Yarpaq-yarpaq ayrı düşdüm səndən,
fırtınadan sonra ilk doğan yaz günündə.
Görəsən, hələ də sən tərəfim durğun bir torandı.
Getdiyin günəm, dəyişdiyin rəngəm,
Ayaq üstə duran buludlarda.
Qollarıma qədər yaxın durdum həsrətinə...
Sənə doğru yıxmaq istəyirəm;
məhbus divarları, tutqun çölləri...
Qoy, pəncərəmin ağzında barmaqları üşüməsin qışın,
Ovucları soyumasın ayrılığın...
Bağışla, qoruya bilmədim əllərimi.
Hər fəslin içində, ağacların altı eyni soyuğa büründü,
eyni kağızlar yazdı ağacların ölümünü...
İndi təkcə payızın üstündə ürəyim əsir...
Çünki yağışların arxasında ayaqlarım payızdı.
Çünki bütün sevgilər aynaların önündə sınıqdı...
Daha ürəyim şüşə tutmuş bir əsarət içində,
kimsəsiz gecələrin qapısın tanıdı,
Ölü yolu gözləyən məktublara döndü...
...Və daha sonra əqrəblərin ayaq səsində,
hər an sənsiz günlərin üstünə döndüm...
Bəlkə nə vaxtsa gözlərinin səhəri oldum...
***
Ac bir pulqabıya çörək olmaq istəyirəm...
Qoy çiçəkli inqilablar çörək aclığından ölsün,
içsin zəncirdəki göy üzünü dənizlər
pinəçi buludların üstünə,
bahalı küçələrin gözlərinə.
...bu pulqabıda
ciblərim min tabut borcudur,
ayaqlarım bir ayrılığa möhtacdır.
Getsəm, yetim qalar otağım,
çətirsiz günümə arxa durmaz yağışlar.
İndi bu pulqabı.
hardasa bir tikə çörəyin boyun bükür,
hardasa bir şam işığının evin yıxır,
hardasa son qəpiyinin boğazından kəsir...
Acgöz küçələrdə üşüyür qəpiklərim,
masaların ürəyində acından ölür
qab-qaşığım.
Hələ də yaşayıram
kor radionun səsində,
köhnə pencəyin qolunda.
Heyif,
evimizə bir gülüş ala bilmədim ki,
günəşin canı qurtarsın pəncərəmdən...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!