Gəldim ki, bəlkə...
Ömrün baharında qəm çiçəkləri,
Özüm öz əlimlə dərdim də, gəldim.
Həsrət köynəyini qolumun üstə,
Ömrümü yoluna sərdim də, gəldim.
Gəldim ki, bəlkə, sən getmə deyəsən.
Mən səndən xəbərsiz gedərdim, ya da,
Uzaqdan-uzağa əl eyləyərdim.
Sən olan yerlərə gətirib gəldi,
Tutub əllərimdən sənsizlik dərdim
Gəldim ki, bəlkə, sən getmə deyəsən.
Zamana sığmayan zaman dilədim,
Göy ana qovuşa, yer ana bəlkə.
Taledən bir anlıq aman dilədim,
Sığışa bir ömür bir ana bəlkə,
Gəldim ki, bəlkə, sən getmə deyəsən.
Gör nələr bəslədim, bitirdim gəldim.
Ömrü sənsizlikdə itirdim gəldim,
Sonuncu ümidi gətirdim gəldim.
Gəldim ki, bəlkə, sən getmə deyəsən.
Çəkmişəm adını hər nəfəsdə mən,
Hər bir nəğmədə mən, hər bir səsdə mən,
Gəldim minnətinə son nəfəsdə mən,
Gəldim ki, bəlkə, sən getmə deyəsən.
Deyəsən gözlərim uzağı görmür,
Bir də gözlərimdən itmə deyəsən,
Gəldim ki, dilimdən qıfıl qırılsın,
Gəldim ki, bəlkə, sən getmə deyəsən.
Dünyam dünyasını
necə dəyişdi
Sən niyə dəyişdin, necə dəyişdin,
Ömrümü-günümü bitirdin mənim.
Mənim ümidimi öldürdün harda.
Harda gümanımı itirdin mənim.
Dəyişdin gözümdə, göz görə-görə,
Mənim gözlərimin nəydi günahı,
Mən görən gülüşü harda itirdin,
Mən görən baxışı neylədin axı.
Sən necə nəğməydin, sən necə səsdin? -
Qırdın o mizrabı, qırdın o teli.
Əlin necə gəldi, de necə qıydın,
Məni bu həyata bağlayan əli.
O sənli dünyada gecələmişəm,
Gündüz ümidimi gecə dəyişdi.
İnana bilmirəm mənim gözümdə,
Dünyam dünyasını necə dəyişdi!?
Fəsillər kimisən, illər kimisən.
Dəyişər çox arzu, çox niyyət belə.
Dəyişər yerini axşam, sabahla.
Dəyişər yerini təbiət belə.
Dəyişər dediyim quru səs deyil,
Dəyişər dediyim hələ bəs deyil.
Hər nə var dəyişər dəyişər, amma
Dəyişən nə varsa müqəddəs deyil.
Özün bilirsən ki, yaxşılıq itmir,
İtirməz gözündə su gördüklərin.
Son kərə sən mənə yaxşılıq eylə.
Denən ki, yalandı bu gördüklərin.
Dəyişdin demişəm mən haqsız yerə,
Bax da baxışınla naxışla məni.
Deyim ki, günahın mənim boynuma,
Deyim ki, sevdiyim Bağışla məni.
Gülayə, gördüyün yuxuymuş denən,
Doğru de, yalan de, dayandır məni.
Sənin günahların mənim boynuma,
Yetər ki, özünə inandır məni.
Dünyada sən boyda
ayrılıq varmış
Bir ömür gözümdə güzgüləndi qəm,
Bir ömrün sevinci gözümdən gəldi.
Günahkar gəzmədim mən yer üzündə,
Mənə gələn bəla özümdən gəldi.
Bir nəğmə oxudum ayrılıqlara,
O nəğmə illərin dilində getdi.
Səni ayrılıqlar aldı əlimdən,
Ömrüm ayrılığın əlində getdi.
Səni ayrılığa verdim əlimlə,
Ömrün eyvanından uçdun quş kimi.
Toplaya bilmədim parçalarını,
Yuvası dağılmış qaranquş kimi.
Əlim yaxasında qaldı göylərin,
Dağıldı gözümdən yuxular rəng-rəng.
Ayağım altına daş yığıb hər gün,
Boyuna boylandım günəbaxantək.
Mənəm günahkarı bu ayrılığın,
Mən özüm bilirəm bu dərd nə dərddi.
Mənə sevgi adlı bu günahımın,
Həyat bədəlini ağır ödətdi.
Sualsız cavabdır, cavabsız sual,
Sənsiz yaşadığım hər günün sonu.
Mən hardan biləydim ayrılıq imiş,
Dünyaya sığmayan sevginin sonu.
Güldüyün o gülüş sonuncu gülüş,
Sonuncu baxışmış baxdığın baxış.
Mən hardan biləydim, necə biləydim,
Dünyada sən boyda ayrılıq varmış.
Mənəm günahkarı bu ayrılığın,
Mənəm bu sevginin günahkarı mən.
Sən boyda ayrılıq olmazdı, bəlkə,
Səni dünya boyda sevməsəydim mən!
Mən sevgimiz bitən yerdə ölmüşəm
Məzarım sevgimiz bitən yerdədi,
Gündə min yol mən bu dərdə ölmüşəm.
Sən necə yaşadın bilə bilmədim,
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Ömür nədir? - gültək solan, sevdiyim,
Yarıgerçək, yarıyalan, sevdiyim.
Bir şəkildir məndən qalan, sevdiyim.
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Gözümdən asdığım çilçıraq deyil,
Aldığım bu nəfəs haqdı, haqq deyil?
Hələ nəfəs almaq yaşamaq deyil,
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Ölüm baxır hər bir yandan demişdim,
Can çəkilir canım-candan demişdim.
Mən ki, sənə sevən andan demişdim
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Varım-yoxum itən yerdə ölmədim,
Ömrüm-günüm ötən yerdə ölmədim.
Ölüm gəlib yetən yerdə ölmədim.
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Dözə bilsən döz, Gülayə, yarat sən,
Ürəyində yaz, Gülayə, yarat sən.
İndən sonra yüz Gülayə yarat sən,
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Sən olmayan yer
Bilmərəm bu dünya neçə bucaqdı,
Əriyər, gözümdən yerə şam düşər.
Günəş batan yerdi sən olmayan yer,
Nə sabah açılar, nə axşam düşər.
Sən olmayan yerdə göz yaşı, ağı,
Ömrün qürub çağı sən olmayan yer.
Aynasız, qapısız qəm otağıdı,
Ölüm yatağıdı sən olmayan yer.
Köksümün üstündə göynəyən ahım,
Çəkə bilmədiyim ağrım-acımdı.
Harda ki sən yoxsan, orda həyat yox,
İşgəncəm, zülümüm dar ağacımdır.
Sən olmayan yerdə dayanar zaman,
Sənsizlik içində nə səsim mənim.
Mənim azadlığım, bəraətim sən,
Sən yoxsansa yoxdu, nəfəsim mənim.
Nizamı pozular sənsiz həyatın,
İçər ürəyimdən su, dünya mənim.
Torpaq ayağımın altından qaçar,
Yıxılar başıma bu dünya mənim.
Sən olmayan yerdə sabah açılmaz,
Həsrətin axşamı, sabahı yoxdu.
Hər dərdin, hər qəmin öz Allahı var,
Bircə sənsizliyin Allahı yoxdur.
Şeir ağlayaram adına hər gün,
Öpüb də adının hər hərfini mən.
Necə görmüşəmsə, elə deyərəm,
Sənə sənsizliyin tərifini mən.
Çiçək məzarlığı
Ömrünə qar yağdı ağ çiçəklərin,
Baharda qar yağar, bilməmişəm mən.
Yatmadım o gecə sabaha qədər,
Qəmli ağacların iniltisindən.
Ağaclar heç belə üşüməmişdi,
Hələ ağlamamış çiçəklər belə.
Sazaqda titrəşən tumurcuqların,
Ahı ürəyimdə göynəyir hələ.
Çiçək məzarlığı saldı sazaqlar,
Tufanlar yolunu azdı o gecə,
Ağlayan ağaclar ağ çiçəklərin,
Sonuncu nəğməsin yazdı o gecə.
Hönkürüb ağlayan o ağacların,
Dağlandı sinəsi, dağlandı dağ-dağ.
Ağac ağrısını, çiçək ömrünü,
Görsəm yuxularda görərdim ancaq.
O gecə quşların dili tutuldu,
Üzünə boylandı göylər kar kimi.
Başını aşağı salan ağaclar,
Donmuşdu o gecə günahkar kimi.
Donmuş ağacların üzünə görən,
Necə baxacaqdı sabahlar indi.
Necə sızıldaşır kim nə biləcək,
Necə ağrı çəkir budaqlar indi.
Gördüm uşaqların qar sevincini,
Yenə xəyallarım dərbədər oldu.
Bizim kəndimizə yağan o qarın,
Qurbanı günahsız çiçəklər oldu.
O gecə dünyanın gözünə köçdü,
Ağ qarın altında əklili qaldı.
Hələ tökülməmiş çiçəklərilə,
Gözümdə bir budaq şəkli qaldı.
Günahlı-günahsız çox canlar alıb,
Bir yol ağlamayıb dar ağacları.
Bəlkə bədəlini ödəyir hələ,
Hönkürüb ağlayan dar ağacları.
Öldüyüm gündür
Hər gün həsrətinlə yol gedirəm mən,
Hər gün ürəyimdə yeridin, yetdin.
Səsini ruhuma yağdı buludlar,
Məni həsrətinə bürüdün getdin.
Hər gün ağrı çəkdiyim ayrılıqlara,
Hər gün ürəyimdə bir ağrı dindi.
Sənsiz yaşadığım bircə gün varsa,
O da həsrətindən öldüyüm gündür.
Süzdüm gözlərimə sərxoşluğunu,
İçib qərq olduğum səssiz dənizmiş,
Məni həsrətinə tapşırıb getdin,
Sənin həsrətin də səntək əzizmiş.
Sərib saçlarımı yollar boyunca,
Zamanı geriyə daşıyıram mən.
Gözlərin arxada qalmasın daha,
Sənin həsrətinlə yaşayıram mən.
Düşüb ayrılığın ayaqlarına,
Zamanı geriyə daşıyıram mən,
Dənizə atılan ağ çiçək kimi,
Sənin həsrətinlə yaşayıram mən.
Günəş ağlayanda gözlərim yanır,
Sən olan yerlərə gəlirəm hər gün.
Sənin həsrətinlə yaşayıram mən,
Sənin həsrətinlə ölürəm hər gün.
Mən sənə sevgimin
rəsmini çəkdim
Bağışla, dilimə gec gətirmişəm
İllərlə qəlbimdə yazdığım şeiri.
Uzun gecələri gözümdən asıb,
Hər səhər yuxusun yozduğum şeiri.
Mən sənə sevgimi xonça bağladım,
Qollarım yetmədi boyunu quca.
Boyuna yetəsi boyum yox mənim,
O qədər böyüksən, o qədər uca.
Adın çəkildikcə adlar içində,
Bir tarix boylandı hər ucalıqdan.
Hər nə var yalandı səndən o yana,
Ucalıq görmədim sən ucalıqda.
Adına güvəndim mən ömür boyu,
Sən varsan daha nə qəm demişəm.
Mənim gözlərimdə Tanrılaşıbsan,
Sənə hər dinəndə qibləm demişəm.
Sən mənim əzəldən ölümsüz ömrüm,
Ölümsüz yaşısan körpəliyimin.
Mənim könül evim, mənim can evim,
Nağıl yaddaşısan körpəliyimin.
Sən atəş nağılım, sən su nağılım,
Hər rəngdən bir çələng toxudun mənə.
Hansı əfsanəni, hansı nağılı,
Mən hansı nəğməni oxuyum sənə?
Rəsmini çəkim, de, hansı qayanın?
Mən hansı otaqdan asım rəsmini?
De, hansı zirvədən, de, hansı dağdan,
De, hansı budaqdan asım rəsmini?
Mən hansı havaya oynayım denən,
Oduna qalanmaq havasındayam.
Alışmaq öyrəndim pərvanələrdən,
Başına dolanmaq havasındayam.
Başına dolandım misra-misra mən,
Səni çiçək-çiçək könlümə əkdim.
Mən sənə heç zaman şeir yazmadım,
Mən sənə sevgimin rəsmini çəkdim!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!