Heyran Həsənova 1974-cü il, 6 dekabrda anadan olub. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. Şeir yaradıcılığı ilə uzun müddət məşğul olmasına baxmayaraq çox az çap olunub.
Lirika dəftərindən
Hər gün oxuyuram bu sualı mən
Sənin yorğun düşmüş o gözlərindən:
"Nə qədər sevirsən məni görəsən?"
Bu səssiz, bəzəksiz, bu lal sevgini,
Bəzəksiz-düzəksiz sual sevgini
Gündə neçə kərə dərd eləyirsən?
Bil ki, sevən dil yox, yalnız ürəkdir,
Sənin bir baxışın mənə yetirsə,
Suallar-cavablar nəyə gərəkdir?!
O lal baxışlarda çiçək bitirsə
Cavab çin yuxutək doğru, gerçəkdir.
Qoy sevim gizlicə, qoy sevim dilsiz,
Sev sən də cavabtək səssiz-səmirsiz...
***
Əgər bir gün əlimə qələm alsam,
Doxsanlara qayıtsam, səndən yazacam.
Şaqraq gülüşündən, ağıllı baxışından,
Gecəni yarı edən maraqlı söhbətindən,
Bəlkə də heç olmayan,
uydurduğun sevgilindən.
Gecənin qaranlığına qarışan
qara saçlarından,
Bir də oğrun və heyran baxışlarından...
Bəlkə heç yazmasam,
Qatlasam dəftəri,
Unutsam.
Bir daha açmasam
Və ya yenidən yazsam,
"Əziz dost!" - deyə xitab etsəm,
O uzaq səksənlərə getsəm.
***
Yuxulara yalvardım ki, noolar səni mənə versin,
Gecələrə yalvardım ki, noolar səhər tez gəlməsin.
Mən illərə çox yalvardım, bir olduğum o anlara,
Yalvardım ki, zamanlara geri dönsün, qanadlansın.
Mən küləyə çox yalvardım, söylədim ki, əsmə külək -
Çiçəklərdə ətri qalıb...
Mən yağışa çox yalvardım, yağma yağış
Çəmənlərdə izi qalıb...
Ayrılığa çox yalvardım, dönəcəkdir - ürəyimdə sözü qalıb,
Yalvardım ki, səni məndən ayırmasın...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!