"Görən hansı duadasan? Əl açıb istəyim səni..." - Şeirlər. Gülnar ÜMİD

 

 

Görən hansı duadasan?

 

Görən hansı duadasan?

Əl açıb istəyim səni.

Razıyam lap göz yaşımla,

Suvarıb bəsləyim səni.

 

Gözlərimə tor atmısan,

Yuxuma haram qatmısan,

Hansı ürəkdə yatmısan,

Çağırıb səsləyim səni.

 

Ürəyim alışıb-yana,

Baxma o yana, bu yana,

Bu eyvandan o eyvana,

Baxıb qəribsəyim səni.

 

Yollarından dönüş üçün,

Yanağında gülüş üçün,

Bir dodaqlıq öpüş üçün,

Gərək əzizləyim səni.

 

Yazı yola saldıq yenə,

Ömür gedir gündən-günə,

Demə ki, zaman var yenə,

Gəlirsən, gözləyim səni?

 

 

Və sən hey gözlərsən...

 

Sərhəd məftillərinə dolaşan kimidir

            naz bilməyən qadınların saçları...

Kirpikləri qırılmış çətir kimi süzər

gözlərindən yağan yağışın damcılarını

Təbəssüm qatarı yanaqlarının

            relsindən çıxıb yolunu azar

Və sən hey gözlərsən...

Qolların dizlərinə qucaq,

            başın isə sığal olar təsəlli üçün

Ruhun əsir düşər düşüncələrinə

Qibləsini dəyişər qurtuluş üçün.

Etdiyin dualar qəbul olunmaz,

Və sən hey gözlərsən...

Ürəyinə ilmə-ilmə yamaq atarsan

            keçmiş günlərin xatirəsindən,

Səfil görünüşüylə diləndirər səni,

            ac qalmış dünyası üçün

Gülənlərin saya gəlməz,

            dərdinə yananlar yaxında olmaz,

Və sən hey gözləyərsən...

Ağ günlərinin üstündən

            qara donunu geyinən qadın,

qol qaldırıb heç bir mahnıya oynaya bilmir.

Utanarsan rənglərə baxıb,

            gülümsəməyin rəsmini çəkməyə

Və sən hey gözləyərsən...

 

 

Külək örtür kirpiklərin qapısın

 

Səndən başqa nə küçə var, nə şəhər,

Gözlərindən boylanıram özümə.

Külək örtür kirpiklərin qapısın,

Yol azmışam, yad gəlirəm gözümə.

 

Yoxluğunda susqunluğum yoğrulur,

Sən olmayan sevgim, ölü doğulur,

Bu nə hissdi düyünlənir, boğulur,

Danışmağa dil tapmıram sözümə.

 

Daha yaşım o yaş deyil, mən də mən,

Baxışın da baxış deyil, sən də sən,

Keçmiş ilə tanış deyil, saçda dən,

Axı niyə tab gəzirəm dözümə?

 

Yalan kəlmən doğrulara dönə də,

Lal gedişin gəlişinlə dinə də,

Sonda ölən ümid olsan, yenə də,

Göz yaşımdan çilənirəm közümə.

 

 

Şeir

 

Səhər-səhər nə şeir istəyirsən?

Şeh düşüb e misraların üzünə,

Əlim titrək, qələm susub gecədən,

Gözüm hələ tamaşadır gözünə.

 

Baxışını şeir, qəzəl, müxəmməs,

Əvəz etməz heç bir təcnis, müsəddəs,

Mənin susmuş, danışmayan müqəddəs

Hansı kəlməm naxış olsun sözünə?

 

İstəyirsən, gözünü yum, danışma,

Lap istəsən küsəndə də barışma,

Bircə səni sevməyimə qarışma,

Neyləsən də, vurulmuşam özünə.

 

Ürəyimi dayandırar nəbz oxu,

İstəyirdim öpüb yazam, sən oxu,

Ayıldım ki, nə sən varsan, nə yuxu,

Mən yuxuda alışmışam közünə.

 

 

Bəlkə, durub gələsən?

 

Ayrılıq ölkəsində,

Məndən yetim şəhərsən.

Darıxmağın gözündə,

Ehh, boğulan qəhərsən.

 

Sənsizliyə gileydim,

Keçmişimdən gəleydin,

Kaş bir xəbər bileydim,

Necəsən, nətəhərsən?

 

Nə varlığın bilinir,

Nə yoxluğun bilinir,

Çox dəyişib deyilir,

O gündən birtəhərsən.

 

Axtarır gözüm səni,

Dil üstdə sözüm səni,

Soraqlasam da səni,

Susmuş xəbər-ətərsən.

 

Daha inadı udub,

Olanları unudub,

Göz yaşımı qurudub,

Ümidimə sərəsən!

Bəlkə, durub gələsən?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!