Mənlə Allah arasında... - Camal Yusifzadənin xatirəsinə

 

 

…Camal Yusifzadənin yasında kövrəldim.  Çox sarsıldım elə bir söz adamının yaşadığımız dünyaya göz yummasına. Ölümündən sonra "Poeziya" adlı şeirlər kitabını oxuyanda sözün həqiqi mənasında ağladım. Mən hər saatlığa doluxsunan deyiləm.  Ancaq sözlə ölüb-dirilirəm. Ancaq söz məni özümdən ala bilər. Bir az da Camal Yusifzadəyə içimdə acıdım. Onun timsalında özümün oxucusuz sabahımı gördüm. Bu cür istedadlı şairi təəssüf ki, innən sonra da oxuyan az olacaq.  Çünki illərin təcrübəsi göstərir ki, reklamı olmayan belə ciddi və axtarışlı şeirlərin oxucusu ya az olur, ya da heç olmur. Çünki hamıya bəllidir ki, oxucu zövqü bizdə xeyli aşağıdır. Daha çox yüngül, diringə şeirlər oxunur, oxucu zövqünü formalaşdıran, qaldıra bilən yazılar az-az ortaya gəlir.

Camal Yusifzadənin müasir dünya ədəbiyyatında ən intellektual şeirlərlə döş-döşə gələ biləcək səmimiyyət qoxulu ciddi şeirlərini kim oxuyacaq? Beş-üç ədəbiyyat adamından, yazı-pozu sahibindən savayı. Onların da bəzisinin ürəyi gəlməyəcək Camal Yusifzadənin şeirləri barədə xoş fikirlərini söyləməyə.  Üzə çıxarmayıb, içində qovuracaq. Ya da bizim Tahir Talıblı kimi bilməyə-bilməyə səsinin gur yerinə salıb başlayacaq müəllimlik eləməyə…

…Kitabın adını "Poeziya" qoyub Camal Yusifzadə. Mənnən olsaydı, "Mənlə Allah arasında" qoyardım. Öz şeirinin adıdır.

 

Daha heç kim,

heç kim,

heç kim yoxdur

mənlə Allah arasında!

 

İnsanın Allaha doğru gedən yolunun ən uca məqamıdır bu ovqat. Allahla arada heç kim, heç nə yoxdur.  Nə gülüzlü ziyarətgahlar var, nə din pərdəsi, nə məscid xofu, nə də minarə vahiməsi. Heç nə yoxdur, üz-üzə, göz-gözə dayanmısan ulu dərgahda Yaradanla. Özünüdərkin ən uca məqamıdır. Söz ucalığında dolanırsan, nəfəsin həqiqətin qapıların döyür.  Əlin Allahın ətəyinə çatıb demək. O böyük varlıqla - Yaradanla təkbətək həsbi-hal olmağa hazır bilirsən özünü. Heç kimin, heç nəyin vasitəçiliyinə ehtiyac yoxdur.  Ruhun Allaha qovuşmaq məqamına yaxındır, o iki-üç misranın ifadə elədiyi məna!

Nəsimi "Haqq mənəm" - deyir. Camal Yusifzadə isə "Heç kim yoxdur - mənlə Allah arasında" şəklində özünü ifadə eləyir. Müqayisə eləmirəm, - Nəsimiylə Camal Yusifzadəni. Sadəcə, eyni qaynaqdan axıb gələn fikrin, ruhun bədii ifadə formasındakı oxşarlığı nəzərə çatdırmaq istəyirəm.

…Bu özünü və aləmi dərkin yuxarı nöqtəsidi. Bura qədər gələn yollar ayrı-ayrı doğanaqdan keçir, dünyaya savaş yolu, heyrət işığı, gördüklərini götürə bilməmək ehtirası… Bütün bunları, bu "keçilməzləri" özünəməxsus ifadə eləyir Camal Yusifzadə. Heç kimə bənzəmir. Obrazları, təhkiyəsi özünəməxsusdur. Qələmə aldığı mövzunun içində sanki dairə cızır.  Görünməz tərəflərə lağım atır, bir qədər həyatın özü kimi soyuq, bir qədər də dərin qatlara gedə bilir. Yuxulu duyğuları oyadır. Bu gəzişmələrdə səmimiyyət o qədər doğmadır ki, elə bilirsən bu saat əlini də özüylə qoparıb qaçacaq uzaqlara.

 

Uzaqdan, uzaqdan,

çox-çox uzaqdan

darıxıb gəlmişəm, qaçıb gəlmişəm,

Ay qonşu, bu evin yiyəsi hanı?

Eyvanda çıxardım ayaqqabını,

açdım pəncərəni, açdım qapını,

Görmədim qonağı qarşılayanı,

Ay qonşu, bu evin yiyəsi hanı?

 

Yanğılı bir ağrını hamımızdan fərqli elə bir "soyuqluqla" verir ki, elə bil heç buna lazım deyilmiş - ev yiyəsinin evdə olması.  İçi ürpədən ilanın "soyuqluğ"u adamın varlığına iz açıb sürünür…

 

Qapıda soyumuş, bir əl yeri var,

Həyətdə qurumuş ayaq yeri var.

Alça ağacının sol tərəfində

Külü laxtalanmış ocaq yeri var.…

 

Heç bir yanğıdan söhbət getmir. "Səmimi istilik" ürəyi üşüdür.

Bilmirəm Camal Yusifzadənin şeirləri təkcə bu kitabda toplananlardımı? Keşkə elə bunlar olaydı. Çünki bir şairin bütün baxışlarını, dünyagörüşünü, etirafını, qəmini, darıxdığı havaları, mənasını dərk eləməyə çalışdığı dünyanı o qədər əhatə eləyir ki, fikirləşirsən ki, başqa yazılar birdən mirvari düzümünü sındıra bilər…

 

Yarı dərd, yarı sərt, yarı təsəlli,

Yapış boğazımdan, yapış dördəlli,

mən sənin ömrünə yaşıl təsəlli,

mən sənin ömrünə qəvi bir qənim.…

 

Sevimli Camal Yusifzadə "Yaşıl təsəlli"ni görür, həm də kiminsə ömrünə "qəvi bir qənim" olduğunu da dərk eləyir. Təkcə görüb, dərk eləmir, həm də onu ifadə eləyə bilir.  Bütün şeirlərində belədi, üç, dörd tərəfdən mövzuya, detala baxa bilir və çox səmimi şəkildə və ustalıqla onu "açır". Sözün bədii gücüylə, həm də obrazlı deyimləri kənara qoyub səmimi şəkildə, sanki söhbət eləyir - qarşıdakını inandırır.

 

Vaxt gələr, özün bilərsən

Niyə ayaq üstə ölür ağaclar?

Payız yağışında niyə qəhər var?

Bilərsən kişilər niyə susurlar.

 

"Ayaq üstə ölən ağacların", "payız qəhrinin", "kişilərin susmaları"nın hamısının əslində dərdi birdir. Hamısı əslində bir yükün, bir ağrının daşıyıcısıdır. Ancaq Camal bu ağrıya göz yaşı, hıçqırıq qatmır, sadəcə, bunların "donan göz yaşları"nı soyuqqanlıqla doğrayıb ortaya qoyur, yaxud "yağışa düşən şəhər"in ömürlük taleyinə güzgü tutur.

 

Bu səhər yağışa düşüb ömürlük,

bu şəhər yağışda islanıb tamam.

Gözümü açanı

dəniz görmüşəm,

kükrəyən, çağlayan,

təmiz görmüşəm.

 

Yaxud:

 

Gözümü açanı

duman görmüşəm,

həmişə dumanı

daman görmüşəm.

 

Bu, əslində sərbəst şeirdir guya.  Elə bil gəraylı oxuyursan, özü nəğmə kimi intonasiyalı səslənir. Camalı itirmək və qalmaq üstündə köklənib. Daha çox itirdikdəri dil açır onun şeirlərində.

 

Bilirəm ağırdır,

      ağrıdır,

      ağladır.

Ağlama,

     ağlama,

       bəsdir, ağlama.

Daha itiriləsi nəyimiz var?

Daha itiriləsi heç nə qalmadı.

 

Elə bil bilərəkdən fikri, sözü obrazlı deməkdən qaçır. Sadəcə, üz-üzə söhbət eləyir - öz intonasiyasıyla, özünəməxsus bədii dillə.

 

Yol uzun,

      mənzil uzaq,

      ağlama, "axmaq",

                ağlama.

Boğçanı yığ,

       götür kədəri -

           dur gedək,

       yoxsa ölərik səhrada

       bu sərin kədəri itirsək.…

 

Şeirləri kimi çox sakit gəlib-gedərdi işə. Elə bil ayaqlarını yerə bərk basmazdı ki, səsi möhkəm çıxar. Yarım saatdan, bir saatdan bir enərdi pilləkənin başına siqaret çəkməyə. Çox məlumatlı tərəf-müqabil idi. Hər şeyi özünəməxsus detallarla izah eləyərdi. Gördüklərimin, tanıdıqlarımın içində bəlkə də ən məlumatlı, müasir təfəkkürə malik bir insan idi.  Hər şeyi öz dozasında təhlil eləyərdi. Müasir siyasətin, çağdaş ədəbi prosesin əlçatmaz məqamlarını elə ustalıqla kəsib-doğrayardı ki… Ağ saçların içərisində ən intellektli bir cavan obrazı gəzdirirdi içində. "Azərbaycan" jurnalının on ikinci nömrəsində çap olunan şeirlərim haqqında fikirlərini bildirdi. O şeyləri təqdir elədi ki, mən onu duyğumun zəif tərəfləri bilirdim. - Bir oturaq, əsaslı söhbət eləyək - dedi. Ezamiyyətə gedim, gəlim, növbəti həftənin birinci günü görüşməyi vədələşmişdik. Şənbə günü ölüm xəbərini eşitdim. Bütün sevdiklərim bir-bir uçub gedir. Vaxt tapıb əsaslı görüşmək istəyənə qədər, bir də görürsən ki, lələ köçüb, yurdu qalıb.  Sən də qalırsan yurd yerində tək-tənha. Yazıçılar Birliyinə getmişdim. Camal Yusifzadədən söz düşdü. Seyran Səxavət kövrələ-kövrələ dedi ki, zalım oğlu, tək gəldi, tək getdi.  Nə həyatda, nə yazılarında heç kimə bənzəmədi.

Ayrı-ayrı vaxtlarda çap olunan şeirlərindən yadımda qalan misralardı:

 

Əkilməmiş ağacdan

 nar gətir mənimçün,…

 …bir dəli, yüz ağıllı

 …yüz dəli, bir ağıllı,

 kim dəli, kim ağıllı?..

 …Mənim yaşımda

 heç kəs məhəbbətdən

            ölməyib hələ,

 mən də ölmərəm.

 

Kitaba ön sözdə Camal Yusifzadə yazır:

"Bu yazılar mənim səsi, ruhu, hərarəti, ağrısı, nəbzi olan duyğularımın rəngli siluetidir. Bu dünya qədər köhnə bir kədərdi… Allahdan qorxduğu qədər adamdan qorxan bir adamın özünə məktublarıdır, gələcəyin astanasında qoyub getdiyi nəm təsəllidi…"

Əli Kərim yadigarıydı Camal Yusifzadə. 5 aprel 1969-cu il "Azərbaycan gəncləri" qəzetində "İntellekt və poeziya" məqaləsində Əli Kərim yazırdı:  "İntellektlə həyat birləşəndə, daha doğrusu, intellektin həyatı əsası olanda əsl şeir yarana bilər. Camal sözləri qənaətlə xərcləyir, hökm vermir, heç nəyi sübut eləməyə çalışmır. Məncə, hələlik Camalın ilk proqram şeiri "Dərinləşmək istəyirəm"dir.

 

Boğuldun içimdə

xırda-xuruş, tör-töküntü;

bir məhəbbət, dərinləşmək istəyirəm,

bir məhəbbət dərinləşmək.

 

Çox gözəl arzudur, bütün yazıb-yaratmaq istəyənlərə məxsusdur. Bu misralardan əsl sənət eşqi ilə çırpınan bir ürəyin sədasını eşidirəm".

Camal Yusifzadə müdrik bir ömür yaşadı. Yetmişi adladı, ancaq qocalmadı. Son gününə kimi dünyaya sevgisi və heyrəti ölmədi. Onun bildiyini kim bilsə başını dik tutub gəzərdi. Onun yazdığını kim yazsa, haqqını istəyərdi.  Bu isə eləcə hər şeyə olduğu kimi baxdı, hər şeyi olduğu kimi görüb qəbul elədi.  Yeri də, göyü də, dumanı da, çəni də, Əzrayilin gəlişini də.

 

Eyvana yarpaq qonub

canında istisi var.

Götür, Əntiqə xanım,

O gələn Əzrayıldı,

Ötür, Əntiqə xanım.

Yaşamağa məhkum -

ölümə məhkum.

Bir ömürdü beləcə

bitir Əntiqə xanım,…

Bu payız da beləcə

Ötür, Əntiqə xanım.

 

Beləcə, neçə payızlar ötəcək, neçə fəsillər dolanacaq, onu əbədiyyətə aparan payız Camal Yusifzadənin adını daşıyacaq. Camalın qızılı payızı…

Ruhuna dərin sayğılarla.

 

Avdı QOŞQAR


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!