Tanrım, səbrinə qurban
Kimdi xoşbəxtlikdən ürəyi toxdu?
Uşaqtək inciyən indi nə çoxdu,
Bəxtindən küsənin ağlı ki yoxdu,
Küssən, bəxt gözəlləşir?
Bir an düşünmədik səfərimizi,
Dəyişdik yalanla öz yerimizi,
Tanrı bağışlamaz heç birimizi,
Biz günah etməsək də.
Mən şübhələrimi qəlbdən silirdim,
Dərd bildiklərimə bəzən gülürdüm,
Bütün adamları adam bilirdim,
Aldadırdım özümü.
Görməkdən adamın gözü də bezib,
Yüzündən soruşsaq, yüzü də bezib
Dünyadan dünyanın özü də bezib,
Tanrım, səbrinə qurban!
Ayrılıq və nöqtə
Xatirələrindən silmisən məni,
Mən də eləyirəm əldən gələni.
Unuda-unuda sevirəm səni,
Unudum, ya sevim?
O qədər yuxuma qatdın ki, haram,
Mən dualarında görmədim, varam,
Qəlbin isinmədi, ay soyuq adam,
Yay fəslində belə?
Mən səndən əvvəl də tənhaydım, təkdim,
Bəlkə də, özgəyə, yada gərəkdim,
10-15 il də gözləyəcəkdim,
Heç nə dəyişməzdi.
Hər kəsdən, hər şeydən kənara gəldik,
Alınmır, soruşma biz hara gəldik,
Nəhayət, Tanrıyla qərara gəldik -
Ayrılıq və nöqtə.
İlahi, heç bilirsən?..
İlahi, çək o qızın
Ağrısını canından.
Dünya dağılsa, getmə
Bircə anlıq yanından.
Ömrünü vermək olar
Kirpiyinə, gözünə.
Adını dua edib
Səpirəm göy üzünə.
Ən çox onun haqqıdı,
Kim edər ki etiraz?
Xoşbəxtliyi alnına
Böyük hərflərlə yaz.
Onunçün darıxmağın
Adı tamam başqadı.
Ləzzəti tam ayrıdı,
Dadı tamam başqadı.
Son an, son nəfəsimdə
Arzumdu, gərəyimdi.
İlahi, heç bilirsən,
O qız mənim nəyimdi?
Ən səmimi söhbət
Baxıb şəklinə dedim,
Dəyişmədin bu il də.
Necə gözəl çəkdirsən,
Tənhasan hər şəkildə.
Heç nəylə ürəyini
Yəqin, ovutmamısan.
Əlimdə sübutum var,
Sən də unutmamısan.
Bir sənin gülsün üzün,
Hamıdan üz çevirdim.
Heç kimə sirr deyil ki,
Sirrimi sənə verdim.
Ölsəm, gəl barışmağa,
Adam orda tək qalır.
Ən səmimi söhbətlər
Başdaşı ilə olur.
Çağır, lap özüm gəlim,
Baxma yollarım dağlıq.
Elə də uzaq deyil
Sən olduğun uzaqlıq.
Yadımda olmur
O məsum, ərköyün xəyallarımız
Öyrəşdi həsrətin sərt qucağına.
Onun ağlasığmaz xatirələri
Sığdı bir otağın künc-bucağına.
Bütün vərəqlərdə, səhifələrdə
Hamını - doğmanı, yadı pozmuşdum.
O mənim əlimdən qaçıb gizləndi,
Mənsə əllərinə şeir yazmışdım.
Bəlkə, gecikmişdi xoşbəxtliyinə,
Dəli ayrılığa yoxsa tələsdi?
Ömrümü, qəlbimi neynirdi ki o?
Tək ona bəxtimi verdim... və küsdü.
Mənə doğrusunu göstər insanın,
İnanıb seçməyim etibarsızı.
İlahi, bəndəyəm, yadımda olmur,
Sən tez-tez yadıma sal həmin qızı.
Tovuz kimi
Bu qızı ilk dəfə görürəm axı,
Nə üçün doğmadır bu qədər mənə?
Bəlkə də, özümdən xəbərsiz bir vaxt
Yol tapa bilmişəm onun qəlbinə.
Təkcə saçlarının qoxusu ilə
Bütün qoxuları poza biləsən.
Kaş əlində ola, elə bu anda
Özünü alnına yaza biləsən.
Adamı şair də sevər, unudar,
Bu qız taleyindən gərək qorxmasın.
Ömrümü söykədim baxışlarına,
İlahi, tapşır qoy yana baxmasın.
Ona bəndə kimi baxımmı indi?
O da mı Tanrıdı, yeri, göyü var?
Sevməyə məcburam onu, neyləyim,
Onun tovuz kimi gözəlliyi var.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!