Əyil ürəyinə
Nəğməni, nağılı özündən uzaq
Tutdunmu yadına düşmərəm sənin.
Şehli yarpaqları gözündən uzaq
Tutdunmu yadına düşmərəm sənin.
Əyil, ürəyinin üstünə əyil,
Orada gör nələr döyünür, tərpən.
Əyil, əllərinin üstünə əyil,
Əyil, əllərindən boylanır körpən.
Əyil, ölənlərin ahına əyil,
Əyilsən, Arazda körpü də bitər.
Əyil, ayağının ruhuna əyil,
Əyilsən dünyanın çöpü də bitər.
Qoyma ürəyindən yerə sevgini,
Ağlama, gözündən düşə bilərəm.
Qəbir şəklində anamız yeri,
Düşdüyüm yerdəcə deşə bilərəm.
Qapılar
Suyun qapısı açılsa çiçəkdir,
Çiçəyin qapısı açılsa meyvə.
Qızın qəlbi açılsa sevgidir,
Sevginin qapısı açılsa ailə.
Allahın qapısı bağlı deyil,
Getmək istəyirsən səsnən get.
Ayaqlarını at çiyninə
Bir quruca nəfəsnən get.
Uzun bir yol var, amma
Get, get, dayanmadan get,
Allahın qapısına
Oyanmadan get...
O qıza
O qız oğlanların mərəkəsində,
O qız oğlanların qalınlığında...
O qız sevənlərin hər səhərində,
O qız sevənlərin ayrılığında...
Sevir, unudulur təzədən yenə
Ülvü bir məhəbbət düşür eyninə,
Yenə də başlanır, yenidən yeni,
O qız sına - sına gəlir evinə.
O qız yerişiylə, gülüşləriylə,
Nəyisə öldürür, nəyisə gəzir.
O qız sevə-sevə unudulur bax,
Yumruqla, təpikə ağlayır nazı.
O qız oğlanların gündə biriylə,
İlahi bir eşqin oduna yanır.
Hardasa bir sevgi cücərib ölür,
Hardasa bir evin işığı yanmır.
Məsələn
Məsələn, deyirəm,
Biz ölsək, yəni ayrılsaq,
Harda görüşə bilərik -
Bir-birimizi nədən tanıyarıq?
Məsələn, bizim adımız
Nə olar onda.
Sən məni tanımazsan
Mən səni tanıyanda.
Məsələn, sən dayanmazsan
Mən dayananda.
Məsələn, sən doğulmazsan,
Mən doğulanda.
Ayrılıq nə güclüdür,
Uzaqda dayanma,
Məsələn, hələ yatma,
Hələ oyanma.
Səs salmayın
Xəbər gözləyən nənəm,
Çoxdandı dayanıb
Bir səsin nişanında.
Qorxuram həyətdəki
Uşaqların ağzından
Bir səs çıxıb
Gedib dəyə nənəmə.
Kababı köz öldürər,
İgidi söz öldürər,
Babamı güllə öldürdü,
Nənəmi səs öldürər.
Siz Allah, səs salmayın...
Şəkil
Mən səni yadımda belə saxladım,
Danışıb eləmə, şəkil kimi qal.
Əlini tərpətmə, gəl keç yanımdan,
Gördün darıxırsan, xəyallara dal.
Şəklin xəyalları çox dərin olur,
Nəyi düşünürsən, götür özünə.
Guya ki, bu səhər gəlin köçürsən,
Şəklini örtüktək dur çək üzünə.
Gözündə qəribə kədər varıydı,
Güldürmə, qoy elə, eləcə qalsın.
Xalqın gəlinləri böyüyüb getsin,
Qoy mənim sevdiyim balaca qalsın.
Bir axşam üzündə qəmi sındırıb,
Anan söyləməsin Allaha şükür.
Bax onda gözündə şəklini cırıb,
Verər küləklərə bu Allahşükür...
İşıqlı yuxu
İşıqlı bir yuxu gördüm bu axşam,
İşıqlı yuxuda ölsəm nə dərdim?
Çiçəklər içində buta alandan,
Dünya ürəyimdə bir qarış yerdi.
O nəsə danışdı külək dilində,
Açıldı torpağa qolu, qanadı.
Elə bil nə vaxtsa, çiçək gölünə,
Ürəyimdən düşən bir xətt misradı.
Çağırdım, səs gəldi dağlar dalından,
Bir durna qatarı zirvələr aşır.
Füzuli şeirindən ilham alandan,
Zirvələr gözümdə balacalaşır.
Bu qız sadəlövdü, bu qız tanışdı,
Birdən doğru bilər ürək deyəni,
İşıqlı yuxuda ölsəm, yaxşıdır,
İşıqlı yuxuya bükələr məni.
Qış səhəri
Baxırsan uzaqdan tüstülənir kənd,
Açılıb mal-qara örüşə gedir.
Qışın acığına sanki uşaqlar,
Məktəbə gülüşə-gülüşə gedir.
Körpə layla bilir çovğun səsini
Ayılır, yenidən yuxuya düşür.
Tülkünün qar üstə qalan izindən,
Səhərlər toyuqlar qorxuya düşür.
Tüstülər bacadan burulub çıxır,
Sanki kənd evləri qəlyan yandırır.
Qar üstə yayılan xoruzun banı,
Bir arıq tülkünü yaman yandırır.
Qalıb
Payız keçib buradan,
Yolunda yarpaq qalıb.
Bu ağacın başında,
Bircə yarpaq sağ qalıb.
Bir quş hələ budaqda,
Civildəyir sazaqda.
Stolumda bu haqda,
Ağappaq varaq qalıb.
Sinəm dönübdü saca,
Bilmir dərd hara qaça?
Baharın bu ağaca,
Yolu bir barmaq qalıb.
Eyləyəsən
Deyirəm, sevdiyin bir gözəl ola,
Hərdən yola salıb əl eyləyəsən.
Başdan ayağacan yol küçəsini
Çiçək eyləyəsən, gül eyləyəsən.
Eşqin dənizində itib azasan,
Sevgi qalib gələ, sən uduzasan,
Oturub bir dəftər məktub yazasan,
Durub saatlarla tel eyləyəsən.
Küləktək güdəsən qapılarını,
Yığasan belinə qışın qarını,
Uc-uca bağlayıb misralarını,
Burdan onlaracan yol eyləyəsən.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!