Şuşa - Poema. Elşad BARAT

 

 

1752.

Qayalara verildi can.

Qılıncıyla dağ gülünə,

Salam dedi Pənahəli xan.

 

Günəş doğdu,

Gül mayası,

Çiçək açdı

Hər qayası.

 

Sanki göylər elçi düşdü,

Burda şəhər yarat dedi.

Əvvəl-əvvəl kimi Şuşa,

Kimi Pənahabad dedi.

 

Heç nədən salındı şəhər,

Dağ üstünə dağ tikdilər.

On yeddi məhəllə salıb,

Məscid və bulaq tikdilər.

 

Oldu ticarət şəhəri,

Bəzədildi sirlər ilə,

Moskvadan İranacan,

Hamı gəlib dostluq etdi,

Şuşalı tacirlər ilə.

İllər keçdi,

Heyran etdi,

Özünə hər kəsi Şuşa,

Həm oldu bütün Qafqazın,

Musiqi mərkəzi Şuşa.

 

Mədəniyyət,

İncəsənət,

Tarixdə qaldı əbədi,

Kimi "kiçik Paris" dedi,

Kimisi "sənət məbədi".

 

1905-20,

1992.

Qəlbindən vuruldu Şuşa.

Üç dəfə talan edilib,

Tamam yandırıldı Şuşa.

 

Son dəfə silmək istədi,

Şuşada qala izimi,

Tarixi abidələri,

Erməni vandalizmi.

 

Vaqifin məqbərəsiydi,

Şuşamızın can sarayı,

Natəvanın evi yandı,

Pənahəli xan sarayı.

 

Anaların qucağından,

Çırpıldı daşa balası,

İllər ilə əsir qaldı,

Vətənin Şuşa balası.

 

2020-cən,

Bəyim, xanım əsir qaldı,

Molla Pənah Vaqifimlə,

Natəvanım əsir qaldı.

 

Dur ayağa, yetər artıq,

Dur, Azərbaycan əsgəri.

Baş Komandan əmr verdi,

"Vur, Azərbaycan əsgəri".

Nəhayət, olundu azad,

İllərin əsir Şuşası,

 

Vaqifin şeir şəhəri,

Natəvanın pir Şuşası,

Ağır oldu daşın, Şuşa,

Nələr çəkdi başın, Şuşa?

 

Pənahəli xan qurmuşdu,

Ermənilər yandırmışdı,

İllər üzdü, Şuşam səni,

Pənahəli xandan sonra,

Qurdu İlham Paşam səni.

 

***

Günəş Şuşa, bağça Şuşa, bar Şuşa,

Namus Şuşa, qeyrət Şuşa, ar Şuşa,

Qəlbi geniş, küçələri dar Şuşa,

Gəlmişəm ki, yollarına sarılım.

 

Zülmətimiz sübhə gedir, danlanır.

Torpaq o vaxt vətən olur, qanlanır.

Daş qayalar çiçək açıb canlanır,

Qalx ayağa, dağlarına sarılım.

 

 

 

Şuşanın dağları

Şuşada şəhid olmuş Milli Qəhrəman Sayadov Mehman Qəzənfər oğluna

 

9 may 1992-ci il...

Şuşa işğal olunmuşdu. Hər yanda erməni əsgərləri var idi. Onlar qarşılarına çıxanı öldürür, hər yeri dağıdıb yandırırdılar.

Mehman hələ də Şuşadaydı. O, müharibəyə gələndə əslən şuşalı olan sevdiyi qıza söz vermişdi ki, Şuşasız qayıtmayacaq.

İşğal olunmuş Şuşada qalan bir Şuşa dağları idi, bir də Mehman. Əl-ələ verib düşmənə qarşı savaşırdılar. Mehman öncə Sarı dağın qoynuna çəkilmişdi. Sanki hücuma keçmək üçün dağlarla məsləhətləşirdi.

Sabaha yaxın Sarı dağın ətəyində qan su yerinə axırdı. Dağlardan güc alan Mehman düşmənə hücum çəkmişdi. Təkbaşına ordu kimi savaşırdı. Onlarca ermənini məhv etdi. Düşmən bölüyünü viran qoydu. Üç saata yaxın davam edən döyüşdə bir tərəfdə Ermənistan ordusu, digər tərəfdə Mehman və Şuşa dağları var idi.

Həmin gün Mehman yoxa çıxdı. Ermənilər nə qədər axtardılarsa, tapa bilmədilər. Elə bil Mehman da dağa çevirilmişdi.

7 iyun 1992-ci il...

Şuşanın dağlarına çevirilməsindən bir ay sonra Bakıda Mehmana "Milli Qəhrəman" adı verdilər. Şuşanın dağlarına çevirildiyi üçün...

Mehmanın anası oğlunun qəhrəman medalını öpüb gözlərini yumaraq sinəsinə elə basdı ki, elə bil Şuşanın dağlarını qucaqladı.

Şuşalı qız Şuşanın dağlarına məktub yazdı ki, səni gözləyəcəm...

5 noyabr 2020-ci il...

Azərbaycan əsgəri Şuşaya daxil oldu. 10403 gündən sonra Şuşa azad edildi. Hər yanda Azərbaycan əsgərləri var idi. Onların arxasında dağ kimi dayanan Şuşa dağları görünürdü. Başı dumanlı azad dağlar elə mehriban dayanmışdılar ki, elə bil sevincdən qucaqlaşmışdılar. Sanki Şuşalı qız Şuşanı azad edib qayıdan Mehmana sarılmışdı...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!