Yaşadım
Gəl sənə söyləyim olub-keçəni,
Bir daha xatırla, nətər yaşadım.
Dodağın güləndə bir ömür fərəh,
Gözün qəmlənəndə kədər yaşadım.
Əllərin ovcumda bükülüb qaldı.
Eşqin ürəyimə əkilib qaldı.
Gözümdə gözünün şəkili qaldı.
Sanma həyatımı hədər yaşadım.
Sevənlər sonunu hesaba almaz,
Sevginin ilki var, son anı olmaz.
Qəbrimin üstündə bu sözləri yaz:
- Sən məni sevdiyin qədər yaşadım.
Bir qədəh sükut
Xatirələr yaşayar,
Hər döngədə, hər tində.
Kim bilir daha nə var,
Yolların qismətində.
Bir qədəh sükut içir,
Darıxanda küçələr.
Bəzən yollardan keçir,
Ürəyindən keçənlər.
Bir tikə ümid saxlar,
Yolların köndələni.
Ötən illərdə axtar,
Ömürdən kəm gələni.
Bir bulud ver
Təkliyimlə qol-qola,
Çıxmışam sonsuz yola.
Bir bulud ver, nə olar,
Minim, çapım, İlahi!
Köksümdəki qan yeri,
Ümidimin dan yeri.
Məni ovudan yeri
Necə tapım, İlahi!
Bir can ver, həyan olsun.
Halımı duyan olsun.
Bir eşqə ünvan olsun
Könül qapım, İlahi!
Qınaq
Söz verdim, sözümə əməl etmədim,
Sən məni nə qədər qınasan azdı.
İşıq ucu olan yolla getmədim,
Bunu da qismətin adına yazdım.
Özümü hamıdan ağıllı sandım,
Ağlatdım ağıllı gözlərini də.
Bir vaxt ilğımlara yaman aldandım,
Aldatdım şeirimin sözlərini də.
Zaman ötüb-keçdi, ömür ləngidi,
Arzular dəryada batan gəmidi.
Yalançı ümid də, saxta sevgi də,
Qışda çiçəkləyən ağac kimidi...
Qorxma
Çox da dodağında bitməsin giley,
Həyatı sevənə nə quzey, güney...
Donunu tərpədən külək ayrı şey,
Saçına toxunan küləkdən qorxma!
Doğma bildiklərin bir gün yad olar.
Şöhrət sandıqların quru ad olar.
Nifrətin içində qan var, qada var.
Sevgiylə süslənən diləkdən qorxma!
Labirint kimidi qəliz adamlar.
Dolanbac adamlar, dəhliz adamlar...
Şifrəli ürəkdə bil ki, xəta var.
Gözündən oxunan ürəkdən qorxma!
Toxunsan yanaram
Bu gün görüşdürdü bəxtimiz bizi,
Donub yerimizdə qaldıq eləcə;
Qara saçlarında həsrətin izi
Qarlı qışa dönüb, ağarıb necə...
Gənclik - tələbəlik,.. uzaqda qaldı.
Arzular, ümidlər - uçan körpüdü.
Yollar səni mənim əlimdən aldı,
Baxdın, baxdın mənə,.. qəfil hönkürdün.
- Heç dəyişməmisən!..
- Söylədim, sən də...
Baxdın, gözlərində atəşi gördüm!
Dəsmalın əlindən yerə düşəndə
Mən uşaqcasına qımışdım, güldüm...
Gördüm həyəcandan əsir əllərin,
Sən yenə əvvəlki utancaq qızsan!
Söylə, acığına ötən illərin
Qayıdıb təzədən uşaq olmazsan?!.
...Sevirəm sözünü necə yazdımsa
Qaynar dodağımla nəm əllərinə,
Söylədin astaca, pıçıltı ilə,
Toxunsan yanaram, toxunma mənə...
İnsan
Təbiət sirlərlə dolu bir şəkil.
Duymaqçün qəlbinin gözünə çəkil!
Qarışqa özündən böyük yük çəkir,
Bu eşqə, həvəsə şükür elə, insan!
Güllər çəmənlikdə sevgi toxuyur.
Arı gülü öpür, bal gül qoxuyur.
Dərənin dibində bulaq oxuyur,
Dinlədiyin səsə şükür elə, insan!
Can desən, can deyər mamırlı qaya!
Bir içim sevgi ver havaya, suya!
Halallıq yolu ək, qoca dünyaya!
Aldığın nəfəsə şükür elə, insan!
Yağışı sevirsən
Mənim otağımda kitab qoxusu,
Sənin otağında yasəmən ətri;
Sənin gözlərinin qaçıb yuxusu,
Mən yaza bilmirəm sonuncu sətri.
Mənim otağımda payız fəslidi,
Sənin otağına yaz gəlib artıq;
Sənin arzuların gül nəfəslidi,
Mənim duyğularım köhnəlib artıq.
Mən şair babayam, bir az əhlikef,..
Sən isə uzanan romantik gecə!
Nə qədər söz verib aldatmışam, eh,..
Yenə inanırsan mənə eləcə.
Nə sözlər yaxamdan əl çəkən deyil,
Nə sən yatmayasan səhərə kimi.
Tək bircə misralıq aşırım qalıb,
Mənim otağımdan şəhərə kimi.
...Yağış səsi gəlir bayırdan hələ,
Bəlkə pəncərəmdə hıçqıran sənsən!
Yağışa qoşulub gəlirəm, gözlə!
Bilirəm, yağışı sən də sevirsən!..
Dağ havası
Gəldim görüşünə yağışlı gündə,
Çaylar dəlisovdu bir az da həzin;
Bir bulaq oxuyur dağın döşündə,
Mən necə sehrindən çıxım bu səsin.
Nəyə toxunuram qanım qaynayır,
Hər çəhlim, hər çəpər tanışdı mənə.
Necə kövrəlibsə, dağlar bir anda
Bir ömür xatirə danışdı mənə.
İndi də dərənin çəni göründü,
Necə qəribədi dağın havası.
Boz duman havada elə süründü,
Deyirsən göylərdən özünü asıb...
Bilirəm, məğrurdu dağların başı.
İtirməz özünü zaman içində.
...Mən qaya dibində mamırlı dağam,
Dağlar mürgüləyir duman içində...
Kənd uşaqları
Sizə söhbət açım bildiklərimdən,
Görün, necə olur kənd uşaqları;
Bizim Gədəbəydə gördüklərimdən
Bir az pay göndərim şəhərə sarı...
Dağların qoynunda doğulur onlar.
Beləcə, ruhuna məğrurluq hopur.
Əvvəl çəpər olur,
Sonra onlardan
Böyük şəhərlərə yollar doğulur.
Əvvəl dağ çayına könül verirlər,
Sonra bulaqların nəğmələrinə;
At yəhərləyirlər babalarına,
Quzu otarırlar nənələrinə;
Hərdən də qayalar döşünə çəkir,
Dərələr gizləyir quzularını;
Torpaqda cücərdir ümidlərini,
Göylərə açırlar arzulalarını;
Köksünə sığmayır uşaq sevgisi,
Anlasan görərsən qanadlarını;
Könlünə toxunma!
Qəlbinə dəymə!
Asta ol! Qırarsan qanadlarını.
...Səhərlər günəşdən əvvəl oyanar,
Belədən-beləyə ölçər yolları.
Gecə yuxuda da futbol oynayar,
Bax, belə böyüyər, kənd uşaqları.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!