Zülfiyyə Yaqubun şeirləri - İnqilab İsaqın təqdimatında

 

Yeni nəfəs, yeni poetik pıçıltılar...

 

Zülfiyyə Yaqubun şeirlərini oxuduqca zaman və məkan bir-birinə qovuşa-qovuşa hərəkətə keçir. Bu duyğuların cazibəsində keçmiş bu gündür... Nağıl kimi göy üzü yaxındır adama... Bu yaxınlığın dualarından sanki cənnət ətri gəlir. Dizlərini qucaqlayıb sirrini sözünə bağışlayan bəndənin şeiridi Zülfiyyənin nağılları... Və buna görə də sevdadolu qəlbin atəşindən qopan misraları heyranlıqla oxumamaq olmur...

 

Sən qaranlıqda atəş...

Don vurmuş əllərimdən

                        ocaq əsirgəmirsən.

Sən həm sənsən,

                        Həm də mən.

Bizi bizdən savayı

Kimdi duyan bir dənəm?

 

Qeyri-adiliklər duyğusu ilə müşayiət olunan onun tale pıçıltılarında kədər qarışıq sevinc, sevinc qarışıq kədər ot üstündəki parlaq şehə bənzəyir... Zülfiyyənin poetik ruhu təptəzədir, yenidir, diqqəti çəkəndir...

Bu istedadlı şairin şeirlərini "Ədəbiyyat qəzeti"nə ünvanlamağı özümə borc bildim. İnanıram ki, həmişə yeni imzalara, yeni nəfəsə himayədarlıq edən sevimli qəzetimizin oxucuları üçün bu təqdimat uğurlu olacaqdır.

 

İnqilab İsaq

ncə

 

 

 

Sərçələr də köçüb

 

Günəşin üzünə baxıb gülümsədiyim

bir yer vardı,

Buludlara baxıb ağladığım,

Qum üstündə oynadığım,

o yer də darıxır görən?

Darıxırmı eyvanında boz sərçələr?

Biz olanda səhər-səhər,

Atam öz çörək payını

bölüb onlara verərdi.

Anam da baxıb deyərdi:

"Özünü ac qoyma belə,

çörək tapılmayan vaxtı".

O gün qonşumuzu gördüm,

Deyir sərçələr də köçüb,

elin biz olmayan vaxtı.

 

Unudan adam

 

Özgələşdim hər kəsimlə,

Torpağıma, daşa yadam.

İnsan-insan yol dolaşıb,

İzini unudar adam.

 

Unudarmış sirlərini,

Aylarını, illərini.

Qucaqlayıb dizlərini,

Üzünü unudar adam.

 

Dualar cənnətdən ətir,

Qoxusu ovcumdan itir,

Kəlmə-kəlmə, sətir-sətir,

Sözünü unudar adam.

 

Ömrün yalanı, düzü nə?

Kimsə görünməz gözünə,

Doğmalaşıb göy üzünə,

Özünü unudar adam.

 

Bir bənd şeir bəndəsiyəm

 

Gecəni dönüb dolaşıb,

Söz çəkir azan vaxtına.

Yarpaq-yarpaq ömür düşür,

Qələmin yazan vaxtına.

 

Kəpənək qanadlarında,

Qırx nərgizəm, qırx bənövşə.

Qırx gizli qapıdan keçib,

Tələsmişəm bu görüşə.

 

Deyirlər ulduzu da var,

Mənə bənzər, öz yaşıdım.

Göylər çiçək açan gündən,

Sirrimi əl-əl daşıdım.

 

Yağış, qar, dolu şəklində,

Bulud ovcumda gizlənir.

Toxumu qəlbimdə olan,

Cismimdə ruhum cücərir.

 

Nə gizlinəm, nə aşikar,

Layla səsi, şur səsiyəm.

Tanrının söz kitabında

Bir bənd şeir bəndəsiyəm.

 

Qağayı nəğməsi

 

Səma aydınlıqdır, çaylar bulanlıq,

Suların dibinə çökən qaranlıq,

yatıb yuxusunu sübh oyanacaq.

Orda çox uzaqda,

lap uzaqlarda.

 

Dan yeri əyninə günəş geyinər,

sonra libasını yağış isladar.

Buludlar dənizə səpələndikcə

göylərin tamını balıqlar dadar.

 

"Səma aydınlıqdır, dəniz bulanlıq"

deyir bu nəğməni bəxtsiz qağayı.

Sahibsiz qayıqlar,

sınıq qayıqlar,

Baxıb gülümsəyir günəş sayağı.

 

Tanrı dünyaya belə baxardı

 

Orda səndən sonra işıqlar vardı,

Baxışlarının ardınca axan.

Gecənin süzgəcindən keçib,

Bir ümid kimi ələnmişdi şəhərə.

Axşamdan bir az keçib,

Hələ bir gecəlik yol var səhərə.

Saatı ümid vaxtına qurub,

Həsrət vaxtı oyanmışdın, deyəsən.

Ey sən, sən, hə sən,

Bəlkə özün də bilmirsən,

Orda səndən sonra işıqlar vardı,

Kainat büsbütün şeir olsaydı

Tanrı da dünyaya belə baxardı.

 

Nadinc şeirlər

 

Dağınıq otaq kimidir şeir də.

Hər küncündə bir misra söz dolaşıb.

Kəlmələr əlimdən səpilən yerdə,        

Kağız da, qələm də küsüb, dalaşıb.

 

İnsan sözünə də dost ola bilmir,

Doğmalıq hissini çarmıxa çəkib.

Hakim sual edir, müttəhim dinmir,

Səssizlik, ürəyə şübhələr əkib.

 

Bu nəyin davası, nəyin dərdidir?

Soruşan da mənəm, dinləyən də mən.

Ruhum göydədirsə burdakı nədir?

Nə gələ bilirəm, nə də gedirəm.

 

İlahi, bu nadinc şeirlərimi,

Düşdüyü qaranlıq otaqdan çıxar.

Bu kağız qəlbimi, qələm əlimi,

Dağınıq sözlərin kölgəsi yıxar.

 

Ruhumun dərviş tərəfi

 

Yeraltı dünya kimidir,

Göyün görünməz tərəfi.

Düyün-düyün açılacaq,

Çözüldükcə söz kələfi.

 

Dahilərin divanında,

Yatar min-min sirli aləm.

Oyatmağa gücüm yetməz,

Haqdan yetişməsə vədəm.

 

Cahanın gücü insan,

Dəfn olunan xəzinədir.

Ölməmiş dirilə bilsəm,

Anlayardım sirrim nədir.

 

Hanı çomaq, yırtıq obam?

Hanı daş-kəsəkli yollar?

Ruhumun dərviş tərəfi,

Gəl al, məni, məndən qopar.

 

Sən göy deyilsən, görməyim,

Yer altındasan, bilməyim:

Özümdəsən, sözümdəsən,

Açmadığım gözümdəsən.

Hələ çox çəkər gəlməyim?

 

Gəl

 

Günəşin aləmə çıraq,

Külək sərinlik nəfəsin.

Gün üzünü gecə gizlər,

Dünya qədər dar qəfəsin.

 

Kim bilir, bəlkə sənin də,

Səsində ney nəfəsi var.

Üflə, küləyin mən olum,

Ocağımdı əsim diyar-diyar.

 

Hər sözdə, hər kəlmədə sən,

Hər kəsdən bir zərrə barsan.

Könül verdim, söz dinlədim,

Bilmirəm, kimdə taparsan.

 

İnsan-insan dolaşaram,

Ruhum əldən getmədən gəl.

Sındır ürək qəfəsimi,

Eşqə zindan etmədən gəl.

 

Bir damcı yaş

 

Bu bir damcı yaşa bax sən,

Yerə düşür, yerdə itmir.

Əkib torpağa verirsən,

Gəlib yenə gözdə bitir.

 

Bəlkə ölüb-dirilirəm,

Şahidimdi göz yaşım da.

Amma ölüm tariximi,

Xatırlamır yaddaşım da.

 

Verin mənə başdaşımı,

Üstünə göz yaşı çəkim.

Bu dünyanın qəm yaşını

Öldürüb, qəbrimə töküm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!