Zeynal Xanı təzə və xoş bir təsadüf nəticəsində tanımışam. İlk oxuduğum şeirindən (həmin şeiri "Ədəbiyyat qəzeti"nə təqdim etmədim) anladım ki, həmsöhbətim istedad külçəsidir. Daha bir dəfə görüşdük. Bu şeirləri məni xeyli düşündürdü. Doğrusu, minor mövzular "əl çalmağa" imkan verməsə də, qətiləşdirdim: Azərbaycan şeiri yaxın illərdə özünəməxsus, fərqli və həqiqi şairi qazanacaq. Uğur olsun!
Səlim Babullaoğlu
Zeynal Xan
Küçə uşaqlarına ağı
Atanız boz payız günəşi kimi səmanı
və ananızı çoxdandır tərk edib;
bu yoxluğu hansınız və nə vaxt
bu asmatavan buludların altında
dərk edib, indi heç kim bilmir; bilinmir.
Əslində, bu tarixçələr tarix olmaq üçün deyil ki, əzbərləyək,
vaxtında hiss etməliydik.
Sizin ilk rəsmləriniz heç,
heç xəyallarınızda belə günəşi tapa bilmədim...
Beton kənarlarına sarı rəngin sıçradığı səkidə
polis bir uşaq rəsmi çəkmişdi:
gözləri bağlı, dişləri kilidlənmişdi.
Qatil bəlkə şaxtaydı,
bəlkə saxta Şaxta babaydı -
qaçıb gizlənmişdi;
onun cəzasını kimin ömrünün baharı verəcəkdi? -
indi heç kim bilmir, bilinmir.
Əslində, bu tarixçələr tarix olmaq üçün deyil ki, əzbərləyək,
vaxtında hiss etməliydik.
Sabah insanlar o şəkli tapdalayacaq -
yenə həmin mərkəzi küçədə
insan seli axacaq:
laqeyd, fərd-fərd və təklənmişlər.
Uşaqlar həmişə vicdan və sevgi
pəncərsindən boylanırlar,
çox vaxt da yalın barmaqlarının ucunda.
İnsanlığın beşiyi yellənir... yellənəcək...
Oyandım.
Bir külqabı dolu yoxsulluğun və dərdin qoxusu
otaqdaydı.
İlk rəsmləriniz heç,
heç xəyallarınızda belə günəşi tapa bilmədim,
hardaydı?
Yalnızıstandan...
I
Pərdə arxasında gizlənib
quşlara şüşə qırıqları səpən bir qoca qarı.
Gözləri pətəklərin tavanına zillənmiş bir ovuc arı.
Uşaq yuxularındakı rəngli "puzzle" parçaları.
14 yaşında boğulub ölən bir su ilanı...
Kiməm mən?
Protez ayaqlar qoydular əllərimə
şeir yazmağa başladığım gündən.
Qaçır məndən düşüncələr,
qaçır kirayə götürdüyüm insan qanı.
"Hanı imanın?" - deyə soruşma.
O da qaçdı şeytanı deyil, çiçəkləri daşladığım gündən.
Qapısı qırıq bir şkaf kimi şəhəri dolaşdırırlar məni,
orqazm olan karusellər kimi,
güllələnən qırxayaqlar kimi,
öpüşən məzar daşları kimi.
Kimim, nəyim var mənim?
Daş kimi böyük qəlbim.
Pəncərəmi döyən narıncı yağışım,
insanları çirkləndirən palçıqlı-acıqlı baxışım.
Kiməm mən?
Əqrəblərindən zamanın əbədi nəğməsi asılan səssiz saat.
Buludla doldurulan bir sandıq.
Qırılan həyatını yapışdırmaq istəyən qoca,
ya da o qırılan parçaların arasından sızan ölüm
Olmayan bir qapının
olmayan zəngini
olmayan əlləri ilə basıb
olmayan ayaqları ilə qaçan
doğulmamış bir uşaqmı?
Kiməm mən?
Rəsm dəftərindəki mavi rəngli otlarmı?
Ağlayan günəşmi?
Kədəri yuyub aparan susuz səhralarmı?
Quraqlıqdan dirçələn qızmar dərələrmi?
Kiməm mən?
Allahın 6 günə yaratdığı bir ağacda
asılmaq üçün 23 il gözləyən birimi?
Kiməm mən?
Tək bir ortaq nöqtəmiz var deyəsən -
heçlik!
II
İlk baharın son həftəsi, son baharı.
Həyətdəki albalı ağacının son yaşıl budağı
Eyvandan boş küçələrə baxan sonuncu bağlı pəncərə şüşəsi.
Şeirlərimdə çox vaxt özümdən yazıram.
Dərdimdən, kədərimdən, halımın betərindən...
Pis günümdən yazıram.
Sol gözümlə yatıram ancaq.
Sağ gözüm açıqdır, oyaqdır, qaçır məndən.
Kiməm mən?
Soyuducunun son rəfi,
Əzrayılın keçirdiyi ölüm yarışının son mərhələsi,
taleyin son tələsimi?
Bəlkə illərdir ayaq dəyməyən Cənnətin son mərtəbəsi!?
Soyuğam, zəifəm, yalnızam.
Amma kiməm mən?
Zevsin sonbeşiyi,
şeytan baxışların ilki?
Bəlkə dünən kənd camaatının
acımadan öldürdüyü tülkü,
tülkünün göz yaşıyam?!
Kiməm mən?
Əgər eybəcərliyin cinsi qadındırsa,
demək mən də onun can bir həyat yoldaşıyam.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!