İynəboyu şeirlər - Faiq

Yarpaqların üzündə ölüm

kölgəsi

Azca yel əsdi;

bəsdi!

Budaqdan torpağacan uzanacaq

yarpaqların ömrünə əl yelləməsi.

Yarpaqlara təsəlli

vermək  istəyirəm, -

təsəlli vermək

heç nəyimi vermək kimidi.

Neyləyim,

kasıbın olanından!

Çəkib nəfəsini içinə,

borcunu istəyən kimi,

astanada dayanıb xəzan!

 

***

Ey,

çinar yarpaqları,

əvvəl başımın üstündən baxırdınız,

indi ayağımın altından.

Qəm eləməyin,

ömür heykəl deyil ki,

hamı düşür atından.

 

Yalqız evin nəğməsi

 

Ey, qapımı döyən,

Utanma gəl içəri.

Bayırda soyuqdu,

mən də yalqızam.

İçəridə soba yoxdu,

soba üstə tava yoxdu.

Yalqızların yarasına

dərman yoxdu, dava yoxdu.

Ey, qapımı döyən,

bayırda soyuqdu,

mən də yalqızam.

 

 ***

Ölən ağacları

tanımaq üçün

baharı gözləyək.

Dirilər göyərəcək…

Göyərməyənlərin qisməti

baltadır.

Göyərməyənlərin qisməti

daldadır,

od qoxusu,

ocaq qoxusu…

görəsən necə olur

ağacların yuxusu?

 

***

 

Günlərin bir günü

xatırlayıb məni,

Oxumaq istəsəz şeirlərimi.

Dişlərinizi dişlərinizə sıxın oxuyun -

Dişlərimi dişlərimə sıxıb yazmışam.

***

Bu gecə payız da

üzülüb, üzülüb

göz yaşı kimi

düşdü zamanın gözündən

…Sabah qışdı!

 

***

Yarpaqsız ağaclar

Tunc heykəllərə bənzəyir…

 Tunc heykəllərin qisməti

bir nöqtəymiş.

Bir nöqtədə nə qədər donasan,

qalasan,

bir nöqtəyə nə qədər boylanasan,

baxasan?..

Mənim ağaclara yazığım gəlir.

 

***

Mənə bir xoş söz de,

Xoş söz de,

ömrümə illər calansın.

Mənə bir qarğış de,

qarğış de

gümanım Allaha qalsın…

Arxamca ya daş at,

ya da su!

***

İsti oldu ağladım,

«Tüstü» oldu ağladım.

«Bəsdi» oldu ağladım,

bu ki, səbir olmadı.

Bir çiçəyə baxırdım, -

bir ürəyə baxırdım.

 «öldüm» deyib yıxıldım,

bu ki, qəbir olmadı…

 

***

Hələ şirinliyi

pətək balına bənzədirlər,

insan dilinə yox.

Hələ təmizliyi

dağ çiçəyinə bənzədirlər,

insan gözlərinə yox.

 

***

Tozlu küçələrdə

sürüdüm-sürüdüm,

ayaqqablarım köhnəldi.

 

Soyuq gecələrdə

büründüm-büründüm,

paltarlarım köhnəldi.

 

Söz tapa bilməyəndə

oxudum-oxudum,

şeirlərim köhnəldi.

Təzə nəyim var daha,

qoyum qumara?!

 

***

Hörümçəklər tor çəkib

bu budaqdan o budağa.

Bu payız günündə

sarı yarpaqların meyiti,

beşiyə düşən kimi

düşəcək tora.

 

***

Bir bəyaz gecədi,

adamlar çoxdan yatıb.

mənəm səssiz-səmirsiz

pəncərənin önündə

göz qırpmadan oturan.

Sükut necə gözəldi,

lap həzin nəğmə kimi.

Çiçəklər çoxdan solub,

amma çiçək ətri var

bütün duyğularımda.

 

 ***

Bir ildi

bu şəhərdən getmişəm.

İndi qərib-qərib gəzirəm küçələri.

Qapıları döyməyə utanıram.

Gözlərimlə döyürəm

pəncərələri.

Kimin ürəyində varamsa

Pəncərədən baxacaq.

 

 ***

 

Mənə elə gəlir ki,

21 yox,

1001 ildir yaşayıram bu dünyada.

Və 1001 ildir nə boyum artır,

Nə enim.

1001 ildir dikilib yollarına gözlərim.

Gözləyirəm gələsən, girəsən qoluma,

düşək sabahın yoluna.

Qayğılarımız artsın, -

nə bilim,

əvvəl xırdaca bir evcik,

çörək pulu.

Sonra da bir beşik -

Körpəmizə çalınmış,

bizə tanış nəğmələrin.

... Mənim təkrarım,

Sənin təkrarın...

Sonra da başqa şeylər

(Adlarını çəkmirəm

Çünki hər şeyin sonu kədər).

Amma 1001 ildir

içimdə intizar,

gözlərimdə qubar.

Çənəm kürt yatıb

ovcumun içində

gözləyirəm səni.

Təki gəl,

gözləyim 1001 il də.

 

***

 

Aylı bir gecədə oturub yalqız

Qəmli bir nəğməni oxuyursansa, -

Deməli, baş qoyub sənin köksünə

Xısınca ağlayıb nə vaxtsa bir qız.

 

Deməli görmüsən səadət nədir, -

İndi bəyaz ayı gördüyün kimi.

İndi bəyaz ayı gördüyün kimi

Görürsən köksünə baş qoyub kədər.

 

***

Günlər səhra kimi gəlib keçmədə,

Dəvəsiz yolçuyam, xəbərin varmı?

Gümanlar an kimi qərib köçmədə,

Ovluyam, ovçuyam, xəbərin varmı?

 

Bilinmir ömürdür, ya da ki, oyun,

Bir kor quyu kimi unudulmada.

Kədəri, sevinci bilinmir bunun

Bilmirəm səsləyim kimi son anda.

 

***

Yağma, qar!

Məni qarabuğdayı doğub anam,

çətin ağaram.

Tutaq ki, ağartdın saçlarımı,

Ağartdın dabanları yeyilmiş

42 ölçülü ayaqqabılarımı.

Ağarda bilməzsən bəxtimi.

Özünü yorma, qar,

yağma, qar!

Çətin ağaram.

***

Bir mənəm,

bir də ağ divarda

qara kölgəm...

Deyirəm, nə yaxşı

tək deyiləm.

 

***

Qatar tövşüyə-tövşüyə

gecənin içiylə qaçır...

... uşaq olanda

qaranlıqdan yaman qorxurdum

ölüdən qorxan kimi.

 

Keçəndə qaranlıq keçdi,

dəhlizi

fit çalardım.

Guya heç nədən qorxmuram.

İndi uzanmışam

qaranlıq vaqonda.

Qatar səsi titrəyə-titrəyə

elə hey fit çalır.

 

***

Dəmirçi dəmiri döyür,

saat zamanı.

Ürəyim sükutu.

... dəmir əyildi,

zaman əridi,

ürəyim hanı?

 

***

İçimdə bir at qaçır,

Qaçır, qaçır, hey qaçır.

Bilmirəm nədən hürküb,

Zəlzələ var, göy uçur?

At qaçır, eşidirəm,

Nallarının səsini.

Dayanmır, durmur, qaçır,

Bir almır nəfəsini.

Hərdən ağlıma gəlir,

Çapar atıdı belə.

Bilmirəm şad xəbərdi,

Bilmirəm bəd xəbərdi,

Amma qaçır xəbərlə...

 

***

 

Xoşbəxtliyi

əlindən salmamaq üçün

xoşbəxtlər dönürlər qorxağa.

Xoşbəxtlik

yaş balıq kimidi, dostum...

Heç vaxt tələsmirəm

Xoşbəxt olmağa!

 

***

Qaranlıq pəncərəmdə

Qara pərdə kimi -

Nə mənim o üzdən xəbərim var,

nə o üzün məndən.

Divarlar nənəmin ağ kəfəni kimi -

bilmirəm çitdəndi, ya bezdən.

Ən yaxın nöqtəyə söykənib

gözlərim dondu.

Bəlkə də ölmüşəm,

bəlkə də sondu?..

 

***

İynə boyu şeirlər yazıram,

misralarım quş balası kimi

yoluq-yoluq.

Misralarım şoranlıq otu kimi

qırıq-qırıq.

Bilmirəm oxuyan tapılacaq,

ya yox.

İynə boyu şeirlər yazıram.

Bəzən duzlusu olur,

bəzən duzsuzu.

Uğurlusu da olur,

uğursuzu da.

Oxusan da sağ ol,

oxumasan da.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!