Ağlayır küçədə
bir payız günü
Ağlayır küçədə bir payız günü,
Yazını itirib, içində qışdı.
Durna qatarına qoşulan səsin
Yenə də dil açıb səndən danışdı...
Payızın rənginə bulaşıb həsrət,
Bir topa bulud da bir himə bənddi.
Məni ovcunda böyütdü Vətən,
Gözəlində vəfa qırmızı xətdi.
Gözəl var, güllərlə giribdi bəhsə,
Bu bəhsin içində güllər utanır.
Gülün yanağında səhər şəbnəmi
Gözəlin gözündə alışıb yanır.
Payız xəzəlinə bükdüm sözümü,
Haçansa qayıdıb gələr durnalar.
Durna qatarına qoşulan səsin
Nə bir tövbə yeri, nə qibləsi var.
Ağlayır küçədə bir payız günü,
Yazını itirib, içində qışdı.
Durna qatarına qoşulan səsin
Yenə də dil açıb səndən danışdı...
Əbədiyyət nəğməsi
Bir şəhidin dilindən
Azadlığa şahidlikdi şəhidlik,
Şəhidsiz torpaqda çiçək, gül açmaz.
Qanıyla şəhidlər yazar tarixi,
Kağıza, qələmə, vaxta əl açmaz.
Bilməyən də bilsin, torpaq Vətəndir!
Vətən mənə çörək verib, can verib.
Türk oğlu da verər Vətən borcunu,
Ürəyindən ürəyinə qan verib.
Davalarda qada da var, qan da var,
Torpaq üstə dizin-dizin sürünnəm.
Ürəyimdə Ana, Vətən sevgisi,
Əbədiyyət nəğməsinə bürünnəm.
Şahlıq quşu gəlib qondu çiynimə,
Son döyüşə uça-uça gedirəm.
Girov düşmüş dərələrin, dağların
Qapısını aça-aça gedirəm.
Alıb ölsəm Xocalımı, min əhsən!
Bu ölümə
Vətən qara geyməsin!
Ana, başdaşıma üzərlik bağla,
Bəxtimə kimsənin gözü dəyməsin!!!
Hər şeydən qaçarsan,
bəxtdən savayı
Gözlərin arxanda bitib qalınca,
Həsrətin sinəndə çiçək açacaq.
Min dəfə özünü oda vursan da,
Dünyanın ləzzəti, həzzi qaçacaq.
Ləzzət də, həzz də - bunlar nədir ki?!
Kəpənək ümidin sənsiz uçacaq.
Əllərin görüşdən, dilin duadan,
Düşüb ayağından yer də qaçacaq.
Sən də qaçacaqsan həm özgələrdən,
Qatlayıb dizini həm də özündən.
Vaxtsız çiçəkləyən bir qara bulud
Qonar göy üzünə sənin üzündən.
Bilirəm, yarımcan yaşamaq çətin,
O biri yarından təklik söz açar.
Ütülmüş qanadın sürünər yerlə,
Topal ayaqların göylərdə uçar.
İldən də qaçarsan, gündən də elə,
Lap dilə tutarsan həftəni, ayı.
Yuxunun içindən qıy da vurarsan,
Hər şeydən qaçarsan, bəxtdən savayı.
Gözlərin arxanda bitib qalınca,
Həsrətin sinəndə çiçək açacaq.
Min dəfə özünü suya vursan da,
Dünyanın sevinci səndən qaçacaq.
Qədərin kimliyi -
alın yazısı
Ömür qatarının polad qolları
Alnının şum yeri - küskün qırışlar.
Alqışla dünyaya gəlməmisən ki
Rəhmətə apara səni qarğışlar.
Dəliyə nə var ki, adından bəlli,
"Araz aşığındandır, Kür topuğundan".
Ömür qəhqəhəsi kirpiyində nəm,
Asılıb ümidin göz qapağından.
Gülüşü üzündə itaət olan
Nə qədər adam var - yeriyən qəbir.
Ağ günə çıxmazsan, ağ gün görəsən,
Əlindən tutmasa dözümlə, səbir.
Havalı-havalı gəzənlərə bax,
Yüz deyil, min deyil, saymaqla bitməz.
Haqqını bilməyən sapdan asılı,
Çiçək donlu sevinc əksə də bitməz.
Qədərin kimliyi - alın yazısı,
İtaət qurğuşun, papaq, kürk deyil.
Hər kəsin öz nəfsi özünə yükdür,
Azadlıq ləziz dad, bəxşiş, görk deyil.
Ömür qatarının polad qolları
Alnının şum yeri - yorğun qırışlar.
Alqışla dünyaya gəlməmisən ki
Rəhmətə apara səni qarğışlar.
Bir dodaq təbəssüm
Sən payız eşqili, mən yaz havalı,
İçimin oduyla gəlirəm sənə.
Bu nadinc könlümü ovutmaq üçün
Bir dodaq təbəssüm bəs edər mənə.
Sevincin əlini qoy da çiynimə,
Boy verək günəşə baxıb göz-gözə.
Quşlar nəğməsində dua eləyər,
Bədnəzərin gözü dəyməsin bizə.
Gecələr yuxucul, yuxusu şirin,
Ay da gah görünər, gah da ki batar.
Mənim ürəyimdə təzə ağrılar,
Sənin ürəyində həsrətin yatar.
Bu sevda yükünün ağırlığını
Birlikdə daşısa çiyinlərimiz
Vüsaldan bağ salıb - cənnət yaradıb
Bir ilkə imzanı biz atarıq, biz.
Yerin də, göyün də əşrəfi bizik,
Ömrümün içindən keçsin baxışın.
Ələ almaq üçün deyilən sözün
Bu gündən sabaha düşməz işığı.
Sən payız ümidli, mən yaz havalı,
Qəlbimin oduyla gəlirəm sənə.
Bu nadinc könlümü ovutmaq üçün
Bir dodaq təbəssüm
bir ömür
bəs edər mənə.
Könüllər ovçusu
Danışanda mələklərin adından
Dənliyində söz üyüdən mollalar
Anlamışam, könülləri ovlayan
Hayandasa ölüm adlı mələk var.
İtaətim gözlərini bərəldir,
Dodağımda susqunluğum fışqırır.
Yanğın düşüb ahımın da içinə,
Baxa-baxa, susa-susa hıçqırır.
Daha xəyal selə atır özünü,
Hər misra içində ürəyim əsir.
Zülmlərin dırnağı da itiymiş,
Daş kimi səbrimi yağ kimi kəsir.
Qar-yağışın keçib gəldim içindən,
Bir ürəkdə neçə ağrı yaşadım.
Yaylıq kimi yellənmədim əllərdə,
Öz çiynimdə öz yükümü daşıdım.
Danışanda mələklərin adından
Dənliyində söz üyüdən mollalar
Anlamışam, hayandasa tor qurub
Könüllərlə şikar edən mələk var.
Balıqçının işi düşüb
dənizə
Balıqçının işi düşüb yenə də
Tilov atıb xərclik üçün dənizə.
Qarmağının ucundadır ümidi,
Dayanıbdı qismətiylə üz-üzə.
Ləpələrin dodağında bu ara
Uyuyurdu balıqların öpüşü.
Qağayılar qıy vururdu havada,
Sağa-sola uçuşurdu gülüşü.
Gilavarın təntiyirdi nəfəsi
Ona barmaq silkələyən sükutda.
Əlbir olub balıqçıya elə bil
Ov edirdi naz içində sükut da.
Bir yarımcan soxulcana aldanıb,
İştahından bəndə düşür balıqlar.
Nəfslərinin ucundakı ölümü
Balıqçının gözlərində parıldar.
Dünya özü inkir-minkır oylağı,
Həyat-ölüm bir-birini aldadır.
Yanırsansa, yaşayırsan, qəmin kəm,
Dəniz kimi göz yaşı da duz dadır.
Balıqçının işi düşüb yenə də
Tilov atıb xərclik üçün dənizə.
Qarmağının ucundadır ümidi,
Dayanıbdı qismətiylə üz-üzə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!