Sabahı gözəl Şuşam - Şeir. Rəfail TAĞIZADƏ

 

Sükutlu gecəsi danışan,

mehriban baxışla barışan,

keçmişi sabahla yarışan,

səsi uzaq səslərə qarışan

şəhərim.

 

Qalası barıt qoxulu,

evləri xatirə yuxulu,

Cıdırı naxış toxulu,

səması ağ buludlu,

darıxan şəhərim.

 

Özü,

ətrafı gözoxşayan,

əllər Xarıbülbül ovlayan,

məscidi qoşa boylanan,

adı igidlər hoylayan

qəhrəman şəhərim.

 

Yolu Laçından dolanan,

küçəsi dolanbadolan,

gözü Ağdamda olan,

yarı işıq, yarı qaranlıq,

papaq şəhərim,

varlığı yaşadan şəhərim.

 

Arzuları qoşa-qoşa,

dünən Şuşa,

bu gün Şuşa,

sabahı

yenə gözəl Şuşa!

Qonaqlı-qaralı,

Dolan, boşalan şəhərim.

 

18.07.2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!