"Duyğuların qanadıyam" - Şeirlər. Nəcibə İLKİN

 

 

Dərdlərin yuya səni

 

Bir uçuq daxma ola

Oturub qəmlənəsən.

Dərdini güzgü bilib,

Elə güzgülənəsən.

 

Gözlərin qəhərlənə

Nar kimi sıxılasan.

Köksün elə titrəyə

Dəniztək çalxanasan.

 

Çəkib qəmin ətrini

Bir az ləpələnəsən.

Dərdlərin gül üzünə

Şirin-şirin güləsən.

 

Bulud-bulud ağlayıb

Göylərə çəkiləsən.

Dərdlərin yuya səni,

Kəfənə büküləsən.

 

Şəklini çəkə yollar,

Yer də qısqanclıq edə.

Əzrayıl dostun ola

Səni tərk edib gedə.

 

Ayılasan, yuxudu...

Dünya ayağın altda.

Dərdi yuxuya verib

Durasan geri qatda.

 

 

Şeirim bahar gözü

 

Şeirimin bahar gözü

Yaşla dolub, kövrəlibdi.

Yaz nəfəsli ürəyimdə

Qış yenidən dirçəlibdi.

 

Hər sözümün bənövşəsi,

Qara xallı laləsi var.

Vətən deyən dillərimin

Göyə qalxan naləsi var.

 

Misra-misra qocalıram,

Kəlmə-kəlmə can verirəm.

Şeir-şeir ucalıram,

Vətən boyda qan verirəm.

 

Sözlərimin soyqrımı,

Dillərimdən asılıbdı.

Qələm tutan əllərimi

Gör kimlər daşa basıbdı.

 

 

Payız yağışı

 

Döyür pəncərəmi payış yağışı,

Dəli sevgimizin göz yaşı kimi.

Səni arzulayır kövrək baxışım,

Neçə min illərin sirdaşı kimi.

 

Elə möhtacam ki, bax, bu an sənə,

Qəlbimin ağrısın yağış da duyur.

Səngimək bilməyən bu yağış bəlkə,

Bəlkə sevgimizin günahın yuyur.

 

Gəl tut əllərimdən ürəyimizi,

Yağışın altında boşaldıb doyaq.

Gizlədək yağışdan gileyimizi,

Özümüz sevginin günahın yuyaq.

 

 

Qarşıla ruhumu

 

Susur gözlərimim ağrı-acısı,

Deşir ürəyimi intihar yeli.

Yoxdu kədərimin qardaş-bacısı,

Barı bircə ağız ola təsəlli...

 

Gəlmə yuxularıma, ta sən də ana,

Bir sığal çəkməyə yerim yox daha.

Qarşıla ruhumu gəlir yanına,

Əzrayıl imzanı qoyub sabaha.

 

Yer də qaçıb gedir ayağım altdan,

Tutmağa bir ümid ağacım yoxdu.

Gözümdə yuxular yenə ban verir,

Başımın altında ildırım çaxdı...

 

Kəfənə bükülüb baxıram bu an,

Birisi əlində başdaşı yonur.

Əlləri qurumuş elə düzəldib

Şəklimə baxanda bədənim donur.

 

 

Mən səni sevən deyiləm

 

Bir sevgisən öz içimdə,

Lal olubdu söz içimdə,

Olsan yanar köz içimdə,

Mən səni sevən deyiləm.

 

Bu eşqin baxıb dadına,

Heç yaraşdırma adına,

Gəl məni salma oduna,

Mən səni sevən deyiləm.

 

Xəyal olub düşdüm yola,

Yenə də sənlə qol-qola,

Milyon var-dövlətin ola,

Mən səni sevən deyiləm.

 

Əlim əlindən asılı,

Könlüm könlünə qısılı,

Desələr bu baxt yazılı,

Mən səni sevən deyiləm.

 

Mən bir azca utancağam,

Könül isitməz ocağam,

Yaxın dursan yanacağam,

Mən səni sevən deyiləm.

 

Deyən, çox etdim ərkimi,

Sözüm yandırsın hər kimi.

Sən məni sevdiyin kimi

Mən səni sevən deyiləm.

 

 

Dolasan bulud gözlərə

 

Soyunub qəm köynəyini

Üzü dağlara gedəsən.

Gəzib dağları doyunca,

Sonra da gözdən itəsən.

 

Acını çəkə ev-eşik,

Yol gözləyə dost-tanışın.

Çiliklənən xatirələr,

Ola sənin məzar daşın.

 

Dolasan bulud gözlərə,

Payız olub, yaz güləsən.

Başdaşından gülümsəyib,

Yağış kimi töküləsən.

 

Anan gələ görüşünə,

Atan qucaqlaya səni.

Sevincdən daşın çatlaya

Dərdlərin ağlaya səni.

 

Güləsən torpaq üzünə,

Güləsən külək yaşına.

Son gülüşün xatirinə,

Hamı yığıla başına.

 

Səni sevən könüllərin,

Qalasan qız yaddaşında.

Darıxdığın ölüm üçün

Ölməyəsən bu yaşında...

 

 

Özümüzə tale yazdıq

 

Üzülməyən sevgimizin

Ürəyini niyə üzdük?

Özümüz də heç bilmədən,

Yolumuzu tərsə düzdük.

 

Yol gözləyən izimizin,

Dedik həsrət, kədər bizim,

Şirin dadan sevgimizin,

Badəsinə acı süzdük.

 

Kim uduzub, kim nə udub,

Şirin anları unudub,

Fələyin əlindən tutub,

Özümüzə tale yazdıq.

 

 

Duyğuların qanadıyam

 

Buz bağlayan yollarını,

Nəfəsimlə əridəydim,

Bu ağlayan sevdamızı,

Gücüm çata, kiridəydim.

 

Bir dünyalıq can oduyam,

Duyğuların qanadıyam,

Mən sevginin öz adıyam,

Göydə sevib, yerə dəydim.

 

Yaz dərdimi, yaz aramla,

Nə yaşayım bu yaramla,

Vüsalımı damla-damla,

Ürəyinə yeridəydim.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!