Müharibəyə şeir yazmayın - Şeirlər. Şahnaz ŞAHİN

 

 

Müharibəyə şeir yazmayın

 

Dünya müharibəyə getdi...

İndi,

damı uçur başına,

evi yıxılır,

arzuları bombalanır...

Tanklara çırpılıb dağılır,

təyyarələrdən atılır,

PUA-larla vurulur,

yanıb kül olur dünya...

Yıxılmış yuvalardan ah qalxır göylərə!..

 

Atları,

üzünü Allaha tutub kişnəyir,

otları ağlayır,

itləri zingildəyir,

qurdları ulaşır...

İlanları,

tısbağaları suda haqlayır ölüm,

şəhid olur,

yuvasına yem daşıyan qarışqa sürüsü...

Hava döyüşündən

geri qayıtmır ümid böcəkləri...

Gözlərini, əllərini, ayaqlarını itirir,

əlil olur dünya...

Şirə çəkməyə çiçək tapmayacaq

bal arıları...

 

Mən,

müharibəyə şeir yazmaq istəmirəm

Günəşə, Aya elçi düşürəm,

havaya, suya, torpağa yalvarıram,

küləyə, yağışa əl açıram,

Tanrıya çatdırsınlar səsimi...

Mən,

ölümü öldürmək istəyirəm,

ölümə şeir yazmaq istəmirəm!..

 

Ölümdən nənni asılmaz,

ölümdən uşaq doğulmaz,

ölümdən ana olmaz...

Sən də müharibəyə şeir yazma...

Çağır qayıtsın müharibədən,

sülhə gəlsin dünya...

sülh gəlsin dünyaya...

 

 

Kağız gəmi, kağız adam

 

O sahilə çıxmaq üçün,

Qeydən hami göndər mənə.

Bir qələm də qoy içinə,

Kağız gəmi göndər mənə.

 

Yalandan başımı qatır,

Bu ələk-vələk xəyallar...

Bu şəhid-həlak xəyallar,

Bu beşik-bələk xəyallar...

Səliqəsiz ümidlərin,

Küləkləri yorur məni...

Ətirləri vurur məni...

Qaytarıb çırpır sinəmə,

Şüşə məni, büllur məni...

 

Bir ovuc toza döndərir,

Bu soyuq yellər adamı...

Bu şirin dillər adamı...

Neyləsəm, qızdıra bilmir,

Bunca dərdi-sər odamı...

 

Oturum kağız gəmiyə

Çıxım bu damdan, İlahi...

Çıxım o damdan, İlahi...

Sən də naxışla könlümü,

Ortaya bir adam çıxart

Kağız adamdan.., İlahi...

 

 

Səhər tezdən kəndimiz

 

Azan səsi səpələnir üstünə...

işıq-işıq diksinib oyanır evlər...

otların şehini dərir Günəş...

yarpaqlar gərnəşib qalxır yuxudan...

çiçəklər,

utancaq təbəssümlə boylanır ətrafa...

 

Açılır

göz-göz pələd qapıları,

yol başlayır küçələr...

uşaqları dərsə,

böyükləri işə aparır.

Qoyunları örüşə,

heyvanları otlağa çıxarır...

Qarr-qarr sevinir ala qarğalar,

yem eşqinə cik-cik atılıb düşür

boz sərçələr...

Yaşlıları xatirələr çəkir özünə,

cavanları gələcək...

 

Daha kim qaldı ki, bu küçədə...

o getdi.., bu getdi...

gedənlər,

gələnlərə dəsmal verib ovutdu...

gedənlər,

qalanları özündən belə soyutdu...

 

Köhnə qapılar köhnə patefon kimidi,

təzə mahnı oxumur,

atam balası...

köhnə qapılar

təzə sevdalara qaynayıb-qarışmır,

ağrın alım...

Yaxın otur, dərdləşək...

 

 

***

Dünya - uçuş meydançası...

İnsanlar təyyarə...

Kimi uçar,

kimi qəzaya uğrayar...

 

 

Könül darağı

 

Qolumun büküşündən öpmüşdün...

elə həmin yerdən

deşdi damarımı

tibb bacısı...

Soyuq havalarda

özünü qoru demişdin,

qoruya bilmədim, bağışla...

sən yoxsan.., və mən indi

sətəlcəmlə baş-başayam...

 

Hava,

tənhalıq əsir bu dəfə..,

payız köçür yaddaşımdan,

ağrı keçir ürəyimdən,

sükut uçur başımdan...

 

Mənə bir daraq göndər,

könlümə çəkməyə...

 

 

Fraqmentlər

 

Hara baxsan şeirdi...

Elə bu solğun bənizli gecə,

dibçəkdəki güllər...

pəncərə şüşəsində çiliklənən

yağış dənələri...

yolların qırağında

soyuqdan büzüşüb titrəyən

köməksiz otlar...

hər şey...

bircə,

geniş masa üstündəki büllur güldanda

boynu bükük çiçəklərə yazıq...

 

Şəkil albomum çəkir məni -

gah yerdən, gah da göydən...

deyirlər anam da ordadı..,

yalandı, inanmıram!

Axı o, həmişə mənimlədir..,

evdə, yolda, maşında...

 

Müharibə bitib,

bəs,

sənin ayaqların niyə gəlmədi...

gözlərini,

qollarını,

 əllərini harda unutmusan, əsgər?!.

 

 

İndi məni gendən tanır köpəklər

 

Nə olubsa mənə olub, sənə nə...

Nə gəlibsə səndən gəlib, biləsən!

Adam kimi yaşamağa qoymadın,

Heç olmasa adam kimi öləsən...

 

İndi məni gendən tanır köpəklər,

Zingildəyib ayağıma baş qoyur...

Bir əl gəlib yığdığımı dağıdır,

Biri hər gün sinəm üstə daş qoyur...

 

Şirin olur ümidlərin sabahı..,

Yağış yağır, navalçalar oxuyur.

Yumaqları göydən asıb İlahi,

Fatma nənəm mənə çələng toxuyur.

 

Qada görməz qada alıb yaşayan,

Yol çəkirəm bu "ah"dan o "ah"acan...

Əl qoyuram bu Kitaba, Qələmə,

And içirəm məndən, səndən, "O"nacan...

Nə oldusa mənə oldu, əzizim...

Çəkirsən, daş gəlir bəxtindən qabaq

 

Bu da o günlərdən bir xatirədi..,

quş dimdiyində,

dəvə belində,

adam dilində gətirdi...

 

Sındırıb atdı qayadan gəlincikləri...

O, əlvan,

məxməri bürüncəkləri

çəmənlər götürüb çəkdi başına...

çəkdi bu torpağın hər qarışına...

 

Biz də bir mağara səssizliyində,

Verdik bu kirayə ömrü yuxuya...

Verdik bu zamanı, vaxtı yuxuya,

Atdıq tilov kimi baxtı yuxuya...

 

Çəkirsən,

daş gəlir bəxtindən qabaq,

Dəvənin hürgücü əzir canını.

Quş da dimdiyindən ilişib tora,

Adamlar dilindən çəkir yanını...

 

Adamlar  edama bəhsə-bəhs gedir,

Minlərcə dan üzü, minlərcə qan var.

Bu yerin altında, Göyün üstündə,

Kamına yetişən neçə adam var?!.

 

Hamı öz ömründən bir xatirədi...

qartal qanadında,

durna köçündə,

dəvələr belində apardı getdi...

 

 

Qədərə yoluxur adam

 

Yaşlandığını etiraf etmir kimsə..,

Amma

qaçaq düşən yuxusuyla,

həyatı itirmək qorxusuyla,

növbənöv ağrılarla

bir az şəkərə,

bir az kədərə,

sonra da qədərə yoluxur adam...

 

Bir az iştahı azalır,

bir az dili qısalır...

bir gün gözü,

bir gün qulağı,

bir gün də əli işdən qalır...

 

Bir gün ayaqları uduzur yollara...

bir az ağırlaşır,

bir az nağıllaşır...

ən zalım adam da

sonda fağırlaşır!..

 

Bir az tündməcaz,

bir az cığal olur,

uşaqlaşır tamam...

Bu dünyayla hərə bir cür sağollaşır,

yazılanla hərə bir cür razılaşır...

Deyirlər ki, qocalır adam!..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!