"Çıxıb başmaq seyrinə, edib seyri-çəmən, gəldim..." - Qazaxlı şairlərin Vaqifə həsr olunmuş şeirləri

 

"Çıxıb başmaq  seyrinə, edib seyri-çəmən, gəldim,

Ayaq üstdən Qazağa bir gedib, gördüm vətən, gəldim"

 

Hörmətli baş redaktor!

Keçən ilin avqustunda Şuşada möhtərəm Prezidentimiz İlham Əliyevin böyük qayğısı və fədakarlığı nəticəsində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş Vaqif məqbərəsinin açılışı oldu. "Vaqif Poeziya Günləri"ndə biz də iştirak etdik, sevindik və qürurlandıq.

Məlum olduğu kimi, ilimiz "Şuşa İli" elan edilib. Şuşa Mədəniyyət paytaxtı kimi bu gün milli dəyərlərin daha da inkişafına xidmət edən səfərlərin, görüşlərin, söhbətlərin, konfransların, eləcə də beynəlxalq səviyyəli tədbirlərin mərkəzinə çevrilib.

İndi yenə də bu müqəddəs məkandayıq. "Vaqif Poeziya Günləri"nin iştirakçısıyıq.

Onu da demək istəyirəm ki, başqa maraqlı yazılarınızla yanaşı, son vaxtlarda M.P.Vaqiflə bağlı yazdığınız iki məqalə də məni çox razı salıb.

İndiyədək "Görmədim" şeirinin bir bəndini də yüz ildən sonra ilk dəfə müxəmməsə əlavə edib "Ədəbiyyat qəzeti"ndə çap etmisiniz. Çox sağ olun!

Səhvən bəzi tədqiqatçılara elə gəlib ki, "Qarabağ içrə bir şair Kəlumullah Musadır" misrasıyla başlayan qəzəl guya o vaxt Şuşada həmin ad altda yaşayıb-yaradan bir şairinmiş.

Siz bu mövzuda yazdığınız "Polemik rakurs, yaxud Şuşada Vaqifdən qabaq Musa Kəlimullah adlı şair yaşayıbmı?" məqalənizdə tutarlı dəlillərlə sübut etdiniz ki, əslində, bu şeirdə Vaqif özünü nəzərdə tutmuşdur.

Bu bir həqiqətdir ki, böyük şairlər öz qüdrətlərini hamıdan yaxşı bilirlər.

"Mən sehri-Museyi kəliməm" deyən Füzuli kimi, "Məsihtək nəfəsim, nitqimin qılıncı ilə gəlir Kəlim kimi himmətimlə lal dilə" deyən Xaqani kimi, "Əldə Musa kimi Firona qənim bir əl ağacım var" deyən Şəhriyar kimi!

Hörmətli Azər bəy!

Bu yaxın günlərdə çox istedadlı gənc şairimiz Fərid Hüseynin hazırladığı "Özü vəzir, sözü şah" adlı kitabı çapdan çıxacaq. M.P.Vaqifə həsr olunmuş şeirlər, rəsm əsərləri və böyük şair haqqında dastan işıq üzü görəcək.

Orda qazaxlı şairlərin də şeirləri yer alıb. O şeirlərin bir çoxu Qarabağ işğalda olan dövrdə AYB rəhbərliyinin dəstəyi ilə AYB Qazax bölməsinin Qazaxda keçirdiyi "Vaqif Poeziya Günləri"ndə səslənmişdir.

Həmin şeirləri Vaqif Poeziya bayramının keçirildiyi  günlərdə "Ədəbiyyat qəzeti"ndə də cap etməyinizi xahiş edirəm.

Hörmətlə, Barat Vüsal,

AYB Qazax bölməsinin sədri,

Əməkdar incəsənət xadimi

 

 

 

Barat Vüsal

Şairin yubileyi

 

Bir cavan təzədən gəlib ərsəyə,

Əcayib oğlandır, adı Məhəmməd.

                            M.P.Vaqif

 

Bu mənzuməni Məhəmməd bəy Cavanşirin öz əliylə yazdığı bir bayazdan götürdüm.

                         Salman Mümtaz

 

Molla Pənah Məhəmməd bəyin əlində giriftar və məqtul oldu.

             F.B.Köçərli

 

Qapını döyəndə o sual etdi:

- Bura Yazıçılar Birliyidimi?!

Fikrindən keçəni ərzi-hal etdi,

- Qəbul edərsizmi bu hədiyyəmi?!

 

Tutqun baxışımda gəzdi nəzəri,

Açdı hədiyyəni:

- Buyurun, baxın.

Onun yaratdığı sənət əsəri,

Adına layiqdi Molla Pənahın!

Duydum sənətkarın xoş əməlini,

Duydum ki, zəhməti getməyib əbəs.

Sevinclə, heyrətlə sıxdım əlini,

Dedim, adınızı demədiniz bəs?!

 

Tutuldu narahat baxışlarımdan,

Bəlkə, bu sualım

                        yersiz, nahaqdı.

Adım Məhəmməddir! - dediyi zaman,

Başımda elə bil şimşəklər çaxdı.

 

Dindi xatirələr qan tökə-tökə,

Güldü Məhəmməd bəy

                        Cavanşir bu dəm,

Güldü o qəddar,

                        Güldü o ki var!

Elə bil Vaqifi oğluyla birgə,

Gətirib indicə boğazladılar.

 

Qəribə görüşdü, möcüzəydi bu,

Düşündüm fikirdən fikirə dalıb.

"Bəlkə, Məhəmməd bəy Cavanşir budu,

Bəlkə, tutduğundan peşiman olub?!".

 

Gördüyüm o qanlı zaman deyildi,

Titrəyib yerindən kədər qopmuşdu.

Nə yaxşı əldəki al-qan deyildi,

Sənətkar əlinə rənglər hopmuşdu.

 

Məhkəmə günüydü bir cinayətin,

Hakimlik edirdi eşqim, sənətim.

Dedim ki, nə yaxşı o Məhəmmədin,

Yoluyla getməyib bu Məhəmmədim!

 

Doğrayıb kökümü... kökümə bir bax,

Bir pöhrə boy verib, yara yerindən.

Dedim ki, tarixin hökmünə bir bax,

Dedim ki, bu hökmə əhsən, min əhsən.

 

Baba Məhəmmədin kobud səhvini,

Bir nəvə Məhəmməd

                        alıb eyninə.

Düzəldib Vaqifin barelyefini,

Gəlmişdi Vaqifin yubileyinə.

 

İki yüz il əvvəl o nə dərd idi?

Tüpürüb namərdə, budu, mərd gəlib.

Vaqifi öldürən Məhəmməd idi,

Vaqifi dirildib... Məhəmməd gəlib!

 

 

Ələddin İncəli

Qazaxda

 

Qazaxda Vaqiflə Vidadinin

qoşa heykəlini seyr edərkən

 

Qarabağ elinə köçəndə Vaqif

Vidadilə vidalaşdı Qazaxda.

Xanlığa baş vəzir keçəndə Vaqif,

Sevincindən aşıb-daşdı Qazax da.

 

Daş Göyəzən ağ dumana büründü,

Duman qalxıb arxasınca süründü,

"Könüldən-könülə yollar göründü",

Dönüb bir az Şuşalaşdı Qazax da.

 

Dostlar bir-birini andıqca andı,

Dostlar bir-birinə yandıqca yandı,

Molla Vəli namaz üçün oyandı,

Əllərini göyə açdı Qazaxda.

 

Vaqifin arzusu qaldı gözündə...

Qətlə yetiriləndə "Cıdır düzü"ndə,

Buludlar çaxnaşdı göyün üzündə,

Ağladı yüz qələmqaşdı Qazaxda.

 

...Heykəltəraş dostum hey əlləşərək,

"Görüşdürəm" - dedi dostları gərək,

İki söz ustadı heykəlləşərək,

Ən nəhayət, qoşalaşdı Qazaxda.

 

 

Qara Qafqazlı

 

Vaqifə hədiyyəm

 

Bir aslan qayada tutmuş yasını,

Bir qız Qarabağda şivən qoparmış.

Bir sona geyinmiş qəm libasını,

Bir durna Qazaxa xəbər aparmış.

 

Deyirlər, Kür üstə palıd ağacı

Çatıb qaşlarını xəyala dalmış.

Balıq da sularda duymuş bir acı,

Anadil budaqdan asılı qalmış.

 

O gecə hind qızı, Çin gözəli də

Dərdini dünyanın dərdinə qatmış.

Qatmış yuxusunu Molla Vəli də,

Günəş də səhəri erkən oyatmış.

 

Deyirlər, Mehracda yaşlı bir sənəm,

Səsi tutulunca səni ağlamış.

Deyirlər, Şıxlıda Tükəzban nənəm

O gündən çarğatı qara bağlamış.

 

Demiş: - Vaqif hara, of, ölüm hara?!

Sonra boylanaraq tozlu yollara,

Bir bayatı çəkmiş:

"Bu yollar tozdu yollar,

Kefimi pozdu yollar.

Üstündən şair ötdü,

Yüz yerə yozdu yollar".

Bir çiçək ömrünə "nə vaxtsız" dedi,

Bir maral imrəndi, "günahsız" dedi,

Bir qərib adına "pənahsız" dedi,

O Eldar qaçaqmı yadına düşdü?

 

Gəzdin durnaların şana telində,

Sandın ki, gecədir Bağdad elində.

Qandal ayağında, buxov əlində

Günahsız dustaqmı yadına düşdü?

Gözün gözəllərin qara gözündə,

Min məna oxundu ərşin üzündə.

Ölüm ayağında, Cıdır düzündə

Kür üstə Qazaxmı yadına düşdü?

 

***

Vaqif, sən ey böyük şairlər şahı,

Hissdə, düşüncədə şeirin Allahı!

Bir əsər qalmamış sultandan, xandan,

Bu gün dəyişmişdir köhnə kəndimiz.

Zaman qisasını aldı zamandan,

Azadə dövrandır, ömr edirik biz.

Neon lampaları gəzir kəndləri,

Bəzəyib sarmaşıq aynabəndləri.

Baxıb Vidadi də sevinir indi,

Keçmişlər bizlərə bu gün dan gəlir.

Bax, belə dəyişib Salahlı kəndi,

Səninsə sorağın dünyadan gəlir.

 

Var olsun dünyanı dəyişdirən əl,

Var olsun Vaqiflər yetirən ana!

Sən də bu dövranın pişvazına gəl,

Eşq olsun anamız Azərbaycana!

 

 

HƏVƏSKAR

Gələcəm

 

M.P.Vaqifə

 

Vaqif, sən ustadsan, pirsən, ocaqsan,

İnamım var, ibadətə gələcəm.

Açılsa üzümə bağlı qapılar,

Məzarını ziyarətə gələcəm.

 

Yığmaq üçün kösövünü, közünü,

Qalamağa ocağının özünü,

Görməyə Şuşanı, Cıdır düzünü,

Dostlarımla səyahətə gələcəm.

 

Bu torpağın yarası var, dərdi var,

Qonşunun namərdi, dostun mərdi var.

Tarixdirmi, zamandırmı günahkar -

Dur, hakim ol, şikayətə gələcəm.

 

Hələ sən verəndir başımdakı tac,

Şagirdəm, ustada qalmışam möhtac,

Çəkirəm söz üçün yaman ehtiyac,

Var təmannam, bir minnətə gələcəm.

 

Gileylidir Kəlbəcərin dağları,

Doyunca Laçını bir gəzəm, barı,

Taleyim aparsa mən Həvəskarı,

Məclisinə ziyafətə gələcəm!

 

 

Eyvaz QƏLƏMÇƏLLİ

Vaqifi gördüm

 

M.P.Vaqifin anadan olmasının 250 illik yubileyinə

 

Qoynuna girəndə doğma Qazaxın,

Laləzar bağında Vaqifi gördüm.

Vətənin mərd oğlu şair Vurğunun,

Könül otağında Vaqifi gördüm.

 

Aldı qanadına xəyalım məni,

Çəkildi göylərin dumanı, çəni.

Gəzəndə günəşli böyük ölkəni,

Ən uca dağında Vaqifi gördüm.

 

Xınalı əlləri incə belində,

Durub tamaşaya qız da, gəlin də,

Vidadi yanında, qələm əlində,

Kürün qırağında Vaqifi gördüm.

 

Qəlbimdə sevinci hər vaxtın, anın,

Seyrinə çıxanda elin-obanın,

Mal-qara bəsləyən neçə çobanın,

Neyli dodağında Vaqifi gördüm.

 

Hər yanı dolandım gəldim Şuşaya,

Şairdən söz açdı hər dilsiz qaya.

Keçərkən yanından bir xallı maya,

Ayna qabağında Vaqifi gördüm.

 

Daş üstə əyləşdim, düşündüm dərin,

Bu nazlı afətə dedim - Afərin!

Bu zaman qarşımdan gələn dilbərin,

Saçının tağında Vaqifi gördüm.

 

İncilər yaratdı o, söz bağında,

Başı bəla çəkdi qocalığında,

Hər dağın, yaylağın ucalığında,

Büllur bulağında Vaqifi gördüm.

 

Qələmçəlli deyər: - O, dağa bənzər,

Hər sözü-söhbəti qızıl, inci, zər,

Mən Odlar yurduna saldıqca nəzər,

Solumda, sağımda Vaqifi gördüm.

 

 

Cavanşir SƏMƏDOĞLU

Düşdüm

 

Xalqımın ey böyük dahi şairi,

Nə üçün o müdhiş illərə düşdün?

Sözlərin dillərə düşəndən bəri

Sevilib özün də dillərə düşdün.

 

Görməsəm də səni, oxumuşam mən,

İlhamlar almışam hər sözlərindən.

Tərif eylədiyin o gözəllərdən

Ayrılıb çox qərib ellərə düşdün.

 

 

Bilal QOCA

Məndəki Vaqif

 

Qalsın ulduzdakı, gündəki Vaqif

Özündə gəz, kimdi səndəki Vaqif,

Getsin küçədəki, tindəki Vaqif,

Mənadı, görkəmdi məndəki Vaqif.

 

O mənimlə birgə gəzir aləmi,

Çökdürür gözümə sevinci, qəmi.

Onu tamamladı Vurğun qələmi,

Hayıf, bir az kəmdi məndəki Vaqif.

 

Gün kimi çıxmağı öyrədir mənə,

Çay kimi axmağı öyrədir mənə,

Gözələ baxmağı öyrədir mənə,

A qardaş, aləmdi məndəki Vaqif.

 

Lələk qələmiylə hey yazır, yazır,

Sevinci, qəmiylə hey yazır, yazır.

Şair aləmiylə hey yazır, yazır,

Hər mənada cəmdi məndəki Vaqif.

 

Bir gül solmağına baxıb ağlayır,

"Doğru halət..." üçün sinə dağlayır.

Şahın zəncirindən tutub saxlayır,

Hökmümdü, qüvvəmdi məndəki Vaqif.

 

Oynaq qoşmaları bir müəmma, sirr,

Torpağa sığışmır, göylə əlləşir.

Kinlə, cəhalətlə yaman üzləşir,

Gedəsi Məkkəmdi məndəki Vaqif.

 

Hər sözdə nə qədər işlədibdi fənd,

Yığılıb Bilalın könlünə bənd-bənd.

Birinə şəhərdi, birinə bir kənd.

Yaralı ölkəmdi məndəki Vaqif.

 

 

Qurban MUSAYEV

Vaqifsayağı

 

Bir bölük yaşılbaş sonalar kimi

Yığılıb gəlibdir Qazaxa qızlar.

            M.P.Vaqif

 

Günəşin istisi sizi yandırar,

Durun, gəlin gedək otağa, qızlar!

Görün siz gözəlsiz, yoxsa bu güllər?

Bahar gətirmişəm bu bağa, qızlar!

 

Bu bağın ətrindən hər bir kəs duyur,

Əgər inanmırsan, ala bax, buyur!

Sorun, bülbül niyə titrək oxuyur?

Qəribdi, qonubdu budağa, qızlar!

 

Yayılıb düzlərə mal, quzu, qoyun,

Güllərin başına gətirir oyun.

İnsafla, mürvətlə bir qiymət qoyun,

Bu gözəl fəsilə, bu çağa, qızlar!

 

Mən istərəm sizlə müdam gül dərəm,

Hörmət, ehtiramla yara göndərəm.

Zənn edin Əslini axtarır Kərəm,

Mərhəmət eyləyin qonağa, qızlar!

 

Unuda bilməyir könül vətəni,

Bir ala gözlünün zərif bədəni,

Göründü gözümə, gətirdi məni -

Ayrılıq salıbdı uzağa, qızlar!

 

Qurban gül dərir ki, yarı iyləyə,

Bəlkə, dar günündə yetə diləyə.

Doğrusu, həm sizi, onu görməyə

Üz tutub gəlmişəm, Qazaxa, qızlar!

 

 

İsa CAVADOĞLU

Durnalar

 

Bəsrəni, Bağdadı viran etdilər,

Siz də mi düşdünüz qəmə, durnalar?!

Qərib-qərib üz tutursuz şimala,

Pənah aparırsız kimə, durnalar?!

 

Nə yaman pəjmürdə olub dəstəniz?!

Şirin oxumağa yox həvəsiniz...

Hərdən qırıq-qırıq həzin səsiniz

Qəm notu gətirir simə, durnalar!

 

Bir vaxt vəsf eylədi Vaqif, Vidadi,

Zakir də dərdini sizlərə dedi.

Yaxşı ki, bu günü onlar görmədi,

Gəzirsiz sərgərdan, səmə, durnalar!

 

Göydən alov yağır, yerdən ot bitir,

Şəhərlər dağılır, tarixlər itir,

Nə Tanrı, nə imam köməyə yetir,

Sizə pənah olsun səma, durnalar!

 

Yenə qan-qan deyir hərbin maşını,

Müsəlman minbərə əyib başını.

İmdada çağırır Teyr quşunu,

Görünmür bir işıq-ləmə, durnalar!

 

Enməyin, dolanın kürreyi-ərzə,

İsanın ruhu da qoşulsun sizə,

Bəşər cavab versin iniltimizə,

Bais kimdir bu sitəmə, durnalar?!

 

 

Afət TELMANQIZI

Babalarım

 

Doyub bu dünyanın dərdi-sərindən,

Heykələ döndülər günün birində,

Qazaxın gəzməli, gur bir yerində,

Vaqif babam ilə Vidadi babam.

 

Nurlu üzlərindən məğrurluq yağır,

Yol çəkən gözlərin hayana baxır?

Şair dünyamızda şimşəktək çaxır,

Vaqif babam ilə Vidadi babam.

 

Yoxsa durnaları haraylayırlar,

Ya ötən günləri varaqlayırlar?

Dostluq ülfətimi, de, bağlayırlar

Vaqif babam ilə Vidadi babam?

 

Hər ikisi ustad, ölməz sənətkar,

Sənət aləmində öz yerləri var.

Çoxdan ürəyimdə tutublar qərar,

Vaqif babam ilə Vidadi babam.

 

Möhkəm dost idilər, oldular quda,

Alın yazısıdır, taledir bu da,

İnanmıram xalqım sizi unuda,

Vaqif babam ilə Vidadi babam.

 

Dahilər yetirir Qazax torpağı,

Afət, ziyarət et, sən bu növrağı,

Gülər üzlə salamlayır qonağı,

Vaqif babam ilə Vidadi babam.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!