ki, sən bunu yaxşı-yaxşı görürsən,

Bilirəm ki, sən qaranlıqda da Allahı görürsən, Amina.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!